Məhkəmə qərarları › İş №2(062)-994/2025

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-994/2025

14.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-994/2025 14.02.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlu, İddiaçı cavabdehlər DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi və Tovuz regional “ASAN xidmət” mərkəzinə qarşı “alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş reyestr çıxarışının etibarsız hesab edilməsi və pay torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsinin icraata götürülməsinin mümkünlüyünü araşdıraraq MÜƏYYƏNETDİ: İddia tələbi İddiaçı cavabdehlər DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi və Tovuz regional “ASAN xidmət” mərkəzinə qarşı “alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş reyestr çıxarışının etibarsız hesab edilməsi və pay torpaq sahəsindən çıxarılma” tələbinə iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən xx.xx.2005-ci il tarixdə Tovuz rayonu dövlət notariat ofisində təsdiq olunmuş alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və həmin torpaq sahəsindən X1 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 24.1. Fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Maddə 25.1. Fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Maddə 25.2. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Maddə 48.Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. Maddə 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Maddə 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Maddə 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə; Maddə 114.2. Dövlət rüsumu AzərbaycanRespublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə məhkəmədə baxılmalı olmadığından ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, iddia ərizəsində formal olaraq cavabdeh kimi göstərilməsə də faktiki olaraq iddia tələbinin yönəldiyi X1 şəxsiyyəti haqqında məlumatların “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yoxlanılması nəticəsində müəyyən edilmişdir ki, X3 xx.xx.2025-ci il tarixdə, yəni məhkəməyə müraciət edilməmişdən öncə ölmüşdür. Belə olan halda bu cür ərizənin məhkəmə tərəfindən icraata qəbul edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun ölümü ilə xətm edilir. Belə olan halda isə ölmüş şəxsin Mülki Prosessual Məcəllənin 48 və 49-cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyildir. Ona görə də, ölmüş şəxsə qarşı iddia irəli sürülməsi, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi və mübahisəyə mahiyyəti üzrə baxılması prosessual baxımdan qeyrimümkündür. Azərbaycan Respublikası MPM-nin 58.1-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətlərində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə və s..) məhkəmə həmin tərəfi onun hüquqi varisi ilə əvəz edə bilər. Qanunun qeyd oluna normasının tələbindən görünür ki, yalnız mülki iş üzrə tərəf sıradan çıxdıqda prosessual hüquq varisliyinə yol verilir. Hazırki işdə isə cavabdeh kimi göstərilmiş X3 tərəf kimi qəbul edilə bilməz. Belə ki, X3 iddia ərizəsi verilməmişdən əvvəl vəfat etdiyinə görə hazırki işdə tərəf statusu əldə etməmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ölmüş şəxsin adından iddia qaldırıldığından və bu cür şəxsin heç bir prosessual statusu olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Həmçinin hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçının ödədiyi 146 manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 153-cü və 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ İddiaçı cavabdehlər DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi, Tovuz regional “ASAN xidmət” mərkəzinə və X2 qarşı “alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş reyestr çıxarışının etibarsız hesab edilməsi və pay torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi icraata qəbul etməkdən imtina edilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar