Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-624/2023 28.03.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-nə və digərlərinə qarşı «əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər "xxxx" ASC-nə və digərlərinə qarşı «əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək X5 qəbul etdiyi xx.xx.2022-ci il tarixli, K/22- 0599 saylı əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanmaqla ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixli qərardad ilə məhkəmənin icraatına qəbul edilmiş və xx.xx.2023-cü il tarixə məhkəmə hazırlıq iclasına təyin edilmişdir. Həmin tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iclasında iddiaçının şifahi vəsatəti üzrə iddia predmeti olan mübahisələndirilən əmrin və əmrin qəbul edilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi üçün sorğu verilmişdir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 172.1.1-ci maddəsinə uyğun olaraq sorğunun tez bir zaman kəsiyində əldə edilməsi üçün cavabının məhkəməyə təqdim olunması sorğunu təqdim edən şəxs olaraq iddiaçıya həvalə edilmişdir. Həmin tarixli məhkəmənin qərardadı ilə mülki iş xx.xx.2023-cü il tarixə məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə baxışı iclasında İddiaçı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq əldə olunmuş sənədlər təqdim edilmişdir. Həmin sənədlərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, mübahisələndirilən xx.xx.2022-ci il tarixli, K/22-0599 saylı əmr cavabdehlərdən "xxxx" ASC-nin rəhbəri Vüqar Əhmədov tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin dəlillərini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiyada təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olduğuna təminat verilir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Viktor Ozerovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 aprel 2011-ci il tarixli Qərarı). Məhkəməyə müraciət etmək hüququ bu mənada xüsusi önəm daşıyır. Belə ki, sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir. Bu hüquq hüquqi dövlət prinsipləri baxımından təfsir olunmalı, iş üzrə tərəflərin açıq və aydın məhkəmə müdafiə vasitələrinə çıxışını təmin etməklə onların öz hüquqlarının müdafiəsi üçün effektiv və real imkanlarının olmasını nəzərdə tutur. Məhkəməyə müraciət emək hüququ həmçinin “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinin məzmunundan irəli gəlir. BMT-nin İnsan Hüquqları Komitəsinin həmin maddəyə dair 2007-ci ildə qəbul etdiyi 32 saylı X6 göstərilmişdir ki, məhkəməyə müraciət etmək hüququnun iştirakçı dövlət tərəfindən məhdudlaşdırılması qanunvericiliklə əsaslandırılmazsa, ədalət mühakiməsinin həyata keçirilməsi kimi legitim məqsədləri güdməzsə və ya şəxsin müraciət etmək imkanları bu hüququn mahiyyətinə ciddi xələl yetirəcək həddə məhdudlaşdırılarsa, 14-cü maddənin pozulmasına səbəb olar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də məsələyə dair oxşar mövqelər ifadə etmişdir. Belə ki, X3rşı iş üzrə Qərarda qeyd olunmuşdur ki, məhkəmə araşdırması hüququnun bir aspektini təşkil edən məhkəməyə müraciət etmək hüququ Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan hüququn ayrılmaz elementidir (21 fevral 1975-ci il tarixli Qərar, § 36). Bu hüquq mütləq deyil və ona dair nəzərdə tutulan, xüsusilə də apellyasiya şikayətinin qəbuledilənlik şərtlərinə aid olan məhdudiyyətlər qoyula bilər. (X1rşı iş üzrə 28 may 1985-ci il tarixli Qərar, § 57). Lakin ona dair qoyulan məhdudiyyətlər bu hüququn mahiyyətinə xələl gətirəcək dərəcədə şəxsin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmamalıdır. Onlar legitim məqsəd güdməli və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (X4rşı iş üzrə 21 sentyabr 1994-cü il tarixli Qərar, § 65; Bellet Fransaya qarşı iş üzrə 4 dekabr 1995-ci il tarixli Qərar, § 31). Göründüyü kimi məhkəməyə müraciət etmək hüququ mütləq olmamaqla qanun daxilində müəyyən məhdudiyyətlər çərçivəsində həyata keçirilməlidir. Buraya dövlət rüsumunun ödənilməsi, mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət olunması, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanması, iddia ərizəsi təmsilçi tərəfindən verildiyi halda onun səlahiyyətlərinin lazımi qaydada rəsmiləşdirilməsi, iddia ərzəsinə əlavə edilmiş sənədlərin siyahısı, iddia ərizəsinin ərazi aidiyyəti üzrə düzgün məhkəməyə verilməsi və s. kimi qanunla nəzərdə tutulmuş hallar aiddir. Məhkəmə qeyd edir ki, əks yanaşma yəni məhkəməyə müraciət etmək hüququnun əsassız məhdudlaşdırılması və ya nəzərdə tutulmaması son nəticədə Konstitusiyada müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter daşıdığına dəlalət etmiş olur. Qeyd olunmalıdır ki, hazırki iddia tələbinə Tovuz Rayon Məhkəməsində baxılması ərazi aidiyyəti qaydalarının pozulması ilə nəticələnər. Çünki mübahisələndirilən xx.xx.2022-ci il tarixli, K/22-0599 saylı əmr iddia ərizəsi icraata qəbul olunan zaman iddia ərizəsinə əlavə edilmiş sənədlərin içərisində göstərilməmişdir. Həmçinin həmin əmrin X9 tərəfindən qəbul edilməsi qeyd olunmuşdur. Məhkəmənin hazırlıq iclasında isə iddiaçının vəsatəti üzrə əmrin əldə edilməsi üçün sorğu verilmiş və sorğuya cavab alınması elə iddiaçının özünə həvalə edilmişdir. Hazırda isə təqdim olunmuş xx.xx.2022-ci il tarixli, K/22-0599 saylı əmrdən görünür ki, həmin əmr "xxxx" ASC-nin rəhbəri Vüqar Əhmədov tərəfindən qəbul edilmişdir. Hansı ki, ləğv olunması tələb olunan əmr məhz göstərilən əmrdir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, işin ərazi aidiyyəti bu məhkəməyə aid deyildir. Çünki Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsində qeyd olunmuşdur ki, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. İnternet informasiya ehtiyatlarından əldə olunmuş məlumatlardan bəlli olur ki, "xxxx" ASC-nin ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov 13 ünvanıdır. Ona görə də işin ərazi aidiyyəti hazırki məhkəməyə aid oluna bilməz. Təsadüfi deyildir ki, Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsində qeyd olunmuşdur ki, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mülki iş materialları ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir (Mülki Prosessual Məcəlləsinin 45.3 və 45.3-cü maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 31.1, 44.2.2, 45.2, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçı cavabdehlər "xxxx" ASC-nə və digərlərinə qarşı «əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi» tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-624/2023
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-624/2023
28.03.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver