Məhkəmə qərarları › İş №2(062)-568/2025

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-568/2025

14.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-568/2025 14.01.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Mən Tovuz Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və qanunsuz müdaxiləyə son qoyulmasına dair iddia ərizəsini nəzərdən keçirərək, müəyyən etdim: Ərizəni nəzərdən keçirərkən müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. İddia ərizəsində cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsinin zəbt edilməsi göstərilsə də, iddiaçı bunu təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Mprosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Qeyd edilən Məcəllənin 9.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Göründüyü kimi iddia ərizəsinə ona görə tələbin əsaslılığını təsdiq edən sübut əlavə edilməlidir ki, iddia ərizəsi və ona əlavə edilmiş sübutlar cavabdehə göndərildikdə digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hesab edirəm ki, bu növ sübutların məhkəmədən kənar qaydada əldə edilməsi yolları vardır. Belə ki, bu növ sübutlar qismində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzində torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının yerdə (naturada) müəyyən edilməsindən ibarət xidmətlərdən istifadə etməklə alınmış rəy və arayışlar çıxış edə bilər.Bunun nəticəsində hüquq sahibi həmin andan hüquqlarının hər hansı şəxslər tərəfindən pozulub-pozulmamasını qəti şəkildə müəyyənləşdirmiş olur. MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd edilən Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Hüquq sahibi ərizəsinə daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının (o cümlədən vərəsəlik nəticəsində əldə edilmiş hüquqların) dövlət qeydiyyatına alınması barədə hüquqmüəyyənedici sənəd, daşınmaz əmlaka dair texniki sənədlər və şəxsiyyət vəsiqəsi əlavə edib yuxarıda adı çəkilən quruma müraciət etməklə həmin sübutları əldə etmək imkanına malikdir. İddiaçı isə həmin sübutları və yaxud həmin sübutların əldə edilməsinin mümkünsüzlüyü barədə ərizəsinə hər hansı sübut əlavə etmədən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 151.1, 152, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, QƏRARA ALDİM: Ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən **********1 nömrəli qəbzlə ödənilmiş dövlət rüsumu ona qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə ümumi qaydada Tovuz rayon Məhkəməsinə müraciət edə bilər. Qərardaddan, rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar