Məhkəmə qərarları › İş №2(062)-4221/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-4221/2025

19.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-4221/2025 19.01.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məsimov Fərid Eldar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Tovuz regional “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsi) “doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 1939-cu ildə Tovuz rayonu Aşağı Ayıblı kəndində doğulmağı barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 1939-cu ildə Tovuz rayonu Aşağı Ayıblı kəndində anadan olmuşdur. 12 oktyabr 1965-ci ildə X5 ilə evlənib ailə qurmuş, onunla birgə nikahlarından uşaqları anadan olmuşdur, onlar da yetkinlik yaşına çatmışlar. Son zamanlara qədər o özünün doğum haqqında şəhadətnaməmin olmadığını bilmirdi. Ərinin vəfatından sonra ondan miras qalmış əmlakın adına sənədləşməsi üçün notariat orqanına və daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət etmişdir. Müraciət etdikdə onun doğum haqqında şəhadətnaməsinin olmadığını müəyyən etmişdir. Sonuncu dəfə bununla bağlı qeydiyyat şöbəsinə müraciət etdikdə ümumilikdə sistem üzərindən araşdırma aparılmış və onun doğum haqqında qeydiyyatının olmadığı bildirilmişdir. O, rəsmi qaydada Tovuz rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, doğum haqqında şəhadətnaməsi olmadığı üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bu səbəbdən də, məcbur olub ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi tələbini müdafiə edərək, doğum akt qeydinin bərpa edilməsini və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Tovuz regional “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, barəsində doğum haqqında məlumatın müəyyən edilməsi məqsədilə "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları Tovuz rayon qeydiyyat şöbəsi üzrə 1949-1957-ci illər, Tovuz rayon Əyyublu kənd icra nümayəndəliyi üzrə 1948-1951-ci illər üzrə, Tovuz rayon qeydiyyat şöbəsi üzrə bərpa akt qeydləri üzrə 1950-1968-ci illər üzrə yoxlanılmışdır. Tovuz rayon qeydiyyat şöbəsi üzrə 1935-1948-ci iller ilkin, 1936-1949-cu illər üzrə bərpa akt qeydləri saxlanılmır. İş materiallarında olan Tovuz regional “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Tovuz regional "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə Tovuz rayon Əyyublu kəndində yaşayan Ərizəçi xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək Tovuz rayonunun Əyyublu kəndində 1939cu ildə doğulduğunu bildirmişdir. Vətəndaş Tovuz regional "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsindən özü barəsində doğum haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Məlumat üçün bildiririk ki, "Vətəndaşlıq vəziyyəti Aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, Ərizəçi doğumu barəsində Tovuz rayonu üzrə heç bir məlumat aşkar olunmamışdır. Ərizəçi vətəndaş Ərizəçi doğum akt qeydinin bərpa edilməsini xahiş etmiş, müvafiq sənədləri təqdim etmədiyindən Ərizəçi doğumunun bərpa edilməsi Tovuz regional "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində mümkün olmamışdır. Bu səbəbdən Ərizəçi doğum akt qeydinin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyə olunur. İş materiallarında olan Tovuz regional “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X5 xx.xx.1988-ci ildə ölmüşdür. İş materiallarında olan xx.xx.1963-cü il tarixli, 473773 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X2 arasında xx.xx.1965-ci ildə nikah bağlanmışdır. Belə ki, ərizəçinin izahatı və işin materialları ilə Ərizəçi xx.xx.1939-cu ildə Tovuz rayonu Aşağı Ayıblı kəndində doğulması, atasının X3, anasının X1 olması tam sübuta yetirilir. Mülki işin materiallarından da görünür ki, Ərizəçi doğum haqqında şəhadətnamənin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğum akt qeydinin bərpası üçün lazım olan sənədlər təqdim olunmadığına görə onun doğum akt qeydinin bərpasından imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi doğumunun qeydi faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi Ərizəçi doğum akt qeydinin bərpa etməkdən və yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki Ərizəçi doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi öz adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə Ərizəçi atası X3, anası X1 olmaqla xx.xx.1939-cu ildə Tovuz rayonu Aşağı Ayıblı kəndində doğumunun vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi faktı müəyyən edilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, verilmiş ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi atası X3, anası X1 olmaqla xx.xx.1939-cu ildə Tovuz rayonu Aşağı Ayıblı kəndində doğumunun vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar