Məhkəmə qərarları › İş №2(062)-39/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-39/2024

12.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-39/2024 12.02.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək ona məxsus «X10 Təsərrüfatı»na B 000725 saylı «Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair» dövlət aktı üzrə daimi istifadəyə verilmiş 65 hektar torpaq sahəsindən cavabdehlərin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gədəbəy rayon X7 Reyasət Heyətinin xx.xx.1995-ci il tarixli qərarı ilə «X10 Təsərrüfatına» B 000725 saylı «Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair» dövlət aktı əsasında 65 hektar torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi əkin üçün nəzərdə tutulmuşdur. Cavabdehlər həmin torpaq sahəsinin təxminən 30-35 hektar hissəsini qeyri-qanuni olaraq əkin üçün istifadə etmişlər. Bununla da cavabdehlər ona maddi ziyan vurmuşlar. Dəfələrlə cavabdehlərdən torpaq sahəsindən çıxarılmasını tələb etsə də, bu nəticəsiz qalmışdır. Nəticə etibarı ilə onun mülkiyyət hüquqları pozulmuşdur. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, mübahisəli torpaq sahəsi onun mərhum atasına icarə müqaviləsi əsasında Tovuz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 152 nömrəli sərəncamı üzrə verilmişdir. İcarə müqaviləsi 15 il müddətinə bağlanmışdır. İcarə müqaviləsinin müddəti bitdiyindən və o, atasının vərəsəsi olduğu üçün Tovuz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli sərəncamı əsasında mübahisəli torpaq sahəsi yenidən icarə üzrə ona verilmişdir. Nəticədə rayon İcra Hakimiyyəti ilə onun arasında həmin tarixli icarə müqaviləsi bağlanılmışdır. Doğrudur ki, icarə müqaviləsi doqquz ay müddətinə bağlanılmış və hazırda müddəti bitmişdir. Lakin yenə də müvafiq icra hakimiyyəti orqanına müraciət edərək təkrar icarə müqaviləsinin bağlanılmasını xahiş etmiş və hazırda sənədləri yoxlama mərhələsindədir. Bundan başqa mərhum atasının sağlığında qanuni qüvvəsini almış məhkəmə qərarları əsasında mübahisəli torpaq sahəsinin onlara məxsus olması təsdiqin tapmışdır. Onlar heç kimin mülkiyyətində olan torpaq sahəsini zəbt etməmişlər. İstifadə etdikləri və əkin işləri gördükləri torpaq sahəsi daimi olaraq onların faktik sahibliyində olan və qanuni əsaslarla müvafiq icra hakimiyyəti orqanı tərəfindən onların icarəsinə verilmiş yerdir. Hesab edir ki, iddia tələbi əsassızdır. Odur ki, iddianın rədd olunmasl barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbi ilə bağlı digər cavabdehin izahatına uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, iddiaçıya məxsus torpaq sahəsi naturada mövcud deyildir. Məhz bu əsasa görə daşınmaz əmlakın dövlət reyestri xidmətinin mütəxəssisi rəy verə bilməmişdir. Həmin torpaq sahəsi iddiaçıya kötüyü olmayan sənədlər üzrə verilmişdir. Lakin həmin dövlət aktının ləğvi barədə indiyə qədər hər hansı iddia qaldırmamışlar. Hesab edir ki, kötüyü olmayan sənədlərlə verilmiş dövlət aktı iddiaçının mülkiyyəti kimi çıxış edə bilməz və bu halda iddiaçının mülkiyyət hüquqlarının pozulmasından söhbət gedə bilməz. O və digər cavabdeh iddiaçının iddia etdiyi torpaq sahəsində taxıl əkmişlər. Torpaq sahəsi uzun illərdir ki, onların sahiblik və istifadəsindədir. Belə ki, icarə müqaviləsi əsasında həmin torpaq sahəsini almışlar. İcarə müqaviləsinin müddəti bitsə də, hazırda mübahisəli torpaq sahəsinə dair təkrar icarə müqaviləsinin bağlanılması üçün digər cavabdehin sənədləri rayon icra hakimiyyətinə təqdim edilmişdir. Yaxın müddətdə icarə müqaviləsi bağlanılacaqdır. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına lazımi qaydada baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Eyni zamanda məhkəməyə teleqram göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair» B 000725 saylı Dövlət Aktından görünür ki, «X10 Təsərrüfatı»na Gədəbəy rayon XDS-nin Reyasət Heyətinin xx.xx.1995-ci il tarixli, 74 saylı qərarı ilə 65 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi İddiaçı adına rəsmiləşdirilmişdir. Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2-1 (104)-105 saylı qərarından görünür ki, üçüncü şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ləğv edilmiş və iddiaçı “X6” MMC-nin cavabdeh Tovuz rayon İcra Hakimiyyətinə qarşı Cəmiyyətin istifadəsində olan Ceyrançöl qış otlaq ərazisindən 65 ha torpaq sahəsinin ayrılması barədə sərəncam verilməsinin və həmin torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə barədə iddiasının rədd olunması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2-1(102)-891 saylı qərarından görünür ki, iddiaçı “X6” MMC-nin kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2015-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən məhkəmə qərardadına cavab olaraq xx.xx.2024-cü il tarixdə verilmiş mütəxəssis rəyindən görünür ki, «Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair» B 000725 saylı Dövlət Aktında qeyd olunan 65 ha torpaq sahəsinin koordinatları Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin arxivindən təqdim edilmiş arxiv məlumatlarına, xəritə materiallarına və görüntü materiallarına istinadən müəyyən edilmişdir. Mübahisələndirilən (cavabdehlərin istifadəsi kimi təqdim edilən) ərazinin koordinatları tərəflərin iştirakı ilə GPS ölçmə aləti vasitəsi ilə ölçülmüşdür. Cavabdehlərin istifadəsi kimi təqdim edilən 9,37 ha torpaq sahəsinin 3,82 ha hissəsi «X10 Təsərrüfatına» ayrılmış 65 ha torpaq sahəsinin koordinatları daxilində yerləşir. Tovuz rayon İcra Hakimiyyəti Başçısının verdiyi xx.xx.2007-ci il tarixli, 152 nömrəli sərəncamdan görünür ki, X2 ərizəsinin nəzərə alınması və Ceyrançöl qış otlağının 22 h nömrəli sahəsindən 515 hektar, 38 h nömrəli sahəsindən 50 hektar, 39 h nömrəli sahəsindən 21 hektar olmaqla cəmi 586 hektar torpaq sahəsinin ona icarəyə verilməsi qərara alınmışdır. İcarəyəverən Tovuz rayon İcra Hakimiyyəti Başçısı ilə icarəçi X5 arasında bağlanmış xx.xx.2007-ci il tarixli icarə müqaviləsindən görünür ki, sərəncama müvafiq olaraq Ceyrançöl qış otlaq sahələrindən 586 hektar torpaq sahəsi hər il 422 manat icarə haqqı ödənilməsi şərti ilə 15 il müddətinə icarəçinin istifadəsinə verilmişdir. Tovuz rayon İcra Hakimiyyəti Başçısının verdiyi xx.xx.2022-ci il tarixli, 17 nömrəli sərəncamdan görünür ki, Cavabdeh2 ərizəsinin nəzərə alınması və Ceyrançöl qış otlağının 22 h nömrəli sahəsindən 515 hektar, 38 h nömrəli sahəsindən 50 hektar, 39 h nömrəli sahəsindən 21 hektar olmaqla cəmi 586 hektar torpaq sahəsinin ona icarəyə verilməsi qərara alınmışdır. İcarəyəverən Tovuz rayon İcra Hakimiyyəti Başçısı ilə icarəçi Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, sərəncama müvafiq olaraq Ceyrançöl qış otlaq sahələrindən 586 hektar torpaq sahəsi hər il 586 manat icarə haqqı ödənilməsi şərti ilə 09 ay müddətinə icarəçinin istifadəsinə verilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarında dair proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətin müdafiəsi üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin, habelə mülkiyyət ilə əlaqədar digər hüquq normaları üzrə həll olunmalıdır. Konstitusiyanın 13-cü maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Mülkiyyət hüququndan bəhs edən Konstitusiyanın 29-cu maddəsini İ və İİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri). Mülki Məcəllənin 152.5-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki iş materialları ilə müəyyən edilmişdir ki, Gədəbəy rayon X7 Rəyasət Heyətinin xx.xx.1995-ci il tarixli qərarı ilə Gədəbəy rayon X1 X3 xx.xx.1995-ci il tarixli, 1 nömrəli yığıncağının qərarı, Gədəbəy rayon torpaq şöbəsinin xx.xx.1995-ci il tarixli 212 saylı rəyi və həmin təsərrüfatın üzvü İddiaçı ərizəsi nəzərə alınaraq «X10 Təsərrüfatı»nın yaradılması, həmin təsərrüfata Ceyrançöl qış otlaq sahəsindən suvarılan əkin sahəsi 52 ha, örüş sahəsi 10 ha, yararsız 3 ha torpaq sahəsi olmaqla 65 ha torpaq sahəsinin ayrılması və torpaqdan istifadəyə dair Dövlət Aktı alındıqdan sonra torpaq sahəsindən istifadə edilməsi qərara alınmışdır. Hazırda «Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair» B 000725 saylı Dövlət Aktı üzrə «X10 Təsərrüfatına» Gədəbəy rayon XDS-nin Reyasət Heyətinin xx.xx.1995-ci il tarixli, 74 saylı qərarı ilə ayrılmış 65 hektar torpaq sahəsi İddiaçı adına rəsmiləşdirilmişdir. Həmçinin iş üzrə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli qərarı ilə qış otlaq sahələri Tovuz rayon İcra Hakimiyyətinin tabeliyinə keçmiş və Tovuz rayon İcra Hakimiyyəti Başçısının verdiyi xx.xx.2007-ci il tarixli, 152 saylı sərəncam ilə mərhum X2 ərizəsinin nəzərə alınması və Ceyrançöl qış otlağının 22 h nömrəli sahəsindən 515 hektar, 38 h nömrəli sahəsindən 50 hektar, 39 h nömrəli sahəsindən 21 hektar olmaqla cəmi 586 hektar torpaq sahəsinin ona icarəyə verilməsi qərara alınmışdır. Həmin torpaq sahəsi üzrə onlar arasında hər il 422 manat icarə haqqı ödənilməsi şərti ilə 15 il müddətinə icarə müqaviləsi bağlanılmışdır. İcarə müqaviləsinin müddəti başa çatdıqdan sonra sonuncunun oğlu hazırki iş üzrə Cavabdeh2 ərizəsi nəzərə alınmaqla Tovuz rayon İcra Hakimiyyəti Başçısının verdiyi xx.xx.2022-ci il tarixli, 17 nömrəli sərəncama əsasən həmin torpaq sahəsinin ona icarəyə verilməsi qərara alınmış və onlar arasında xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağlanılmışdır. Müqaviləyə görə Ceyrançöl qış otlaq sahələrindən 586 hektar torpaq sahəsi hər il 586 manat icarə haqqı ödənilməsi şərti ilə 09 ay müddətinə Cavabdeh2 istifadəsinə verilmişdir. Həmin müqavilə müddəti də başa çatmış və daha yeni müqavilə bağlanılmamışdır. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Mülki Məcəllənin 139-1.1.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Məhkəmə diqqətə çatdırır ki, iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi kimi Mülki Məcəllənin 152-ci maddəsinə əsasən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə cavabdehlərin torpaqdan çıxarılmasını tələb etmək ixtiyarı vardır. Onun iddiası hüquqdan sui-istifadə ilə əlaqədar deyildir. Mülki iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün məhkəmə tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssisi işə baxılmasına cəlb edilmiş və alınan mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, «Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair» B 000725 saylı Dövlət Aktında qeyd olunan 65 ha torpaq sahəsinin koordinatları Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin arxivindən təqdim edilmiş arxiv məlumatlarına, xəritə materiallarına və görüntü materiallarına istinadən müəyyən edilmişdir. Mübahisələndirilən (cavabdehlərin istifadəsi kimi təqdim edilən) ərazinin koordinatları tərəflərin iştirakı ilə GPS ölçmə aləti vasitəsi ilə ölçülmüşdür. Cavabdehlərin istifadəsi kimi təqdim edilən 9,37 hektar torpaq sahəsinin 3,82 hektar hissəsi «X10 Təsərrüfatına» ayrılmış 65 ha torpaq sahəsinin koordinatları daxilində yerləşir. Mülki Prosessual Məcəllənin 60-cı maddəsində qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş hallarda məhkəmə qətnamə çıxaranadək onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi, fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məqsədi ilə iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünüidarə orqanlarını prosesdə iştirak etməyə cəlb edə bilər. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Məhkəmə hesab edir ki, rəy əsaslıdır. Çünki mütəxəssis rəyi dəqiq və müfəssəl tərtib edilmiş, iddiaçının və cavabdehlərin iştirakı ilə mübahisəli torpaq sahəsinə naturada baxış keçirilmiş və koordinatları müəyyən edilərək çöl geodeziya ölçmə işləri aparılmış, çöl ölçmə işlərinin nəticəsi kameral şəraitdə ortofoto, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına və baza məlumatlarına əsasən mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun araşdırılmışdır. Bundan başqa mütəxəssis tərəfindən Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin arxivindən təqdim edilmiş mübahisəli torpaq sahəsinin arxiv məlumatları əldə edilərək rəy onun əsasında verilmişdir. Həmçinin məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinə cavabdehlərin hüquqlarının olub-olmaması da məhkəmə tərəfindən araşdırılmışdır. Müəyyən edilmişdir ki, cavabdehlərin mübahisəli torpaq sahəsinə hər hansı hüquqmüəyyənedici sənədləri yoxdur. Cavabdehlər yalnız icarə müqaviləsi təqdim etmişdir ki, hazırda da, həmin icarə müqaviləsi qüvvədən düşmüşdür. Torpaq münasibətlərinin obyekti torpaq sahəsi və onun üzərində hüquqlardan ibarətdir. Torpaq Məcəlləsinin 4-cü maddəsinə görə, torpaq sahəsi dedikdə, dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsi başa düşülür. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərindəisə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Bundan başqa cavabdehlər tərəfindən təqdim olunan qanuni qüvvəsini almış məhkəmə qərarlarına istinadən onların etirazları araşdırılmışdır. Araşdırma üzrə aşkar edilmişdir ki, həmin qərarlarda hazırda iddiaçının istinad etdiyi və onun adına rəsmiləşdirilən «Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair» B 000725 saylı Dövlət Aktı ləğv edilməmişdir. Nə qədər ki, həmin Dövlət Aktı qüvvədədir cavabdeh tərəfin dövlət aktının saxta sənədlər əsasında verilməsi barədə dəlilləri qəbuledilən deyildir. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərin torpaq sahəsindən istifadə etməsi hər hansı qanuni əsasa söykənmir. Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə 13 iyun 1979-cu il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, məhkəmə sadalanan hüquq normaları əsasında işin halları müqayisəli təhlil edib belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər iddiaçının mülkiyyətində olan torpaq sahəsinin zəbt etdiyi hissəsindən çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 «Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair» B 000725 saylı Dövlət Aktında qeyd olunan 65 ha torpaq sahəsinin zəbt etdikləri 3,82 ha hissəsindən çıxarılsın. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar