Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-95/2023 20.02.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı «pul» tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehin Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən JN 266A saylı şəhadətnamədə göstərilən 0,06 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 26 saylı qərarı ilə ona və ailə üzvlərinə 0,25 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN:266A saylı şəhadətnamə ilə dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehla qonşudurlar. Onun torpaq sahəsi ilə onların torpaq sahəsinin ümumi sərhəddi var. Cavabdeh həmin torpaq sahəsinin 0,06 ha hissəsini tutmuşdur. 3 ildir ki, 0,06 ha torpaq sahəsi Cavabdeh istifadəsindədir və əkib becərir. Aralarında olan razılaşmaya əsasən ayrı-ayrı vaxtlarda hissə-hissə ona pul verilmişdir. Ancaq alqı-satqı müqaviləsi bağlanmamışdır. Son vaxtlar qardaşı X6 öz pay hissəsini satmaq qərarına gəlmişdir. Dəfələrlə Həsənə demişdir ki, aralarında olan bu torpaq məsələsini qardaş və bacısı bilməsin. Çünki, onlar bunu bildikdə öz paylarının satılmasını tələb edəcəklər. Belə olan halda məcbur olub ona verdiyi o torpaq hissəsini geri qaytarmalı olacaqdır. Ona görə də son vaxlar aralarında dəfələrlə mübahisə yaranmışdır və ona təklif etmişdir ki, torpaq sahəsini qaytarsın və verdiyi pulu özünə qaytarsın. Lakin o bununla razılaşmamışdır. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Eyni zamanda Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi verərək cavabdeh İddiaçı torpaq sahəsinin alqı-satqısı üzrə ondan aldığı 6230 manat, həmin torpaq sahəsi ilə əlaqədar xərclədiyi 2100 manat və dövlət rüsumu hesabına ödədiyi 105 manat olmaqla cəmi 8435 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı ilə həmkəndli olmaqla yanaşı yaxın qohumdurlar. Onun mülkiyyətində digər ailə üzviləri ilə bərabər 0,25 ha torpaq sahəsi var. 2020-ci ilin sentyabr ayında cavabdeh ümumi mülkiyyətdə olan torpaq sahəsindən onun payına düşən 0,06 ha hissəsini satmaq istədiyini bildirmişdir. Qonşu və bitişik həyətyanı sahləri olduğuna görə həmin torpaq sahəsini almaq qərarına gəlmişdir. Cavabdeh İddiaçı ilə torpaq səhəsinin 1 sotunun dəyəri 1000 manat olmaqla 6000 manata alqı-satqısı barədə razılığa gəlmişlər. Cavabdeh İddiaçı ilə razılaşdıqdan sonra həmin 6000 manatı ona nağd olaraq vermiş və o, 0,06 ha torpaq sahəsini ölçərək onun sahibliyinə və istifadəsinə vermişdir. Torpaq sahəsinin alqı-satqısının notarial qaydada rəsmiləşməməsi cavabdehin təqsiri ucbatından baş tutmamışdır. Belə ki, cavabdeh ümumi mülkiyyətdə olan torpaq sahəsindən öz payının ayrılıb satılması üçün müvafiq sənədləşmə aparılmasını və sonra sənədləşdirəcəyini vəd etmişdir. Qonşu və qohum olduğumuza görə ona inanıb gözləmişdir. Torpaq sahəsini aldıqdan sonra həmin torpaq sahəsində olan böyük çuxurun doldurulması və həmin torpağın abadlaşdırılması üçün 1500 manat sərf etmişdir. Həmçinin həmin torpaq sahəsində 75 ədəd müxtəlif ağac agac əkmişəm. Ağacların alınmasına, əkilməsinə, suvarılmasına və dərmanlanmasına, habelə torpaq sahəsinin dəmir torla çəpərlənməsinə 600 manat xərcləmişdir. Cavabdeh İddiaçı ondanəlavə olaraq torpaq sahəsinin sənədləşməsi üçün 230 manat pul almışdır. Odur ki, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia tələbini müdafiə edib ilkin iddianın təmin, qarşılıqlı iddia tələbini isə qismən qəbul edərək izahatında göstərdi ki, aralarında həqiqətən də şifahi alqı-satqı müqaviləsi olmuş, lakin hazırda paylı mülkiyyətçi olan qardaşı torpaq sahəsinin satılmasına razı olmadığından rəsmiləşdirmə edə bilmir. Bunu ilkin iddia üzrə cavabdehə də bildirmişdir. Torpaq sahəsinə görə cavabdehdən 6000 manat, habelə sənədləşməyə görə 230 manat pul almışdır. Hazırda torpaq sahəsi üzrə verdiyi pulu ödəməyə hazırdır. Torpaq sahəsində olan çuxurun 1500 manat məbləğə doldurulması ilə bağlı göstərir ki, həmin çuxur 1980-ci ildə tikilmiş sanitar qovşaq üçün qazılmışdır. Oranı müxtəlif zibil və məişət tullantıları ilə doldurmuşlar. Baxış keçirilsə belə bu təsdiq oluna bilər. Ağacların əkilməsi, suvarılması, dərmanlanması ilə bağlı 600 manat pulun xərclənməsi isə mümkünsüzdür. Orada ümumi maksimum 30-35 körpə ağac vardır. Onların qiyməti isə 1-2 manat dəyərində dəyişir. Ümumilikdə qarşılıqlı iddiaçının torpaq sahəsində gördüyü işlərin dəyəri 200 manat, ağacların dəyəri isə ümumi 60 manat olmaqla cəmi 260 manat edər. Həmin pulu da qaytarmağa razıdır. Odur ki, ilkin iddianın tam, qarşılıqlı iddianın isə qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia tələbini qəbul etmədi və qarşılıqlı iddia tələbini müdafiə edərək əlavə olaraq göstərdi ki, mübahisəli torpaq sahəsini 6000 manata almış, lakin İddiaçı payı naturada ayrılmadığı üçün alqısatqını rəsmiləşdirə bilməmişlər. Həmçinin sənədləşmə üçün də ayrıca 230 manat pul vermişdir. Orada torpaq sahəsini abadlaşdırma işləri aparmış, habelə alça ağacları əkmişdir. Həmin görülən işlərin dəyəri ümumi olaraq 2100 manat təşkil edir. İddiaçı bütövlükdə həmin məbləğlərin əvəzini versə torpaqdan çıxmağa razıdır. Bundan başqa paylı mülkiyyətçilərdən olan Arzu İbrahimova onun torpaqdan çıxmasını istəmir. Odur ki, qarşılıqlı iddia tam təmin ediləcəyi halda ilkin iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına etirazının olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, mübahisəli torpaq sahəsinin paylı mülkiyyətçilərindəndir. Qardaşı ilə ilkin iddia üzrə cavabdeh arasında mübahisəli torpaq sahəsi üzrə şifahi formada alqı-satqı olmuşdur. İlkin iddia üzrə cavabdeh orada xeyli işlər görmüşdür. Həmin işlərin dəyəri 2100 manat təşkil edir. Həmçinin ilkin iddia üzrə cavabdehin torpaq sahəsindən çıxmasına etiraz edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, ilkin iddia üzrə cavabdeh Həsən onun qardaşıdır. Qardaşı ilə ilkin iddiaçı arasında mübahisəli torpaq sahəsi üzrə şifahi formada alqı-satqı olmuşdur. Lakin rəsmiləşdirilmə aparıla bilməmişdir. Torpaq sahəsi baxımsız olmuş, ora torpaq verilib, fəhlələr işləyib, setka ilə arakəsmə edilmişdir. Verilmiş torpaq onun evinin zirzəmisindən çıxmışdır. Fəhlələr daşımışdır. Həmçinin torpaq sahəsinə 24 ədəd şitillər basdırılmışdır. Ümumi nə qədər xərcləndiyindən məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, hər iki tərəf ilə qohumdur. Cəmil torpaq sahəsi satmış, Həsən isə almışdır. Ərazi bərbad gündə olmuşdur. Ora Həsən tərəfindən abadlaşdırılmışdır. Ümumi eşitdiyinə görə Həsən 2100 manatdan çox pul xərcləmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: JN-266A KOD 50300078 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 26 saylı qərarı ilə Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisindən X3 və onun ailə üzvülərinin mülkiyyətinə 0,25 ha torpaq sahəsi verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Cavabdeh istifadəsi kimi (567 kv.m.) təqdim edilən torpaq sahəsinin 514 kv.m. hissəsi Aşağı Quşçu kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən X3 və onun ailə üzvülərinin mülkiyyətinə verilmiş JN-266A saylı şəhadətnamədə olan torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsində az sayda ağaclar vardır. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, ilkin və qarşılıqlı iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətin müdafiəsi, habelə maddi ziyanın ödənilməsi üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin, habelə mülkiyyət və maddi zərər ilə əlaqədar digər hüquq normaları üzrə həll olunmalıdır. Həmçinin məhkəmə onu da qeyd edir ki, birinci növbədə ilkin iddia tələbinə hüquqi qiymət verilməlidir. Konstitusiyanın 13-cü maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Mülkiyyət hüququndan bəhs edən Konstitusiyanın 29-cu maddəsini İ və İİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007ci il 26 sentyabr tarixli Qərar). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri). Mülki Məcəllənin 152.5-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Məhkəmə diqqətə çatdırır ki, iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə cavabdehin torpaqdan çıxarılmasını tələb etmək ixtiyarı vardır. Onların iddiası hüquqdan sui-istifadə ilə əlaqədar deyildir. Həmçinin məhkəmə bir məqamı da qeyd edir ki, torpaq sahəsi ümumi mülkiyyətdə olsa belə hazırda iddiaçıların bütöv əmlaka dair mülkiyyətin müdafiəsi üzrə iddia qaldırması qanunla yoleriləndir. Bu yanaşma Mülki Məcəlləsinin 213.6-cı maddəsindən qaynaqlanır. Həmin normada təsbit edilmişdir ki, ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. İş üzrə obyektiv nəticəyə gəlinməsi üçün məhkəmə tərəfindən tikinti-texniki ekspertizası keçirilmiş və müəyyən edilmişdir ki, Cavabdeh istifadəsi kimi (567 kv.m.) təqdim edilən torpaq sahəsinin 514 kv.m. hissəsi Aşağı Quşçu kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən X3 və onun ailə üzvülərinin mülkiyyətinə verilmiş JN-266A saylı şəhadətnamədə olan torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsində az sayda ağaclar vardır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Məhkəmə diqqətə çatdırır ki, Mülki Prosessual Məcəllənin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur. Hazırki iş üzrə verilmiş rəy də məhkəmə tərəfindən bu qeyd olunan Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir. Məhkəmə hesab edir ki, rəy əsaslıdır. Çünki mütəxəssis rəyi dəqiq və müfəssəl tərtib edilmiş, iddiaçının və cavabdehin iştirakı ilə mübahisəli torpaq sahəsinə naturada baxış keçirilmiş və koordinatları müəyyən edilərək çöl geodeziya ölçmə işləri aparılmış, çöl ölçmə işlərinin nəticəsi kameral şəraitdə ortofoto , torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına və baza məlumatlarına əsasən mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun araşdırılmışdır. Cavabdehin isə mübahisəli torpaq sahəsinə hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. Onun torpaq sahəsindən istifadə etməsi hər hansı qanuni əsasa söykənmir. Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə sadalanan hüquq normaları əsasında işin halları müqayisəli təhlil edib belə nəticəyə gəlir ki, ilkin iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsinin zəbt etdiyi 514 kv.m. hissəsindən çıxarılmalıdır. Qarşılıqlı iddia tələbi üzrə məhkəmə qeyd edir ki, tələbin torpaq sahəsinin alqı-satqısı üzrə 6230 manat məbləğdə pulun verilməsi hissəsi qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən etiraf edildiyi üçün işin həmin halı mübahisəsiz hesab edilir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qarşılıqlı iddianın çəkilmiş xərcin əvəzi kimi 2100 manat məbləğdə pulun tutulması hissəsi ilə bağlı məhkəmə göstərir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında mübahisəli torpaq sahəsinin alqı-satqısı üzrə şifahi razılaşma olduğu üçün Cavabdeh torpaq sahəsində müəyyən işlər görmüşdür. Lakin hazırda İddiaçı onu torpaq sahəsindən çıxardığı üçün o da maddi ziyana uğradığı üçün həmin pulların əvəzin tələb edir. Məhkəmə diqqətə çatdırır ki, yuxarıda sadalanan maddi hüquq normaları qarşılıqlı iddia tələbinin maddi ziyanla bağlı hissəsinin qanuni əsasını təşkil edən normalardır. Əgər iddiaçı tərəfindən iddia ərizəsində qeyd olunanlar sübuta yetiriləcəyi halda iddianın təmin edilməsi qanuni əsaslara söykənəcəkdir. Qarşılıqlı iddiaçı mübahisəli torpaq sahəsində 2100 manatlıq işlərin görülməsi barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Dindirilmiş şahidlərin ifadələri isə mötəbər sübut kimi qəbul edilə bilməz. X1 və X2 xərcin 2100 manat olmasını göstərsələr də, həmin məlumatın haradan əldə edilməsini qeyd edə bilməmişlər. Ümumi olaraq qeyd etmişlər ki, qarşılıqlı iddiaçı 2100 manatlı torpaq sahəsində işlər görmüşlər. Həmin işlərin nədən ibarət olmasını isə təsvir edə bilməmişlər. Digər şahid Şəmsi Həsənov isə ümumiyyətlə xərcin hansı məbləğdə olmasını qeyd etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə şahid ifadələrini mötəbər sübut kimi qəbul etməmişdir. Qarşılıqlı iddiaçı isə çəkilmiş xərclər barədə başqa sübutlar təqdim edə bilməmişdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Ona görə də məhkəmə qarşılıqlı iddia üzrə cavabdehin etirafı üzrə çəkilmiş xərcin əvəzi kimi 260 manat pulun tutulmasını əsaslı hesab edir. Odur ki, qarşılıqlı iddia qismən təmin edilməli və İddiaçı 6490 (6230+260=6490) manat pul alınaraq Cavabdeh verilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, həm ilkin iddia tələbi təmin, həm də qarşılıqlı iddia tələbi qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumları elə tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İlkin iddia tələbi təmin edilsin. Cavabdeh JN-266A KOD 50300078 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə əsasında İddiaçı Qəzənfər oğlunun ümumi mülkiyyətində olan torpaq sahəsinin zəbt etdiyi 514 kv.m. hissəsindən çıxarılsın. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı 6490 manat məbləğdə pul alınaraq Cavabdeh verilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-95/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-95/2023
20.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver