Məhkəmə qərarları › İş №2(062)-429/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-429/2025

10.02.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-429/2025 10.02.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı «mənzilə köçürülmə və qanunsuz müdaxiləyə son qoyulma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1 və X1 azyaşlı uşaqları xx.xx.2011-ci il təvəllüdlü Günel və xx.xx.2021-cü il təvəllüdlü Tunar adlı uşaları ilə birlikdə hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlər reyestrindən ********** qeydiyyat nömrəli, **********5310301 reyestr nömrəli çıxarışla mərhum X6 adına qeydə alınmış ünvan 1 ünvanında yerləşən 0,0726 ha həyatyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumı sahəsi 106,7 kv.metr olan fərdi yaşayış evinə köçürülməyinə o cümlədən cavabdehın onlara olan qanunsuz müdaxilələrinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onlar 2010-cu ildə rəsmi nikaha daxil olmaqla evlənmişlər, birgə nikahlarından 10 aprel 2011-ci il tarixdə Günel və xx.xx.2014-cü tarixdə Tunar adlı uşaqları anadan olmuşdur. O, yəni İddiaçı1 hazırki mübahisəli evə gəlin köçmüşdür. Ötən ilin noyabr ayına kimi yaşamışdır, ötən ilin noyabr ayında cavabdehlərlə aralarında mübahisə yaranmış və onları evdən qovmuşlar. Onlara məxsus olan əşyarı da hazırda həmin evdədir. Mübahisə olunan evin mülkiyyətçisi Mikayıl Hüseynov 14 iyun 2014-cü il tarixdə, onun arvadı Həqiqət Hüseynova isə 13 fevral 2021-ci il tarixdə vəfat etmişdir. Mikayıl Hüseynovun vəfatından sonra ondan miras qalmış hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlər reyestrindən ********** qeydiyyat nömrəli, **********5310301 reyestr nömrəli çıxarışna əsasən dövlət qeydiyyatına alınmış ünvan 1 ünvanında yerləşən 0,0726 ha həyatyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 106,7 kv. metr olan fərdi yaşayış evi hələ mərhumların sağlığında belə həmin evdə müvafiq yüngül təmir işləri aparmış miras əmlak kimi isə mərhumdan sonra ev 1964-cü ilin tikilisi olduğu üçün əsaslı təmir etdirmiş və o, İddiaçı2 tərəfindən qəbul edilmişdir. Həmin evi o lazımı qaydada qorumuş, abadlaşdırmış və saxlanılmışdır. Bununla bağlı həmin torpaq sahəsinin və fərdi yaşayış evinin bələdiyyə vergisini əmlak vergisini də o, İddiaçı2 ödəmişdir. Bundan əlavə hər bir cavabdeh həmin miras mülkdən 20 ildən çoxdur ki daimi yaşamaq üçün başqa yerə getmiş buna görə də, oradan faktiki olaraq daimi çıxmış hər biri ailə qurmuş özlərinin ayrı təsərüfatı və evi olmuş və cavabdehlər hər biri öz ailəsi və təsərüfatları üçün çalışmışdırlar. Hər bir cavabdehin müvafiq nigahı mövcuddur. Mirasın qəbulu ilə bağlı Tovuz Rayon Məhkəməsində iddia qaldırılmış və məhkəmənin qətnaməsi ilə mübahisə olunan miras əmlakdan o və İddiaçı2 ikidə bir hissədə payı müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək gəlinin köçürülməsinə razı olmadığını, lakin qardaşının köçürülməsinə razı olduğunu bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə iddiaçılar məhkəmə iclasına çağırılmış, lakin iddiaçılar məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdeh tərəfi dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2010-cu il tarixli çıxarışının surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında tam payla X7 məxsusdur. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 671028 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2014-cü ildə ölmüşdür. İş materiallarında olan Tovuz regional “Asan xidmət” mərkəzinin notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 4641 nömrəli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə Tovuz regional ASAN xidmət mərkəzinin notariat ofisinə mərhum atanız X4 miras qalmış əmlaka dair Sizə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün müraciətinizə baxılmışdır. Sənədlərlə tanışlıq zamanı məlum olmuşdur ki, vərəsələr arasında mübahisə vardır. Bu səbəbdən də, Sizin müraciətinizi rəsmiləşdirmək mümkün deyildir. Odur ki, yuxarıda qeyd edilən səbəbin araşdırılması üçün məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. İş materiallarında olan Tovuz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)- 2754/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarış əsasında mərhum X7 məxsus ünvan 3 ünvanında yerləşən 0,0726 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 106,7 kv.m olan fərdi yaşayış evindən ibarət miras əmlakdan İddiaçı2 və Cavabdeh payları hər birinə münasibətdə ½ hissədə müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 valideyinləri İddiaçı2 ilə İddiaçı1dır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 215.4-ci maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Qeyd olunan müddəaların mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçı Mahaləddin və cavabdeh Barisin paylı mülkiyyətindədir. Mahaləddin mülkiyyətində olan mənzildən öz mülahizəsinə görə sahiblik və istifadə etmək hüququna malikdir, lakin cavabdehin hərəkətləri ona mülkiyyətində olan əmlaka dair qanundan irəli gələn hüquqlarının həyata keçirməsinə mane olur. Bu səbəbdən o hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, İddiaçı2 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Məhkəmə digər iddiaçıya münasibətdə və uşaqların da həmin evə köçürülməsinə dair iddianı əsaslı hesab etmir. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsin ə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Məhkəmə uşaqlara münasibətdə onu qeyd edir ki, işdən göründüyü kimi iddiaçıların uşaqlarının 3 və 14 yaşları vardır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinəəsasən On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrininmüvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Göründüyü kimi həmin uşaqların yaşayış yeri ilə bağlı iddiaçılar arasında mübahisə olmadığından onların yaşayış yeri uşaqların yaşayış yeri hesab edilir və onlar öz uşaqlarını öz yaşadıqları yerə köçürmək hüququna malikdirlər. Odur ki, iddianın bu hissəsi rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan məhkəmə xərcinə daxil olan dövlət rüsumunun əvəzi qismində 100 manat pul cavabdehdən alınaraq İddiaçı2 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı2 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. Cavabdeh ödənilmiş dövlət rüsumun əvəzi qismində 100 (yüz) manat pul tutularaq İddiaçı2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar