Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-1042/2024 25.10.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 və İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi, əvvəlki tutuduğu vəzifəyə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddia ərzəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi, əvvəlki tutuduğu vəzifəyə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddia ərzəsi ilə məhkəməyə müraciət edərək Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəb ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 27 iyun 2024-cü il tarixli, 21 nömrəli əmrin ləğv edilməsi, onun Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi öhdəliyinin Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, illərdir ki, müxtəlif məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olaraq ölkənin gələcəyi olan uşaqlara təhsil vermə yolunda əlindən gələni etmişdir. Belə ki, ilkin olaraq 15 sentyabr 2004-cü il tarixdə Ucar rayonu, Bağman kənd orta məktəbində müəllim kimi pedaqoji fəaliyyətə başlamışdır. Həmin məktəbdə 2017-ci il tarixinədək müəllim kimi çalışmışdır. 13 dekabr 2017-ci il tarixdən etibarən Yuxarı Şilyan kənd tam orta məktəbində ona direktor vəzifəsinin icrası həvalə edilmişdir. 2020-ci il tarixədək həmin vəzifədə çalışdıqdan sonra 30 iyun 2020-ci il tarixindən Bağman kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsində çalışmışdır. Bağman kənd tam orta məktəbinin 27 iyun 2024-cü il tarixli, 21 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən azad edilmişdir. Məlumat üçün bildirir ki, sözügedən əmr ona rəsmi qaydada 28 iyun 2024-cü il tarixdə təqdim edilmişdir. Bununla bağlı xitam əmrini alandan sonra 19 iyul 2024-cü il tarixdə mediasiya proseslərinə başlamış və daha sonra Şəki şəhəri 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. 14 avqust 2024-cü il tarixə ilkin mediasiya sessiyası təyin edilsə də cavabdeh və ya onun nümayəndələri həmin sessiyaya gəlməmişdir. Hesab edir ki, qanunsuz və əsassız olaraq qəbul edildiyi üçün Bağman kənd tam orta məktəbinin 27 iyun 2024-cü il tarixli, 21 nömrəli əmri ləğv edilməli və əvvəlki tutduğu vəzifəyə bərpa edilməyi barədə qətnamə qəbul edilməlidir. Cavabdeh qurum işin faktiki hallarına və onun şəxsi ailə vəziyyətinə məhəl qoymadan bu əmri vermişdir. Himayəsində birinci qrup əlilliyi olan 29 oktyabr 2009-cu il təvəllüdlü oğlu X4 var. Yeganə qazanc mənbəyi pedaqoji fəaliyyət olduğu üçün oğlunun və ailəsinin maddi təminatını məhz bu işlə qarşılayırdı. Hal-hazırda qanunsuz olaraq işdən azad edildiyi üçün birinci qrup əlilliyi olan oğlunun müalicəsi və dərmanlarını maddi olaraq qarşılaya bilmir. Əmək Məcəlləsi birbaşa olaraq qadağan etsə də cavabdeh qurum qanunun tələblərinə məhəl qoymamışdır. Belə ki, Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Göründüyü kimi qanun normasının imperativ tələbinə baxmayaraq cavabdehin belə bir əmr verməsi qanunsuzdur və ləğv edilməlidir. Belə ki, öhdəsində birinci qrup əlil olan oğlu X4 olduğu halda qanunverici onunla əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsi əsası ilə xitam verilməsini qadağan edir. Cavabdehə bu barədə dəfələrlə bildirsə də onlar buna məhəl qoymamış və yekunda səhv nəticəyə gələrək onun əmək hüquqlarını pozmuşlar. Cavabdeh sözügedən əmri verən zaman da prosessual pozuntular etmişdir. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. Göründüyü kimi qanunverici burada da işdən azad etmə zamanı işəgötürən qarşısında müəyyən şərtlər qoymuşdur. Belə ki, işəgötürən sözügedən maddə ilə işçini işdən azad edən zaman yalnız sertifikasiyanın nəticələrinə deyil, eyni zamanda səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərara əsaslanmalıdır. Cari işdə isə cavabdeh yalnız sertifikatlaşdırmanın nəticəsini əsas gətirərək onunla olan əmək müqaviləsini qanunsuz olaraq ləğv etmişdir. 30 aprel 2020-ci il tarixli “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında müəllimlərin sertifikatlaşdırılmasını Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təşkil edilən Təhsilverənlərin Sertifikatlaşdırılmasını Şurası həyata keçirir. Bu halda məhz həmin qurumun sertifikasiyanın nəticələri ilə bağlı olan qərarı əmrin əsaslarından biri kimi çıxış etməli idi. Söylədiyi tezisi dəstəkləyən daha bir əsas Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67.4-cü maddəsidir. Həmin maddəyə görə iş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələri ləğv edilə bilməz. Sözügedən maddə də bir daha təsdiq edir ki, yalnız sertifikatlaşdırılmanın nəticələri ilə işçilərin əmək müqaviləsi ləğv edilə bilməz. Cavabdeh qurum bu maddənin tələblərinə da dırnaqarası yanaşmış və yekunda onun əmək hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Göründüyü kimi işəgötürən qanunvericiliklə müəyyən edilmiş, işçinin hüquqlarını görməzdən gəlmiş və ədalət prinsipini pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 aprel 2024-cü il tarixli qərarında qeyd edilir: “Nəzərə alınmalıdır ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətlərində işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətləri (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) mövcuddur. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır. Əmək münasibətlərində iqtisadi cəhətdən zəif tərəf olan işçinin işə qəbulu və işdən azad edilməsi üçün ədalətli şəraitin təmin edilməsi, o cümlədən işçinin iradəsindən və təqsirindən asılı olmayan səbəblərdən əmək müqaviləsinə xitam verilərkən, bunun işçi, habelə onun ailəsi üçün yarada biləcəyi maddi çətinlikləri azaltmaq, gəlirdən tamamilə məhrum olmalarının qarşısını almaq məqsədilə qanunvericilikdə müəyyən təminatlar nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin məhdud əsasları müəyyənləşdirilmiş, eləcə də həmin Məcəllənin on birinci fəsli ilə əmək müqavilələrinə xitam verilərkən işçilər üçün təminatlar təsbit olunmuşdur”. Göründüyü kimi qanunvericilikdə işçi üçün təminatlar və işəgötürən üçün imperativ normaların nəzərdə tutulmasının əsas məqsədi işçi ilə işəgötürən arasında hüquq bərabərliyini qorumaq və sosial ədaləti bərpa etməkdir. İşəgötürənin belə imperativ normalara riayət etməməsi və işçi üçün nəzərdə tutulan təminatları təmin etməməsi sosial ədalətin pozulması ilə yanaşı işçilərin əmək hüquqlarını da gözardı edir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirdi, əlavə olaraq göstərdi ki, cavabdehin iddiaya münasibəti ilə qismən razılaşmır, belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin birinci hissəsinə əsasən Yuxarı Şilyan kənd tam orta məktəbin direktoru vəzifəsindən azad edilmiş, heç bir nöqsana da yol verməmişdir. X2 həqiqətən Bağman kənd S.Salmanov adına tam orta məktəbdə riaziyyat müəllimi işləyir. Əlil övladına müavinət təyin olunmuş, arvadına əlil övladına qulluq üçün əlavə müavinət də verilir, əmək haqqına da güzəşt tətbiq edilir. Həmçinin, heç bir təxribatla məşğul olmamış, 10 may 2000-ci ildən də Yeni Azərbaycan Partiyasının üzvüdür. Cavabdeh Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi təqdim edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdeh Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbin direktoru məhkəməyə iddiaçının iddia ərizəsi üzrə mülahizəsini təqdim etmişdir. Mülahizədə göstərilmişdir ki, İddiaçı özünün də qeyd etdiyi kimi 15 sentyabr 2024-cü il tarixdən məktəbdə müəllim kimi fəaliyyətə başlamışdır. İşlədiyi dövrdə iddiaçı zəif təsir bağışlamış, heç bir uğurlu nəticələri olmamışdır. 13 dekabr 2017-ci il tarixdə Ucar Rayon Təhsil Şöbəsinin 14 dekabr 2017-ci il tarixli, 146 nömrəli əmri ilə İddiaçı Ucar rayon Yuxarı Şilyan kənd tam orta məktəbinə əvvəlki iş yerində tarifləşmə cədvəlində adı saxlanılmaqla direktor vəzifəsinə müvəqqəti təyin olunmuşdur. Həmin vəzifədə çalışdığı dövrdə dəfələrlə direktorların işə qəbulu müsabiqəsində iştirak etsə də keçid balını toplaya bilməmişdir. Bütün bunları nəzərə alaraq və vəzifəsində yol verdiyi ciddi nöqsanlara görə Ucar Rayon Təhsil Sektorunun müvafiq əmri ilə 30 iyun 2020-ci il tarixində əvvəlki iş yerində müəllim vəzifəsinə geri qaytarılmışdır. İşlədiyi dövrdə Bəhruz müəllim normal pedaqoji fəaliyyətlə məşğul olmaq əvəzinə pozuçuluq və təxribatla məşğul olmuş və tədris prosesindən yayınmışdır. Dəfələrlə ona həvalə olunmuş dərslərdən yayınmış və bununla bağlı ondan əmək haqqı tutulmuşdur. Vəzifəsində yol verdiyi nöqsanlara görə məktəb tərəfindən töhmət almışdır. İddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsində qeyd edir ki, yeganə qazanc mənbəyi pedaqoji fəaliyyətidir. İddiaçı bu məlumatı doğru deyil. Bəhruz müəllimin həyat yoldaşı X5 məktəbdə riyaziyyat müəllimi vəzifəsində işləyir. Kəmalə Qurbanovaya əlil övladına qulluq üçün dövlət tərəfindən müavinət təyin olunmuş və əmək haqqına güzəşt şamil olunmuşdur. İddiaçı onunla bağlanılmış əmək müqavələsinə xitam verilməsinin qanunsuz olması ilə bağlı bütün iddiaları əsassızdır. Təhsilverənlərin peşakarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə 08 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifıkatlaşdırmada keçid balını toplaya bilmədiyi üçün məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmr verilərkən 08 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanm nəticələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli, 155 nömrəli Qərarına, Azərbaycan Respublikasının Prezidentinin təsdiq etdiyi 29 mart 2019-cu il tarixli “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024-cü il tarixli, 3-29- 69/3-2-13F/2024 nömrəli əmrinə əsaslanılmışdır. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyərək, cavabdehin mülahizəsini, işin faktiki hallarını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, 21 nömrəli, 27 iyun 2024-cü il tarixli əmr ilə təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə keçirilmiş təkrar sertifikatlaşdırmada müəyyən olunmuş keçid balını toplaya bilməyən Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. İş materiallarında olan Məktəbəqədər və Ümumi Təhsil üzrə X6 Aran Regional Təhsil İdarəsinin Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbin direktoru Nümayəndə 27 iyun 2024 tarixli, 21 nömrəli əmrindən görünür ki, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə 8 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 27 iyun 2024-cü il tarixdən ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, 29 oktyabr 2009-cu ildə doğulmuş X4 “kvadroplegik spastik serebral iflic, uşaq serebral iflici teraplegik forma” diaqnozu ilə müddətsiz ümumi xəstəlikdən birinci dərəcəli əlildir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının əmək müqaviləsi 27 iyun 2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndinə əsasən ləğv edilmişdir. Əmək müqaviləsinin ləğv edilməsinə səbəb “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsil verənlərə müqnasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırılma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplaya bilməməsi ilə əlaqədar olmuşdur. İddiaçı işdən çıxarılmasını qanunsuz hesab edərək Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbin direktoru Nümayəndə 27 iyun 2024 tarixli, 21 əmri ilə işdən azad edilməsinin qanunsuz və əsassız olduğunu, işçi olaraq hüquqlarının pozulduğunu əsas gətirməklə əmrin ləğv edilməsi, əvvəlki tutuduğu vəzifəyə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırılma Qaydası”nın 5.4-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-2-ci maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. Həmin Məcəllənin 67-2-ci maddəsinin dördüncü hissəsinə əsasən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməsidir. Göründüyü kimi tərəflər arasında bağlanmış əmək müqaviləsi iddiaçının qanununa uyğun olaraq təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün ləğv olunmuşdur. İddiaçının öhdəsində birinci qrup əlilliyi olan uşağının olması və məktəbin direktoru tərəfindən müqavilənin ləğv olunmasında səlahiyyətinin olmaması barədə göstərdiyi dəlillərlə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar müəyyən edilmişdir. Cavabdehin iddiaya mülahizəsindən və iddiaçının özünün məhkəmə iclasında göstərdiyi izahatından da görünür ki, iddiaçının X2 həmin məktəbdə riyaziyyat müəllimi işləyir, iddiaçının arvadına əlil övladına qulluq üçün müavinət verilir və əmək haqqına da güzəştlər tətbiq edilir. Həmçinin, iddiaçıya məxsus əmək kitabçasından görünür ki, onun məktəb müəllimi kimi işə qəbul edilməsi barədə müvafiq əmr həmin məktəbin direktoru tərəfindən verildiyindən müqavilənin ləğv edilməsi barədə də əmr məhz məktəbin direktoru tərəfindən verilmişdir. Qeyd olunan əmrin verilməsinə əsas kimi 8 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024-cü il tarixli, 3-29-69/3-2- 13F/2024 nömrəli əmri olmuşdur. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının əmək müqaviləsinin ləğv edilməsinin qanunsuz olması ilə əlaqədar göstərdiyi dəlillər əsassız olduğundan iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi, əvvəlki tutuduğu vəzifəyə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddiası təmin еdilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №2(063)-1042/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-1042/2024
25.10.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver