Məhkəmə qərarları › İş №2(062)-452/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-452/2024

09.02.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-452/2024 09.02.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair mülki işə 09 fevral 2024-cü il tarixdə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq ona məxsus Tovuz rayonu Cəlilli kəndində yerləşən xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən cavabdehin və uşaqlarının çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək göstərdi ki, Tovuz rayonu Cəlilli kəndində yerləşən fərdi yaşayış evi onun və mərhum anası X1 adına dövlət reyestrində qeydiyyata alınmışdır. X4 2010-cu ildə Cavabdeh ilə qeyri-rəsmi qaydada evlənib ailə qurmuşdur. Onların 2 nəfər uşaqları anadan olmuşdur. Qardaşı ilə cavabdeh aralarında olan narazılığa görə ayrılmışlar. Cavabdeh ayrıldıqdan sonra başqa bir evdə yaşayır. Cavabdeh evə köçürülmə tələbinə dair iddia qaldırsa da, iddiası təmin edilməmişdir. Lakin cavabdeh yenə də uşaqları ilə birlikdə ona məxsus fərdi yaşayış evinə köçmüş, əşyalarını yerləşdirmişdir. Cavabdehə dəfələrlə evdən çıxması barədə xəbərdarlıq etsə də cavabdeh çıxmamışdır. Cavabdehin mənzildə qalması onun evdən istifadə hüquqlarını məhdudlaşdırır. Odur ki, Tovuz rayonu Cəlilli kəndində yerləşən mülkiyyətində olan fərdi yaşayış evindən cavabdehin və uşaqlarının çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul edərək göstərdi ki, Sabir Məstanov ilə 2010-cu ildə qeyri-rəsmi qaydada evlənib ailə qurmuşdur, evlənən gündən İddiaçı mülkiyyətində olan Tovuz rayonu Cəlilli kəndində yerləşən fərdi yaşayış evinə köçmüş, onlarla ümumi təsərrüfatı birgə idarə etmişlər. Əri ilə olan narazılığa görə ayrılmışlar. Hazırda uşaqları ilə birlikdə başqa bir evdə yaşayır. Bir sözlə, Cəlilli kəndində olan evdə yaşamır. Ona görə də iddianın təmin olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara əsasən təmin edilməlidir. İşə əlavə olunmuş reyestr nömrəsi **********37-10301 olan çıxarışın surətindən görünür ki, Tovuz rayonu Cəlilli kəndində yerləşən fərdi yaşayış evi 19 avqust 2014-cü il tarixdə İddiaçı və X1 adına qeydiyyata alınmışdır. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Tovuz rayonu Cəlilli kəndində yerləşən mübahisə olunan fərdi yaşayış evi 19 avqust 2014-cü il tarixdə İddiaçı və mərhum X1 adına qeydiyyata alınmışdır. Həmin mənzilin mülkiyyətçisi İddiaçıdır. Tərəflərin izahatarı ilə müəyyən olunur ki, iddiaçının X4 2010-cu ildə Cavabdeh ilə evlənib ailə qurmuşdur. Nikahlarını qeyd etdirməmişlər. Evlənən vaxt cavabdeh mübahisə olunan evə gəlin köçmüşdür. Aralarında olan narazılığa görə Cavabdeh ilə Sabir Məstanov faktiki olaraq ayrılmışlar. Hazırda cavabdeh başqa bir evdə yaşayır. İddiaçı isə cavabdehin uşaqları ilə birlikdə evdən çıxarılmasını tələb edir. Azərbaycan Respublikası MM-nin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Göründüyü kimi mübahisə olunan fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçı və Cavabdeh arasında yaşayış sahəsindən istifadə hüququ barədə notarial qaydada müqavilə bağlanmamış və belə bir müqavilə dövlət reyestrində qeydiyyata alınmamışdır. Cavabdehin həmin mənzildən istifadə hüququ olmadığından mülkiyyətçinin evində qalması iddiaçının istifadə hüquqlarını pozmuş olur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Yenə Konstitusiyanın 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının tərəfdar çıxdığı «insan hüquqları və azadlıqlarının müdafiəsi haqqında » Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etməsi hüququna malikdir, heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn prensipi ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sənədlərin məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməli mübahisə olunan İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh Sahil və Seyhun adlı uşaqları ilə birlikdə çıxarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin olunsun. Tovuz rayonu Cəlilli kəndində yerləşən İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh Sahil və Seyhun adlı uşaqları ilə birlikdə çıxarılsın. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar