Məhkəmə qərarları › İş №2(062)-806/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-806/2024

05.03.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-806/2024 05.03.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, iddiaçıların nümayəndəsi (anası) X1 və Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «evə köçürülmə» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların xx.xx.2021ci il tarixli, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında cavabdehlərin paylı mülkiyyətində olan Tovuz rayonu, Xatınlı kəndində yerləşən ümumi sahəsi 76,1 kv.m. olan evə köçürülməklə, evdən istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar müvafiq olaraq xx.xx.2002-ci il tarixdə və xx.xx.2004-cü il tarixdə Cavabdeh1 ilə X1 birgə nikahlarından doğulmuşlar. Valideynləri 2001-ci ildə el adəti qaydasında evlənməklə nikahlarını xx.xx.2002-ci ildə rəsmiləşdirmişlər. Valideynləri ailə qurduqdan sonra hazırda köçmək istədikləri Tovuz rayonu, Xatınlı kəndində yerləşən evdə yaşamışlar. Özləri də, həmin evdə doğulmuş və orada boya-başa çatmışlar. Hazırda mübahisəli mənzildə pasport qeydiyyatındadırlar. Valideynləri öz aralarında olan narazılığa görə ayrıldığı üçün cavabdehlər onları evdən çıxarmışlar. Onlara məxsus geyim və digər zəruri əşyalar da həmin evdədir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi (anası) X3 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etdi və izahatında göstərdi ki, iddiaçılar onun X3 ilə birgə nikahından doğulmuş uşaqlarıdır. Uşaqlarını heç bir vaxt evdən qovmamışdır. İstənilən vaxt gəlib evdə yaşaya bilərlər. Sadəcə olaraq bu iddianı qaldırmaq Turanənin özünün də evə köçərək yaşamaq istəyindən irəli gəlir. Hansı ki, buna heç bir vaxt yol verilməyəcəkdir. Odur ki, iddia tələbinin təmin edilməsi və uşaqlarının evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçılar və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçıları məhkəmə iclasında nümayəndəsi kimi anası təmsil etmişdir. Məhkəmə onların iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz rayon Qeydiyyat Şöbəsinin verdiyi xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh1 ilə X4 nikahlarını xx.xx.2002-ci ildə 66 nömrə ilə rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Nikahdan sonra arvada «Nağıyeva» soyadı verilmişdir. Tovuz rayon Qeydiyyat Şöbəsinin verdiyi xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, xx.xx.2002-ci ildə doğulmuş Fərrux və xx.xx.2004-cü il tarixdə doğulmuş Aytac adlı uşaqların atası Cavabdeh1, anası isə X2r. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən qeydiyyat tarixi xx.xx.2021-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, Tovuz rayonu, Xatınlı kəndində yerləşən ümumi sahəsi 76.1 kv.m. olan fərdi yaşayış evi və 0,23 ha torpaq sahəsi birgə mülkiyyət hüququ üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məxsusdur. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri evə köçürülmə ilə bağlı yaranmış mübahisədir və aşağıdakı hüquq normaları əsasında təhlil olunmalıdır. Başlanğıc olaraq qeyd edilməlidir ki, mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının və ya yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iddiaçıların mübahisəli yaşayış sahəsində 2002 və 2004-cü ildə doğularaq hazırki vaxta kimi orada yaşamalarını nəzərə alaraq hesab edir ki, bu halda iddia tələbi 08 iyul 1982-ci il tarixli Qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına əsasən həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 08 oktyabr 2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin 228-ci maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə oradan istifadə hüququ olan şəxsin münasibətlərindən bəhs olunduğuna görə, bu normanın hazırki işə tətbiq edilməsinin mümkünlüyü üçün ilk növbədə mübahisəli yaşayış sahəsinin hüquqi statusunun müəyyən olunmasını zəruridir. Mübahisəli mənzilin hüquqi statusu ilə bağlı aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçıların mübahisəli fərdi yaşayış evində doğulduğu vaxt mübahisəli fərdi yaşayış evi rəsmi dövlət qeydiyyatından keçməmişdir. Bu halda iddia tələbi 08 iyul 1982-ci il tarixli Qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına əsasən həllin tapmalıdır. Çünki, Azərbaycan Respublikası MPM-in 13.4-cü maddəsində deyilir ki, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsində göstərilirdi ki, yaşayış evinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Məcəllənin 53-cü maddəsində göstərilir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirdər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Mənzil Məcəlləsinin 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə bu qənaətə gəlir ki, iddiaçılar mübahisəli fərdi yaşayış evində doğulmuş, mübahisəli evdən fasiləsiz istifadə etmiş, ümumi təsərrüfat aparmış və evdən çıxarılana kimi orada yaşamışlar. Hazırda iddiaçılara məxsus əşyalar da, mübahisəli fərdi yaşayış evindədir. Bununla da, iddiaçların həmin evdən istifadə hüquqları yaranmışdır. Mübahisəli fərdi yaşayış evinin hazırda mülkiyyətdə olması ilə bağlı məhkəmə qeyd edir ki, qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Odur ki, iddia tələbi yuxarıda sadalanan normalara əsasən də uğurludur. Məhkəmə sadalanan normaları sistemli şəkildə təhlil edib, iş materialları baxımından hüquqi qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçıların mübahisəli fərdi yaşayış evinə köçürülməsi qanunamüvafiqdir. Həmçinin Cavabdeh1 də uşaqları olan iddiaçıların evə köçürülməsinə etirazının olmadığını bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçılar hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən qeydiyyat tarixi xx.xx.2021-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarış əsasında cavabdehlərə məxsus Tovuz rayonu, Xatınlı kəndində yerləşən ümumi sahəsi 76.1 kv.m. olan fərdi yaşayış evinə köçürülməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Bundan başqa iddia ərizəsinin verilməsi üçün büdcəyə ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçılara aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat tarixi xx.xx.2021-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarış əsasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus Tovuz rayonu, Xatınlı kəndində yerləşən ümumi sahəsi 76.1 kv.m. olan fərdi yaşayış evinə köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar