Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-658/2025 11.03.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil Üzrə X5 Dövlət Sosial-İqtisadi Kollecinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil Üzrə X5 Dövlət Sosial-İqtisadi Kollecinə qarşı «əmrin etibarsız sayılması və işə bərpa» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil Üzrə X5 Dövlət Sosial-İqtisadi Kollecinə qarşı «əmrin etibarsız sayılması və işə bərpa» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2024-cü il tarixli, 110/P1 saylı əmrin etibarsız hesab edilməsi, onun işə bərpa edilməsi, əvvəlki dərs ilinə uyğun dərs yükü ilə təmin edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Müəllimlər İnstitutunun ibtidai təhsilin pedoqogikası və metodikası ixtisası üzrə bakalavr təhsili almışdır. xx.xx.2005-ci il tarixdə Tovuz Dövlət Sosial-İqtisadi Kollecində müəllim kimi əmək fəaliyyətinə başlamış, qanunsuz olaraq işdən çıxarıldığı, yəni xx.xx.2024-cü il tarixədək həmin iş yerində pedoqoji fəaliyyətlə məşğul olmuşdur. Kollecin direktoru Hicran Əyyubova tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli 110/P1 nömrəli əmrə əsasən, onunla olan əmək müqaviləsinə xitam verilmişdir. Əmr bugünə kimi ona təqdim edilməmiş, əmrdən çıxarışda isə qısaca olaraq işdən çıxarılmanın səbəbi kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi göstərilmiş, lakin əmrdən çıxarışda əmrin tərtib edilməsinə əsas kimi həmkarlar ittifaqı komitəsinin xx.xx.2024-cü il tarixli protokolu qeyd olunmuşdur. Ümumiyyətlə kollecdə həmkarlar ittifaqı təşkilatının fəaliyyətinin qanuni olub-olmaması, iclasın hansı qaydada keçirilməsi və iclas protokolunun tərtib edilməsi ayrı bir araşdırma mövzusudur. Belə ki, əmr veriləndən bir gün sonra kollecdə olarkən əmrin surəti tərəfindən tələb edilmiş, lakin sadəcə əmrdən çıxarış verilmişdir. Çıxarışda əmrin tərtib edilməsinə əsas kimi həmkarlar ittifaqının protokolu göstərildiyindən protokolla tanış olmaq istəmiş, lakin, əmrdən bir gün keçməsinə baxmayaraq protokolun hazır olmaması əsası ilə həmin protokolla tanış edilməmişdir. Bununla yanaşı həmkarlar rəy verməli olduğu halda birbaşa iclasda direktorun təqdimatı əsasında onların əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. Belə olan halda sual doğurur ki, hazır olmayan protokol əsas götürülərək necə əmr verilə bilər? Bundan başqa işdən çıxarılma üçün protokol əsas sayıla bilməz. Bununla yanaşı bildirmək istəyir ki, xx.xx.2024-cü il tarixdə kollecdə rəhbərlik dəyişmiş, yeni direktor vəzifəsinin icrasına başladığı tarixdən o da daxil olmaqla bir neçə işçilərlə əmək qanunvericiliyinə zidd olaraq qərəzli münasibət sərgiləmiş, bir neçə işçinin barəsində əmək qanunvericiliyinin tələbini pozmuş və bununla bağlı özünün barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, 20 ilə yaxın müddətdir ki, Tovuz Dövlət Sosial-İqtisadi Kollecində müəllim kimi işləmişdir. İşlədiyi müddət ərzində barəsində hər hansı intizam tənbehi tətbiq edilməmişdir. İşinin öhdəsindən layiqincə gəlmişdir. Lakin ştatların ixtisar edilməsi əsası ilə qanunsuz olaraq işdən azad edilmişdir. Hansı ki, onun tədris etdiyi fənləri hazırda başqa bir müəllim tədris edir. İşdən çıxarılan zaman peşəkarlıq səviyyəsi üzrə müqayisə aparılmamışdır. Hesab edir ki, əmr qanunsuz verilmişdir. Həmçinin onu da qeyd etdi ki, işəgötürən ona qarşı qərəzlidir. Barəsində yalan aktlar tərtib etdirmişdir ki, guya işdə olmamışdır. Bu isə böhtandır. Habelə, işəgötürənin təşəbbüsü ilə ikinci təhsil alır və bu barədə arayışı işəgötürənə təqdim etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil Üzrə X5 Dövlət Sosial-İqtisadi Kollecinin nümayəndəsi X4 iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, ibtidai sinif müəllimliyi ixtisası 2014-cü ilədək mövcud olmuşdur. Həmin tarixdən qeyd olunan ixtisasa tələbə qəbulu dayandırılmış və 2014-cü ildə qəbul edilmiş tələbələr 2016-cı il tarixdə məzun olmuşdur. Daha sonra isə həmin ixtisas üzrə kollecdə dərs yükü olmamışdır. 2024-cü ilin sentyabr ayında müəllimlərin ixtisaslarına uyğun dərs saatları hesablanarkən müəyyən əməkdaşların, həmçinin Aynur Vəliyevanın ixtisasına uyğun dərs saatının olmadığı məlum olmuşdur. Bu səbəbdən ştatların ləğvi ilə bağlı qərar qəbul edilmiş və iddiaçının yaşadığı ünvana rəsmi məktub göndərilmişdir. Xəbərdarlıq müddəti bitdikdən sonra isə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, əmrin tərtibatı zamanı qanun pozuntusuna yol verilməmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Bundan başqa məhkəmə iclasında verilən suallara cavab olaraq cavabdehin nümayəndəsi onu da göstərdi ki, ştatların ləğvi ilə bağlı qərar qəbul edilən zaman həmkarlar komitəsinin razılığının alınıb-alınmasından məlumatı yoxdur. Direktor ona bu barədə rəsmi sənəd təqdim etməmişdir ki, sübut kimi məhkəməyə versin. Ştatların ləğvi ilə Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyi ilə şifahi qaydada razılıq əldə edilmişdir. Eyni zamanda işəgötürən ştatların ləğvi ilə bağlı peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin işdə saxlanılması yönündə təhlil aparılmasına dair bir qayda müəyyən etməmişdir. Təqdim etdiyi Nizamnamədə isə difektorun ştatların ləğvi ilə bağlı səlahiyyətinin olması göstərilmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil Üzrə X5 Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Hicran Əyyubova tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 110/P1 saylı əmrdən görünür ki, İddiaçı ilə olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən xitam verilmişdir. Əsas kimi Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli protokolu götürülmüşdür. Tovuz Dövlət Sosial-X3 İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli 14 nömrəli protokolundan görünür ki, direktorun xx.xx.2024-cü il tarixli, 058 nömrəli təqdimatı müzakirə edilmişdir. Təqdimatda nəzərdə tutulan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən 5 ştatın ixtisar edilməsinə və göstərilən şəxslərlə əmək müqaviləsinə xitam verilməsinə etiraz edilməmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil Üzrə X5 Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Hicran Əyyubova tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 80 nömrəli əmrdən görünür ki, «ibtidai sinif müəllimliyi» ixtisasına 2016-cı ildən tələbə qəbulu dayandırıldığı və həmin ixtisasa uyğun dərs yükü olmadığı üçün xx.xx.2024-cü ildən ibtidai təhsilin pedaqogika və metodika ştatlarının ləğv edilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil Üzrə X5 Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Hicran Əyyubova tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 024 nömrəli məktubdan görünür ki, ona «ibtidai sinif müəllimliyi» ixtisası mövcud olmadığından və onun ixtisası «ibtidai təhsilin pedaqogika və metodikası» olduğundan aralarında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən 9 təqvim həftəsi sonra yəni xx.xx.2024cü il tarixdə xitam veriləcəyi bildirilmişdir. Eyni zamanda şəxsə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin tələbləri izah edilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə proses iştirakçılarnın izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Mülki iş materiallarından görünür ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı verilməsi ilə bağlı yaranan mübahisədir və məhkəmənin qənaətinə görə mübahisə Azərbaycan Respublikası Əmək Məcəlləsinin aşağıda göstərilən müddəaları əsasında təhlil olunmalıdır. Mübahisənin həllindən qabaq məhkəmə göstərir ki, Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə görə, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Əmək hüququnu təsbit edən Konstitusiyanın 35-ci maddəsinin İ-İV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququnun olması, həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin preambulasında nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 2-ci maddəsinin 3-cü hissəsində əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi əmək qanunvericiliyinin vəzifələri və prinsipləri sırasında təsbit edilmişdir. Əmək münasibətləri dedikdə, əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlər başa düşülür (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi). İddianın hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsidir. Həmin maddədə deyilir ki, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Göründüyü kimi, Əmək Məcəlləsinin 300-cü maddəsi, işçinin işə bərpası və ona məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi üçün vacib şərtlər kimi nəzərdə tumuşdur: İşəgötürənin əmək müqaviləsini Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq xitam verməsi; Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verilməsi; Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verilməsi; Məhkəmə diqqətə çatdırır ki, göstərilən normanın hazırki mübahisəyə düzgün tətbiq edilməsi üçün ilk növbədə işçi ilə işəgötürən arasında əmək münasibətlərinə xitam verilməsi əsasları araşdırılmalıdır. Məhkəmə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Müəllimlər İnstitutunun ibtidai təhsilin pedoqogikası və metodikası ixtisası üzrə bakalavr təhsili almışdır. xx.xx.2005-ci il tarixdə Tovuz Dövlət Sosial-İqtisadi Kollecində müəllim kimi əmək fəaliyyətinə başlamışdır. İddiaçı ibtidai sinif müəllimi kimi fəaliyyət göstərmişdir, lakin kollecdə 2014-cü ildən həmin ixtisasa tələbə qəbulu dayandırılmışdır. Tovuz Dövlət Sosial-İqtisadi Kollecində 2024-cü ilin sentyabr ayında müəlimlərin ixtisaslarına uyğun dərs saatları hesablanarkən iddiaçı Aynur Vəliyevanın ixtisasına uyğun dərs saatının olmadığı məlum olmuşdur. Tovuz Dövlət Sosial- İqtisadi Kollecinin direktoru Hicran Əyyubova tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 80 nömrəli əmr əsasında «ibtidai sinif müəllimliyi» ixtisasına 2016-cı il tarixdən tələbə qəbulu dayandırıldığı və həmin ixtisasa uyğun dərs yükü olmadığı üçün xx.xx.2024-cü ildən ibtidai təhsilin pedaqogika və metodika ştatlarının ləğv edilməsi əmr edilmişdir. Məhz bu səbəbdən iddiaçıya direktor Hicran Əyyubova tərəfindən xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu ünvanlanmış, daha sonra isə onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə 110/P1 saylı əmr əsasında xitam verilmişdir. «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.29-cu maddəsinə görə kollec - orta ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşəixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsidir. Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. İşçilərin nümayəndəli orqanı – əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək məqsədi ilə işçilərin könüllü birləşib yaratdıqları nizamnamə və müvafiq qanunvericilik əsasında fəaliyyət göstərən həmkarlar ittifaqları təşkilatları (birlikləri)dir. (Əmək Məcəlləsinin 3-cü maddəsinin 12-ci hissəsi). Məhkəmə göstərir ki, iddiaçı ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinin kökündə Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Hicran Əyyubova tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 80 nömrəli əmr dayanır. Hansı ki, həmin əmr əsasında «ibtidai sinif müəllimliyi» ixtisasına 2016-cı ildən tələbə qəbulu dayandırıldığı və həmin ixtisasa uyğun dərs yükü olmadığı üçün xx.xx.2024-cü ildən ibtidai təhsilin pedaqogika və metodika ştatları ləğv edilmişdir. Məhz bu əmr əsasında işəgötürən Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Hicran Əyyubova qəbul etdiyi xx.xx.2024-cü il tarixli əmr ilə Aynur Vəliyeva ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndi ilə xitam verilmişdir. Əmək Məcəlləsinin 8-1-ci maddəsinə əsasən ştat (ştat vahidi) – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra – elektron informasiya sistemi) yaradılan və yaxud bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda təsdiq edilən cədvəl üzrə vəzifə (peşə) adının və vəzifə (tarif) maaşının əks olunduğu vahiddir. Məhkəmə ştat vahidlərinin ləğv edilməsinin direktor səlahiyyətlərinə aid olubolmaması, habelə, bunun hansı meyarlar əsasında həyata keçirilməsi üzrə müvafiq olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyinə soğru etmiş, lakin, sorğuya cavab gəlməmişdir. Bununla belə məhkəmə tərəfindən cavabdeh orqanın özünə sorğu edilərək Kollecin Nizamnaməsi əldə edilmişdir ki, direktorun səlahiyyətləri müəyyən edilə bilsin. Cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclası zamanı Kollecə məxsus Nizamnamə təqdim edilmişdir və nümayəndəsi bildirmişdir ki, Nizamnamənin 4.14.5-ci bəndi üzrə ştat cədvəli direktor tərəfindən təsdiq edilir. Məhkəmə qeyd edir ki, direktora məxsus səlahiyyətlər Nizamnamənin 4.14.1-4.14.19-cu bəndlərində əksin tapmışdır. Bu səlahiyyətlər içərisində ştatların ixtisar edilməsi qeyd olunmamışdır. Cavabdehin nümayəndəsinin qeyd etdiyi bənd isə ştat vahidlərinin təsdiq edilməsi ilə bağlıdır ki, burada ixtisardan söhbət getmir. Göründüyü kimi direktorun belə bir səlahiyyətinin olması Nizamnamədə əksin tapmamışdır. Digər tərəfdən direktorun belə səlahiyyəti var idisə, ştat vahidlərinin təsdiq edilməsinin Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyi ilə razılaşdırılmalı olduğu kimi, onun ixtisarı da hər bir halda razılaşdırılmalı idi. Bu barədə cavabdehin nümayəndəsi məhkəmə iclasında şifahi razılığın olmasını göstərmişdir. Rəsmi yazılı bir sənəd təqdim etməmişdir. Qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 12-ci maddəsinin b) və c) bəndlərinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək və əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Bundan başqa ştatın ləğv edilməsi ilə bağlı əmr Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Hicran Əyyubova tərəfindən verilmiş, xəbərdarlıq məktubu isə direktor Hicran Əyyubova tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaça Aynur Vəliyevaya ünvanlanmışdır. Lakin ştatların ixtisar edilməsi ilə bağlı məsələ Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli iclasında müzakirə edilmişdir. Halbuki, ştatların ləğvi ilə əlaqədar əmr verilməmişdən əvvəl Həmkarlar İttifaqı Komitəsinə yazılı məlumat verməli idi. İşəgötürən isə əksinə ştatları xx.xx.2024-cü il tarixli əmr ilə ləğv etmiş, bu barədə məsələni isə müzakirəyə iki ay sonra yəni xx.xx.2024-cü il tarixdə Həmkarlar İttifaqı Komitəsinin iclasına çıxarmışdır. Bununla da işçinin hüquqları kobud surətdə pozulmuşdur. İşəgötürən tərəfindən yazılı məlumatın verilməsi barədə isə məhkəməyə sübut təqdim edilməmişdir. Nümayəndə isə bu barədə məlumatının olmadığını və razılığın alınmadığını ifadə etmişdir. Əmək Məcəlləsinin 19-cu maddəsinə görə işçilər arasında heç bir fərq qoyulmadan, işəgötürəndən qabaqcadan icazə alınmadan, sırf könüllülük prinsipləri əsasında həmkarlar ittifaqları təşkilatı yaradıla bilər. İşçilər əmək, sosial, iqtisadi hüquqlarını, qanuni mənafelərini müdafiə etmək üçün müvafiq həmkarlar ittifaqlarına daxil olub həmkarlar ittifaqlarının fəaliyyəti ilə məşğul ola bilərlər. Həmkarlar ittifaqlarının hüquqları, vəzifələri və səlahiyyətləri «Həmkarlar ittifaqları haqqında» Azərbaycan Respublikasının Qanunu və onların nizamnamələri ilə müəyyən edilir. «Həmkarlar ittifaqları haqqında» Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə görə həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məşğulluğa kömək göstərilməsi tədbirlərin həyata keçirilməsində iştirak edirlər. İşəgötürənin təşəbbüsü ilə istehsalın səmərələşdirilməsi, əməyin təşkilinin təkmilləşdirilməsi, müəssisənin ləğv edilməsi, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq işçilərin sərbəstləşdirilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, müvafiq həmkarlar ittifaqı orqanlarına qabaqcadan (azı 3 ay əvvəl) yazılı məlumat verməklə, işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparılmaqla həyata keçirilir. Qeyd olunmalıdır ki, Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli iclasında isə Komitə işçilərin əmək, sosial, iqtisadi hüquqlarının, qanuni mənafelərini müdafiə edilməsi missiyasından kənara çıxaraq işəgötürənin verdiyi təqdimatı əsaslı sayaraq ştatların ixtisar edilməsinə və bu əsasla adları göstərilən işçilər ilə əmək müqaviləsinə xitam verilməsinə etiraz etməmişdir. Lakin Həmkarlar Komitəsi nəzərə alınmamışdır ki, ştatların ixtisarı ilə bağlı etiraz edilməməsinə ehtiyac yoxdur. Çünki direktor əvəzi ştatları özü xx.xx.2024-cü il tarixli əmr ilə ləğv etmiş, formal olaraq isə iki ay sonra Həmkarlar İttifaqı Komitəsinin iclasına müzakirəyə çıxarmışdır. Bütün bunlar onu deməyə əsas verir ki, ştatları ləğvi qanunsuz həyata keçirilmiş, Həmkarlar İttifaqı Komitəsinin iclası formal xarakter daşımışdır. Yəni artıq işçinin hüququnun pozulması ilə həllini tapmış bir məsələnin zahiri görüntü üçün qanuni çərçivəyə salınmasına xidmət edən qanunsuz addımlar atılmışdır. Həmkarlar Komitəsi isə təqdimatın verilməsi üçün zəruri olan sənədləri nəzərdən keçirmədiyinə görə formal olaraq işçinin hüququnu pozan qərar qəbul etmişdir. Nəzərə almaq lazımdır ki, həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır. Həmkarlar ittifaqlarının işəgötürən tərəfindən əmək və həmkarlar ittifaqları haqqında, habelə sosial, iqtisadi məsələlər barədə qanunvericiliyə əməl olunmasını və aşkara .çıxarılmış pozuntuların aradan qaldırılmasını tələb etmək hüququ var. İşəgötürən bu tələblərə baxmağa və nəticələri barədə müəyyən edilmiş müddətdə, lakin bir aydan gec olmayaraq həmkarlar ittifaqına məlumat verməyə borcludur («Həmkarlar ittifaqları haqqında» Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsi). Əmək Məcəlləsinin 68.1-ci maddəsinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin «b» bəndinə görə işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 80.1 və 80.2-ci maddəsinə görə bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 78-ci maddəsinin tələblərinə də riayət edilməmişdir. Həmin normaya görə müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Əmək Məcəlləsinin 78.2-ci maddəsinə görə işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Məhkəmə göstərir ki, işəgötürən olaraq cavabdeh tərəfindən tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin işdə saxlanılması yolunda real addımlar atılmamış, bunun üçün işəgötürən özünün müəyyən etdiyi bir prosedur həyata keçirilməmişdir. Eyni zamanda iddiaçının digər bir işçi ilə peşəkarlıq səviyyəsi bərabər olacağı halında onun üstünlük hüququnun olub-olmaması da araşdırılmamışdır. Cavabdehin nümayəndəsi ilə də məhkəmə iclasında bu hal araşdırılmış və nümayəndə bildirmişdir ki, işəgötürən olaraq təmsil etdiyi qurum bununla bağlı hər hansı müsabiqə və s. təşkil etməmişdir. Göründüyü kimi cavabdeh iddiaçını işçi kimi bu hüquqdan da məhrum etmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş və mübahisələndirilən əmr qanuni əsaslarla verilməmişdir. Nə qədər ki, ştatların ləğv edilməsi ilə bağlı əmrin verilməsi Tovuz Dövlət Sosial-X1 üzrə direktorun səlahiyyətlərində əksin tapmamış, belə bir səlahiyyət olsa belə Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyinin razılığı alınmamış, əvvəlcədən ştatların ixtisar ediləcəyinə dair Həmkarlar Komitəsi İttifaqına yazılı məlumat verilməmiş, bu zaman ştatların ləğvi barədə əmr qanuni sayıla bilməz. Məhz işçinin işdən çıxarılmasına dair əmr isə həmin əmr əsasında verildiyindən işçi ilə əmək müqaviləsinə xitam verilməsi qanunsuz olmuşdur. Yəni işəgötürən tərəfindən işçini işdən çıxaran zaman Əmək Məcəlləsinin 300-cü maddəsinin tələbləri pozulmuşdur. Odur ki, xx.xx.2024-cü il tarixli, 110/P1 saylı əmr ləğv edilməli, iddiaçı Aynur Vəliyeva əvvəlki işinə bərpa edilməli və məcburi işburaxmaya görə əmək haqqı hesablanıb verilməlidir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. İddia tələbinin əvvəlki dərs ilinə uyğun dərs yükü ilə təmin edilməsi hissəsi əsassız olduğu üçün təmin edilməməlidir. Çünki işçinin əvvəlki işə bərpa edilməsi bütün halları özündə ehtiva edir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil Üzrə X5 Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Hicran Əyyubova tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 110/P1 saylı əmr ləğv edilsin. İddiaçı əvvəlki işinə bərpa edilsin və ona məcburi işburaxma müddəti üçün əmək haqqı hesablanıb ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-658/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-658/2025
11.03.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver