Məhkəmə qərarları › İş №2(062)-942/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-942/2024

02.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-942/2024 02.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxsnə və X4 qarşı «doğum faktının təsdiq olunması» barədə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizəsinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxsnə və X4 «doğum faktının təsdiq olunması» barədə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Ayan adlı qızının xx.xx.2020-ci ildə X6 ilə birgə yaşayışlarından Tovuz rayonu, Aşağı Quşçu kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X6 ilə 2019-cu ildə el adəti qaydasında evlənmişlər. Nikahları xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmişdir. Ər-arvad olduqları müddətdə xx.xx.2020-ci il tarixdə Ayan adlı qız uşaqları doğulmuşdur. Lakin uşaq doğulan vaxt «Covid-19» pandemiyası yayıldığı üçün xəstəxanaya getmək imkanı olmamış və uşaq ev şəraitində doğulmuşdur. Doğuşdan sonra isə uşağı və özü xəstəlik keçirdiyi üçün doğum haqqında şəhadətnamə almaq üçün vaxtında müraciət edə bilməmişdir. Sonradan Qeydiyyat şöbəsinə bu barədə müraciət etdikdə müddətin keçməsi əsası ilə doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verdi və ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs X6 ərizə ilə bağlı göstərdi ki, ərizəçi ilə 2019-cu ildə el adəti qaydasında evlənmiş, lakin nikahları rəsmiləşdirilməmişdir. Faktik ər-arvad münasibətlərində olmuşlar. Nikahları xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmişdir. Onların birgə yaşayışlarından xx.xx.2020-ci il tarixdə Ayan adlı qız uşaqları doğulmuşdur. Uşaq ev şəraitində doğulmuşdur. Çünki həmin vaxt «Covid-19» pandemiyasının olduğu dönəm idi. Bu səbəbdən doğum haqqında arayış da ala bilməmişlər. Hazırda isə uşağa doğum haqqında şəhadətnamə verilmir. Çünki, tələb olunan sənədləri iradələrindən asılı olmayaraq qeydiyyat şöbəsinə təqdim edə bilmirlər. Eyni zamanda müddət də ötmüşdür. Qeyd olunanlara görə ərizənin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən zaman X3 ifadəsində göstərdi ki, ərizəçi ilə qonşudurlar. Bundan başqa Ərizəçi onun qaynatasının qardaşı gəlinidir. Özü tibb bacısı işləyir. Ərizəçi ilə Amil Paşayevin birgə nikahlarından xx.xx.2020-ci il tarixdə doğulmuş Ayan adlı uşağın doğumunda şəxsən iştirak etmişdir. Demək olar ki, doğuş prosesi onun tərəfindən tənzimlənmişdir. Uşaq ev şəraitində doğulmuşdur. Buna səbəb «Covid-19» pandemiyası olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən zaman X5 ifadəsində göstərdi ki, ərizəçi onun gəlinidir. Oğlu Amil ilə ərizəçi Elnarə 2019-cu ildə ailə quraraq ər-arvad münasibətlərinə girmişlər. Lakin onların nikahı rəsmiləşdirilməmişdir. Onların birgə yaşayışlarından xx.xx.2020-ci il tarixdə Ayan adlı uşaqları doğulmuşdur. Doğuş ev şəraitində tibb bacısı, həm də qohumları olan X1 iştirakı ilə həyata keçirilmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxsin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Nikah haqqında AZ İİ 550475 saylı şəhadətnamənin surətindən görünür ki, X6 ilə Ərizəçi nikahlarını xx.xx.2017-ci ildə rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Aşağı Quşçu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin verdiyi xx.xx.2023-cü il tarixli, 1379 saylı arayışdan görünür ki, X6 ilə Ərizəçi Tovuz rayonu, Aşağı Quşçu kəndində birgə yaşadıqları müddətdə Ayan adında xx.xx.2020-ci ildə qızları doğulmuşdur. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina rəyindən görünür ki, xx.xx.2020-ci ildə doğulmuş qız övladının doğumu barədə sənədlər vaxtında qeydiyyat şöbəsinə təqdim edilmədiyi üçün doğum akt qeydinin tərtib edilməsi və haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını, şahid ifadələrini dinləyib, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, hazırda ərizəçinin xahişi Mülki Prosessual Məcəllənin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsindən bəhs edən 31-ci fəslində əksin tapmış doğumun qeyd edilmə faktının təsdiq olunmasından ibarətdir. Ona görə də işin hallarına həmin Fəslin müddəaları əsasında, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarında olan hüquqi mövqeyə uyğun qiymət verilməlidir. Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Nəzərə alınmalıdır ki, qanunvericilikdə hüquqi faktların müəyyən olunması üzrə icraatın bir sıra xüsusiyyətləri müəyyən olunmuşdur. Bununla bağlı Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 310.1-ci maddəsinin tələbinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarının 1.2-ci bəndində təsbit edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.3-cü bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. İş materialları ilə müəyyən edilir ki, Ərizəçi ilə maraqlı şəxs Amil Paşayev 2019-cu ildə el adəti qaydasında evlənməklə ailə qurmuşlar. Lakin onların nikahları rəsmi formada qeyd olunmamışdır. Onların ər-arvad olduqları dövrdə birgə yaşayışlarından xx.xx.2020-ci ildə Ayan adlı uşaqları doğulmuşdur. Uşaq ev şəraitində doğulduğundan və vaxtında Qeydiyyat şöbəsinə müraciət edilmədiyindən uşağın doğumu haqqında qeydiyyat aparılması mümkün olmamışdır. Məhz bu əsasa görə uşağa doğum haqqında şəhadətnamə ala bilmirlər. «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı Qərarının 2.3-cü bəndinə əsasən, doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir. Həmin Qərarın 2.5-ci bəndində qeyd olunur ki doğumun qeydə alınması üçün aşağıdakı sənədlər (bu Qaydanın 1.7-ci bəndinin ikinci və üçüncü cümlələrinin tələbləri nəzərə alınmaqla) təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; Həmin Qərarın 2.6-cı bəndinə görə bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğumu faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə göstərir ki, Ərizəçi uşağının doğum faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir, habelə ona bu sənədin alınmaması uşağa doğum haqqında şəhadətnamənin verilməsinə imkan vermir. Məhkəmə hesab edir ki, bu kimi hallar ərizəçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizəsini təmin etməyə əsas verir. Çünki ərizəçinin nail olmaq istədiyi məqsədə çatmaq üçün məhkəmədən kənar başqa yolu yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarının 4.3-cü bəndinə görə uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Eyni zamanda xx.xx.2020-ci ildə doğulmuş Ayan adlı uşağın Ərizəçi ilə maraqlı şəxs Amil Paşayevin birgə yaşayışlarından doğulması iş üzrə təqdim edilmiş icra nümayəndəliyinin arayışı, şahidlərin ifadələri, habelə tərəflərin özlərinin izahatları ilə təsdiq edilir. Nəzərə almaq lazımdır ki, Аilə Məcəlləsinin 158.1-ci mаddəsinə əsаsən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci mаddəsinə əsаsən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin olunsun. Ərizəçi ilə maraqlı şəxs X2 birgə yaşayışlarından xx.xx.2020-ci ildə Tovuz rayonu, Aşağı Quşçu kəndində Ayan adlı qız uşaqlarının doğulması faktı müəyyən edilsin. Ərizəçi ilə maraqlı şəxs X2 birgə yaşayışlarından xx.xx.2020-ci ildə Tovuz rayonu, Aşağı Quşçu kəndində doğulmuş Ayan adlı qız uşağının doğum akt qeydi aparılarkən ata qrafasında atası X6, ana qrafasında anası Ərizəçi, doğum yeri Tovuz rayonu, milliyəti azərbaycanlı qeyd olunsun. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar