Məhkəmə qərarları › İş №2(062)-96/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-96/2025

27.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-96/2025 27.01.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məsimov Fərid Eldar oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı “torpaq sahəsindən çıxarılma və qanunsuz müdaxiləyə son qoyulma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Tovuz rayonu, Qovlar şəhəri, M.Ə. Rəsulzadə küçəsində yerləşən JN2787F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında göstərilən cizgilər daxilində yerləşən torpaq sahəsindən cavabdehlər X9 və X3 çıxarılmasına, tikilinin sökülməsinə və qanunsuz müdaxiləyə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 saylı qərarı ilə ona və ailə üzvlərinə Tovuz rayonu Qovlar şəhər ərazisində 0,07 ha torpaq sahəsi verilmişdir. Torpağın dəqiq ölçüsü 729,6 kvadrat metrdir və verilmiş şəhadətnamədə xəritə şəklində əks olunmuşdur. Torpaq sahəsinin ona və ailə üzvlərinə məxsus olmasına dair torpağın mülkiyyətə verilməsinə dair JN-2787F saylı şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsində fərdi yaşayış evi də inşa etmişdir. Cavabdeh isə onunla qonşuluqda yaşayır və ona məxsus olan torpaq sahəsinə girmişdir. Bundan başqa cavabdeh onun mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinə dəmiri sabitləyərək onun evinin divarına dəmir vurmuş və orada çardaq inşa etmişdir. Həmin çardağın suyunu isə ona məxsus olan evin yaxınlığına tökülür. Nəticədə evin təməlini təşkil edən özülü suyun içərisində olur. Dəfələrlə cavabdehə ona məxsus olan torpaq sahəsindən çıxmağa, həmçinin evinə vurduğu zərəri aradan qaldırmağa sülh yolu kimi təklif etsə də, cavabdeh buna heç bir məhəl qoymur. Torpaq sahəsinin öz aralarında razılıq əsasında ölçülməsini cavabdehə şifahi qaydada bildirsə də, o buna razı olmur və müxtəlif bəhanələr gətirir. Ümumiyyətlə cavabdehə dəfələrlə torpağı boşaltmaqla bağlı istəyini və qanunsuz davranışlara son qoymaqla bağlı təkidini bildirməyinə baxmayaraq o, buna heç bir məhəl qoymamışdır. Ona görə də, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək göstərmişdir ki, o İddiaçı iddia tələbini qanunsuz və əsasız hesab edir. Çünki mübahisə olunan torpaq sahəsinin ona heç bir aidiyyəti olmamaqla yanaşı həmin torpaq sahəsinə dair onun adına hər hansı bir hüquq müəyyən edici sənəd mövcud deyildir. O mübahisə olunan torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evində kirayəçi olaraq yaşayır. Bu da o deməkdir ki, hazırkı mübahisə üzrə onun hər hansı bir mülki məsuliyyəti olmamaqla yanaşı iddia tələbi əsl olmayan cavabdehə yönəlmişdir. Bu hal da iddia tələbinin rədd edilməsi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Göründüyü kimi İddiaçı torpaq sahəsindən çıxarılma və qanunsuz müdaxiləyə son qoyulması tələbinə dair iddiası heç bir halda ona qarşı yönələn tələb deyildir və yönələ də bilməz. Yəni yuxarıda da qeyd etdiyi kimi mübahisə olunan torpaq sahəsinin ona heç bir aidiyyəti olmamaqla yanaşı həmin torpaq sahəsinə dair onun adına hər hansı bir hüquq müəyyən edici sened mövcud deyildir. O mübahisə olunan torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evində kirayəçi olaraq yaşayır. Hesab edir ki, iddia tələbinin yönəldiyi cavabdehin o olmamağı səbəbi ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və qanunsuz müdaxiləyə son qoyulması tələbinə dair iddia ərizəsi üzrə iddia tələbinin təmin edilməməsinə (rədd edilməsinə) dair qətnamə qəbul edilməlidir. Məhkəmə, iddiaçının nümayəndəsi (vəkili) dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-2787F saylı KOD 50300016 saylı şəhadətnamənin surətindən görünür ki, Tovuz rayonu Qovlar şəhəri ərazisində yerləşən 0,07 ha torpaq sahəsi İddiaçı, X1, X7 və X5 verilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/7271 nömrəli ekspert rəyindən görünür ki, Tovuz rayonu Qovlar şəhəri M.Ə.Rəsulzadə küçəsində cavabdehə məxsus fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin daxilində ümümi sahəsi 184,0m² (21,9x8,40) olan talvar tikilisinin inşaasına dair müvafiq icra hakimiyyəti orqanlarından icazə sənədləri olmadığından talvar tikilisinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160№-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud Şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının» 4.1. və 4.2. bəndlərinin və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsinin tələblərinə uyğun inşa edilmədiyi müəyyən edilir. Qərardadın 2-ci, 3-cü və 4-cü suallan üzrə bu suallarda göstərilən məsələlər, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 sayli Tovuz Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən müəyyən edilə bilər. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 sayli Tovuz Ərazi İdarəsinin 14 mart 2025-ci il tarixli rəyi ilə müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə cavabdehin istifadəsi kimi göstərilən torpaq sahəsi ilə üst-üstə düşmə halı vardır.İstifadə edilən 17,3 kv.m torpaq sahəsi cavabdehin **********00 reyestr nömrəsi ilə mülkiyyətinə verilmiş torpaq sahəsindən kənarda yerləşir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (152.5). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir (157.5). Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə cavabdehin istifadəsi kimi göstərilən torpaq sahəsi ilə üst-üstə düşmə halı olmaqla cavabdeh tərəfindən istifadə edilən 17,3 kv.m torpaq sahəsi cavabdehin **********00 reyestr nömrəsi ilə mülkiyyətinə verilmiş torpaq sahəsindən kənarda yerləşir. Odur ki məhkəmə hesab edir ki, Cavabdeh və X6 iddiaçıya məxsus torpaq sahəsinin 17,3 kv.m hissəsindən çıxarılmalı, həmin hissədə mövcud olan tikililər sökülməklə, onların iddiaçıya məxsus torpaq sahəsinə olan qanunsuz müdaxiləsinə son qoyulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehlərdən müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertiza Mərkəzinin hesabına ödənilməli, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı məxsus Tovuz rayonu, Qovlar şəhəri, M.Ə. Rəsulzadə küçəsində yerləşən JN2787F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən cizgilər daxilində yerləşən torpaq sahəsinin 17,3 kv.m hissəsindən Cavabdeh və X6 çıxarılmaqla həmin hissədə mövcud olan tikililər sökülsün. Cavabdeh və X3 İddiaçı məxsus torpaq sahəsinə olan qanunsuz müdaxilələrinə son qoyulsun. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehlər Cavabdeh və X2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertiza Mərkəzinin hesabına ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh və X2 müştərək qaydada alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar