Məhkəmə qərarları › İş №2(062)-4491/2025

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-4491/2025

02.02.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-4491/2025 02.02.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məsimov Fərid Eldar oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə qanunsuz müdaxiləyə son qoyulması və həmin torpaq sahəsində inşa olunmuş tikililərin ölçülməsinin qadağan olunması” tələbinə dair mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə qanunsuz müdaxiləyə son qoyulması və həmin torpaq sahəsində inşa olunmuş tikililərin ölçülməsinin qadağan olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz rayonu Qazqulu kəndində yerləşən xüsusi mülkiyyətində olan ümumi sahəsi 0,097 ha torpaq sahəsinə cavabdeh tərəfindən qanunsuz müdaxilələrə son qoyulmasına və həmin torpaq sahəsində inşa etdirdiyi tikililərlə bağlı Cavabdeh tərəfində ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək alqı-satqı müqaviləsinin dəyişdirilərək tikililərin yerləşdiyi torpaq sahəsinə dair müqavilənin bağlanılması öhdəliyinin qoyulması, cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onula əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Tovuz rayonu Qazqulu kəndində yerləşən ümumi sahəsi 0,097 ha torpaq sahəsini Cavabdeh almışdır. Aralarında bağlanmış alqı-satqı müqaviləsi Tovuz Regional ASAN xidmət mərkəzinin notariat ofisində təsdiq olunmuşdur. Həmin müqaviləni o və Cavabdeh şəxsən imzalamışdır. Müqavilə həmin tarixdən qüvvədədir. Alqı-satqı müqaviləsi bağlandığı andan torpaq sahəsi üzərində onun sahiblik və istifadə hüquqları yaranmışdır. Torpaq sahəsinin alqı-satqı müqviləsi xx.xx.2022-ci il tarixdə təsdiq olunmuşdur. Alqı-satqı müqaviləsindən sonra mübahisə olunan torpaq sahəsi DƏDRX-nin 15 saylı Tovuz Ərazi idarəsində daşınmaz əmlakın dövlət reystrində onun xx.xx.2022-ci il tarixdə qeydə alınmış və həmin torpağa dair reyestr nömrəsi **********45 saylı çıxarış verilmişdir. xx.xx.2022-ci il tarixdən də onun mübahisə olunan torpaq sahəsi üzərində sərəncam hüquqları yaranmışdır. Bundan başqa həmin torpaq sahəsinin plan və ölçüsü hazırlanmışdır. Cavabdehdən torpaq sahəsini aldıqdan sonra öz şəxsi hesabına həmin torpaq sahəsi üzərində tikililər inşa edilmişdir. Tikililər adına tərtib olunmuş torpaq sahəsinin cizgiləri daxilindədir. Həmin tikililər adına qeydə alınma məqsədi ilə müvafiq icra hakimiyyətlərinə müraciət etdikdə məlum olmuşdur ki, cavabdeh həmin torpaq sahəsi və üzərində tikilmiş tikililərin onun adına rəsmiləşdirməsi üçün adiyyəti orqana müraciət etmişdir. Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsinə qanunsuz müdaxilələr etməklə onun mülkiyyət hüquqlarını pozmuşdur. Həmin tikililər isə onun gözlənilən mülkiyyətidir. İddiaçı izahatında göstərdi ki, o və cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Tikililər də sahibkarlıq məqsədi ilə inşa edilmişdir. Aralarında yaranmış mübahisə sahibkarlıq fəaliyyətindən irəli gəlir. İddiaçının nümayəndəsi (vəkil) Vəkil məhkəmə iclasında iştirak edərək iddia ərizəsinə uyğun izahat vermiş, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, “Elektron məhkəmə” informasiya sisteminin tərəflərə aid vergi məlumatlarından görünür ki, cavabdehlərin hər ikisi sahibkarlıq fəaliyyətinin subyektləridir. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarına əsasən, MPM-in 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir (bənd 11).Bu baxımdan, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (bənd 12). Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. İşdən göründüyü kimi tərəflərin hər ikisi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir.İddia ərizəsindən də göründüyü kimi onlar arasında yaranmış hüquq münasibəti sahibkarlıq münasibətindən irəli gəlmiş və sahibkarlıq fəaliyyətinin birgə həyata keçirildiyi zaman yarana bilən əşya-hüquqi münasibətlərdən irəli gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsin əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə inzibati və kommersiya məhkəmələrinin təşkil edilməsi qərara alınmışdır. 01 yanvar 2020-ci il tarixdən həmin Sərəncamın 2.3-cü maddəsinə əsasən Gəncə şəhərində Gəncə Kommersiya Məhkəməsi yaradılmışdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli 10 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. MPM-in 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 403-1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 403-1.2-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Həmin Məcəllənin 403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1–407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263, 264, 403.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə qanunsuz müdaxiləyə son qoyulması və həmin torpaq sahəsində inşa olunmuş tikililərin ölçülməsinin qadağan olunması” tələbinə dair iddiası üzrə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən şikayət verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar