Məhkəmə qərarları › İş №2(062)-527/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-527/2024

11.03.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-527/2024 11.03.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı məhkəmədə iddia qaldıraraq, Tovuz rayon Çatax kəndində yerləşən Cavabdeh yaşadığı fərdi evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. İddiaçı qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 1990-cı ildə rəsmi qaydada evlənib ailə qurmuş, onunla evlənən gündən Tovuz rayonu Çatax kəndində yerləşən cavabdehin nənəsinə məxsus evə köçmüşdür.Onunla birgə niлahlarından 4 uşaqları olmuşdur. Birgə yaşadıqları dövrdə gəlin köçdüyü evin yerində yeni yaşayış binası inşa etdirmişlər.Köhnə bina faktiki olaraq sökülmüşdür.Onun yerində inşa etdirdikləri fərdi yaşayış binasını birgə nikah dövründə əldə etmişlər və həmin bina iki mərtəbəli olmaqla beş otaqdan ibarətdir. O və uşaqları 20 ildən artıqdır ki,fasiləsiz olaraq orda yaşamışlar. Həmin evi birgə nikah dövründə əldə etmişlər.Hətta həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi həm onun, həm də uşaqlarının ümumi mülkiyyətində olmaqla cavabdehin adınadır.Həyətyanı torpaq sahəsi torpaq islahatı zamanı onlara verilmişdir. Cavabdeh ilə aralarında yaranan narazılığa görə cavabdeh onu evdən çıxarmışdır və o 3 aydan artıqdır ki, müvəqqəti olaraq qardaşının evində yaşayır. Onun başqa yaşayış evi yoxdur. O, 2000-ci ildən mübahisəli evə köçürüldüyündən və həmin evin yerində birgə nikah dövründə fərdi yaşayış evi tikdirdiyindən həmin evdə onun istifadə hüququ var.Maddi hüquq münasibətləri 2000-ci ildən qabaq yarandığından onunla cavabdeh arasında hüquq münasibətləri həmin vaxt qüvvədə olan Mənzil məcəlləsi ilə müəyyən olunmalıdır. Onunla Cavabdeh barışmaqları qeyri mümkündür və onlar aralarında mənzil mübahisəsini qarışılıqlı həll edə bilmədiklərinə görə məhkəmə qaydasında həll olunmalıdır. Mübahisə olunan fərdi yaşayış binası dövlət reyestrində qeydiyyata alınmayıb və kənd icra nümayəndəliyində təsərrüfat başına kitabda ümumi sahəsi 60kv.m kimi göstərilmişdir. Ona görə də, cavabdeh Tovuz rayon Çatax kəndində yerləşən Cavabdeh yaşadığı fərdi evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı onun keçmiş arvadı olub. Aralarında olan nikah 2018-ci ildə pozulub. Ayrılan zaman o iddiaçıya evdən könüllü çıxıb getməsinin əvəzində 4 (dörd) baş inək, 3 (üç) baş buzov, 200 (iki yüz) baş cücə, 35 kq qurut, 50 (ǝlli) toyuq, 1 ədəd elektrik nəhrəsi, 3 ton iri və toxumluq qarışıq kartof vermişdir. İddiaçı 02 sentyabr 2023-cü il tarixdə 2 dəst döşək, 2 dəst yorğan, 2 ədəd balınc və qadın geyimləri, 12 nəfərlik qab naboru, 3 metr pərdə, 3 ədəd xörək qazanı vermişdir. 02 sentyabr 2023-cü il tarixdə əşyaları götürən zaman Tovuz RİHB-nın Çatax kənd İƏD üzrə nümayəndəsinin müavini X2 da işitirak etdi və həmin tarixli akt tərtib olundu və aktda İddiaçı həm əvvəl, həm də sonuncu dəfə verdiyi əmlaklar qeyd edilmişdir.Ona görə də iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Lakin məhkəməyə ərizə göndərərək göstərdi ki, məhkəmə iclasına üzürlü səbəbdən iştirak edə bilmir. Ona görə də mülki işə onun iştirakı olmadan baxıb təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə cavabdehin izahatını dinləyib iş materilallarını araşdıraraq belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Tovuz rayon Çatax kənd icra nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 2021-2025-ci illərə dair 13 N-li təsərrüfatbaşına kitabın 14-cü səhifəsində onun ailə tərkibi: əri Cavabdeh, uşaqları X4, X3, X7, X5 və nəvələri X8 və X6r. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestri xidmətinin 15 saylı Tovuz ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı adına Tovuz rayonu Çatax kəndində ümumibirgə mülkiyyətində JN:329 nömrəli torpaq sahəsi vardır. İş materiallarında olan arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh 15 avqust 1992-ci il tarixdə 26 nömrəli akt qeydi ilə nikahlarını rəsmiləşdirmişlər. xx.xx.2018-ci il tarixdə 235 nömrəli akt qeydi ilə nikahları pozulmuşdur. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri evə köçürülmə ilə bağlı yaranmış mübahisədir və aşağıdakı hüquq normaları əsasında təhlil olunmalıdır. Başlanğıc olaraq qeyd edilməlidir ki, mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının və ya yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iddiaçının mübahisəli yaşayış sahəsinə 1990-cı ilədə köçdüyünü nəzərə alaraq hesab edir ki, bu halda iddia tələbi 08 iyul 1982-ci il tarixli Qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına əsasən həll olunmalıdır. Mübahisəli mənzilin hüquqi statusu ilə bağlı aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının gəlin köçdüyü və cavabdehin iddiaçını yaşamağa imkan vermədiyi mübahisəli fərdi yaşayış evi rəsmi dövlət qeydiyyatından keçməmişdir və mülkiyyətdə deyildir. Bu halda iddia tələbi 08 iyul 1982-ci il tarixli Qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına əsasən həll olunmalıdır. Çünki Azərbaycan Respublikası MPM-in 13.4-cü maddəsində deyilir ki, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsində göstərilirdi ki, yaşayış evinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Məcəllənin 53-cü maddəsində göstərilir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirdər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə bu qənaətə gəlir ki, iddiaçı mübahisəli evdən fasiləsiz istifadə etmiş, rəsmi nikahdan olan uşaqları həmin evdə doğulmuş, ümumi təsərrüfat aparmışdır. Bununla da iddiaçının həmin evdən istifadə hüququ yaranmışdır. Bu hüququn yaranması cavabdeh tərəfindən də inkar edilmir.Sadəcə cavabdeh onu bildirir ki, iddiaçıya iri və xırda buynuzlu heyvanlar və digər əşyalar verməklə onun istifadə hüququ da itirlmişdir. Mülki Məcəllənin 1133.1-ci maddəsində qeyd olunmuşdur ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar (Mülki Məcəllənin 1159.1.1 və 1159.1.2-ci maddələri). Mülki Məcəllənin 1243.2-ci maddəsində qeyd olunmuşdur ki, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mirasa mülkiyyətin yaranmasından əmələ gəlməsindən bəhs edən Mülki Məcəllənin 1255-ci maddəsində qeyd olunmuşdur ki, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə sadalanan normaları sistemli şəkildə təhlil edib, iş materialları baxımından hüquqi qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçı həm mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin ailə üzvü hesab edildiyindən cavabdehin qanunsuz müdaxiləsinə son qoyulmalı və onun evə köçürülməsi təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı X1 miras qalmış torpaq sahəsində inşa edilmiş Cavabdeh yaşadığı Tovuz rayonu, Çatax kəndində yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Bundan başqa iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı X1 miras qalmış torpaq sahəsində inşa edilmiş Cavabdeh yaşadığı Tovuz rayonu, Çatax kəndində yerləşən fərdi yaşayış evinə köçürülsün. Ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar