Məhkəmə qərarları › İş №2(062)-732/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-732/2023

24.08.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-732/2023 24.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) X2, cavabdehlər Cavabdeh1 Ağababa oğlunun və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Ağababa oğluna və Cavabdeh2 qarşı «yolun açılması» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 Ağababa oğluna və Cavabdeh2 qarşı «yolun açılması» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər tərəfindən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə gediş-gəliş yolunun 3 metr enində açılması və onların mülkiyyətində olan əmlakına gediş-gəliş yoluna göstərdikləri qanunsuz müdaxiləyə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası İbrahim İbrahimovdan ona ünvan 2 ünvanında sahəsi 228.3 kv.m. olan fərdi yaşayış evi və 0,0367 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Həmin əmlak Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 15 saylı Ərazi İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Cavabdehlər qeyd olunan mülkiyyətinə gediş-gəliş yolunu bağlamış və ona öz mülkiyyətinə rahat şəkildə gediş-gəlişinə imkan vermirlər. Anasının yaşı və xəstə olmasına baxmayaraq həyətinə təcili tibbi yardım maşını çağıra bilmir. Həyətinə yanğınsöndürmə maşını girə bilmir. Ümumiyyətlə həyətinə avtomaşın sala bilmir. Cavabdehlər həmin gediş-gəliş yolunu daş hasarla kəsmək üçün həyətə mişar daşları tökdürmüşlər. Evim yoldan təxminən 70 metr aralıdır və mülkiyyəti 4 tərəfdən qonşu ərazilərlə əhatə olunduğundan başqa yerdən gediş-gəlişi mümkün deyildir. Dəfələrlə cavabdehlərdən bu hərəkətlərinə son qoymağı tələb etsə də, onlar həmin əməllərindən çəkinmirlər. Odur ki, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) X3 iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, verilmiş mütəxəssis rəyi ilə razıdır. Orada qeyd olunsa belə, gedişgəliş yolu cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşir, bu hal iddiaçının mülkiyyəti hüquqlarını poza bilməz. Çünki hüquqlarını təmsil etdiyi şəxsin dörd bir ətrafı qonşu torpaq sahələridir və avtomobil yolu çıxışı yoxdur. Doğrudur ki, əvvəllər qətnamə əsasında iddiaçının mərhum atasına gediş-gəliş yolu verilmişdir. Lakin həmin yolun avtomobil üçün istifadəsi mümkün deyildir. Bunun yeganə çıxış yolu hazırki iş üzrə cavabdehlərin mülkiyyətində olan torpaq sahəsindəndir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, 2000-ci il tarixli 12 iyul tarixli qətnamə əsasında iddiaçının mərhum atasının iddiası üzrə yaşadıqları evin arxa hissəsindən yol verilmişdir. O yoldan isə avtomobil keçidi mümkün deyildir. Həmin yol da onun mülkiyyətində olan torpaq sahəsində yerləşir. Lakin iddiaçı istəklərini genişləndirərək ona avtomobillə gedib-gəlmək üçün yolun verilməsini tələb edir. Hansı ki, bu zaman onların mülkiyyət hüququ pozulacaqdır. Mütəxəssis rəyində də qeyd olunduğu kimi iddiaçıya məxsus fərdi yaşayış evinə gediş-gəliş yolu ümumiyyətlə nəzərdə tutulmamışdır, iddiaçının evi belə onun mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilindədir. Buna baxmayaraq iddiaçı zorla onların mülkiyyəti hüquqlarını pozmağa çalışır. İddiaçı ilə qohumluq münasibətləri olsa da, iddiaçı onlara düşmənçilik münasibətləri bəsləyir. Ona görə də, aralarında mübahisəli torpaq sahəsindən gediş-gəliş yolunun açılması barədə hər hansı razılıq yoxdur və olmayacaqdır. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 Ağababa oğlu iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında iddiaçının mülkiyyətində olan evə onun mərhum atasının iddiası üzrə gediş-gəliş yolu müəyyənləşmişdir. Həmin yoldan iddiaçının istifadəsində hər hansı maneçilikləri yoxdur. Ümumiyyətlə iddiaçının evi belə onların mülkiyyətində olan torpaq sahəsində yerləşir. Buna baxmayaraq iddiaçı onlardan daha böyük ərazinin gediş-gəliş yolu kimi verilməsini istəyir ki, bu da onların mülkiyyət hüuqunun pozulmasına gətirib çıxaracaqdır. Hesab edir ki, iddia tələbi əsassızdır. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, Tovuz rayonu, Abulbəyli kəndindəki 0,0367 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 228.3 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışdan görünür ki, Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,0872 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh2 və X4 məxsusdur. Tovuz Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli əlavə qətnaməsindən görünür ki, X1 gediş-gəliş yolu Cavabdeh1 Ağababa oğluna məxsus evin arxa tərəfindən müəyyən edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssisi tərəfindən verilmiş rəydən görünür ki, İddiaçı istifadəsi kimi təqdim edilən tikiliyə **********69 reyestr nömrəli çıxarışa əsasən yol nəzərdə tutulmamışdır və iddiaçının yol kimi iddia etdiyi ərazi **********69 reyestr nömrəli çıxarışla Cavabdeh2 xüsusi mülkiyyətində olan torpaq sahəsidir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2022-ci il qeydiyyat nömrəsi ********** olan çıxarış üzrə İddiaçı xüsusi mülkiyyətindəki 228.3 kv.m olan fərdi yaşayış evi elektron məlumat bazasına əsasən **********69 reyestr nömrəli çıxarışla Cavabdeh2 xüsusi mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki və torpaq qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri gediş-gəliş yolunun açılması üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin, habelə mülkiyyət ilə əlaqədar digər hüquq normaları üzrə həll olunmalıdır. Konstitusiyanın 13-cü maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Mülkiyyət hüququndan bəhs edən Konstitusiyanın 29-cu maddəsini İ və İİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007ci il 26 sentyabr tarixli Qərar). İddia tələbinin hüquqi əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, işdə olan sübutlar iddia tələbinin rədd edilməsinə əsas verir. İddia tələbindən göründüyü kimi, iddiaçı mülkiyyətində olan fərdi-yaşayış evinə gediş-gəliş üçün nəzərdə tutulan yolun açılmasını tələb edir. Bu tələbin başlanğıc hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsi təşkil edir. İddia tələbinin həllində eyni zamanda iddia tələbini şərtləndirən digər hüquq normaları da nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bu normadanın tətbiq edilməsi üçün, orada əksini tapmış dispozisiya şərtlərinin mövcud olduğunu müəyyən etmək zəruridir. Məhkəmə tərəfindən obyektiv nəticəyə gəlinməsi üçün iş üzrə məhkəmə tikinti-texniki sahədə mütəxəssis dəvət edilmiş və müvafiq mütəxəssis rəyi alınmışdır. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə–mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir. (Mülki Prosessual Məcəllənin 64.1,79.1 və 97.1-ci maddələri). Məhkəməyə təqdim edilmiş mütəxəssis rəyi ilə ilə müəyyən edilmişdir ki, İddiaçı istifadəsi kimi təqdim edilən tikiliyə **********69 reyestr nömrəli çıxarışa əsasən yol nəzərdə tutulmamışdır və iddiaçının yol kimi iddia etdiyi ərazi **********69 reyestr nömrəli çıxarışla Cavabdeh2 xüsusi mülkiyyətində olan torpaq sahəsidir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2022-ci il qeydiyyat nömrəsi ********** olan çıxarış üzrə İddiaçı xüsusi mülkiyyətindəki 228.3 kv.m olan fərdi yaşayış evi elektron məlumat bazasına əsasən **********69 reyestr nömrəli çıxarışla Cavabdeh2 xüsusi mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. Göründüyü kimi cavabdehlər tərəfindən iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşaayış gediş-gəliş yolu nəzərdə tutulmamış, əksinə iddiaçının yol kimi istifadə edilməsini tələb etdiyi sahə Cavabdeh2 mülkiyyətində yerləşən torpaq sahəsinin hüdudları daxilindədir. Yəni cavabdehlər tərəfindən yoldan istifadə üzrə iddiaçıya törədilən maneələr qanunsuz deyildir ki, iddia tələbinin təmin olunması üçün Mülki Məcəllənin 157.4-cü maddəsində nəzərdə tutulmuş şərtlər də mövcud olsun. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinin 3-cü bəndinə görə Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 149-cu maddəsinin 1 və 2-ci bəndlərinə görə hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara mülki və torpaq qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Bundan başqa iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 Ağababa oğluna və Cavabdeh2 qarşı «yolun açılması» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar