Məhkəmə qərarları › İş №2(063)-1046/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-1046/2025

02.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-1046/2025 02.10.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X2, Ərizəçi və Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi, doğum faktının müəyyən edilməsi haqqında ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi doğum faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək onun 13 oktyabr 2021-ci il tarixdə Ucar rayonunun Boyat kəndində bir qız uşağı doğması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında tələbinin təmin olunmasını xahiş etdi və izahatında göstərdi ki, o və ikinci Maraqlı şəxs2 2021-ci ilin yanvar ayından nikahlarını dövlət qeydiyyatına aldırmadan faktiki ər-arvad münasibətlərindədirlər. Onların həmin münasibətlərindən iki uşaqları olmuşdur. İkinci uşaqları-10 oktyabr 2022-ci il tarixdə anadan olmuş X5r. Lakin onlar birinci uşaqları-13 oktyabr 2021-ci il tarixdə doğulmuş qızlarının doğumunu qeydə aldıra bilmirlər. Bunun səbəbi isə odur ki, birinci uşaqları ev şəraitində doğulmuşdur. 2026-cı təhsili ili başladıqda isə həmin uşaq məktəbəqədər hazırlıq sinifinə getməlidir. Bunun üçün də onlar indidən uşağın doğumu barədə sənəd almaq istəyirlər ki, uşaq təhsildə həmyaşıdlarından geri qalmasın. Ona görə də, o, qızının doğumunun qeydə alınması və qızına doğum haqqında şəhadətnamə verilməsi üçün Maraqlı şəxs1nə müraciət etsə də həmin şöbənin 29 iyul 2025-ci il tarixli imtinası ilə müvafiq sənədlər olmadığından ona məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Uşaq hazırda sağlamdır və onlarla birlikdə yaşayır. Maraqlı şəxs1nə rəsmi qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələbinə əsaslanaraq işə Maraqlı şəxs1 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Maraqlı şəxs2 məhkəmə iclasında ərizəçinin tələbinin təmin olunmasını xahiş etdi və izahatında ərizəçinin ərizədə göstərilənləri təsdiq etdiyini bildirdi, əlavə olaraq izahatında göstərdi ki, o, 13 oktyabr 2021-ci ildə ərizəçi tərəfindən doğulmuş qız uşağının atasıdır, uşaq hazırda sağlamdır və onlarla birlikdə yaşayır. Məhkəmə iclasında şahid kimi dindirilmiş X3 ifadəsində göstərdi ki, oğlu Maraqlı şəxs2 Ərizəçi ilə 22 yanvar 2021-ci ildə ailə qurmuşlar, lakin nikahları qeydə alınmamışdır. Onların faktiki ailə münasibətlərindən iki uşaqları var. Onların faktiki ailə münasibətlərindən olan qız uşağı 13 oktyabr 2021-ci ildə qəflətən, ev şəraitində doğulmuşdur, buna görə də xəstəxanada doğumu mümkün olmamışdır, həmin uşaq hazırda sağlamdır, valideynləri ilə birlikdə yaşayır. Məhkəmə iclasında şahid kimi dindirilmiş X6 ifadəsində göstərdi ki, qardaşı Maraqlı şəxs2 Ərizəçi ilə 22 yanvar 2021-ci ildə faktiki olaraq ailə qurmuşlar. Onların ailə münasibətlərindən iki uşaqları vardır. Onların ailə münasibətlərindən olan qız uşağı 13 oktyabr 2021-ci ildə qəflətən, ev şəraitində doğulmuşdur, həmin uşaq hazırda sağlamdır, valideynləri ilə birlikdə yaşayır. Məhkəmə ərizəçinin və Maraqlı şəxs2 izahatlarını və şahidlərin ifadələrini dinləyərək və iş materillarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs1 ərizəçiyə ünvanlanmış 29 iyul 2025-ci il tarixli, 316-5/8-11-300/2025 nömrəli məktubundan görünür ki, doğumun dövlət qeydiyyatına alınması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166-cı maddəsinin tələbinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na uyğun aparılır. Həmin qaydaya görə doğumun qeydə alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd təqdim edilməlidir. Ərizəçi isə qeyd olunan sənədi qeydiyyat şöbəsinə təqdim edə bilmədiyinə görə uşağın doğumunun qeydə alınması mümkün olmamışdır. Ona görə də, uşağın doğumunun qeydə alınması və ərizəçiyə, onun doğum haqqında şəhadətnaməsinin verilməsi tələblərindən imtina olunur. Ərizəçi, doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməlidir. İş materiallarında olan doğum haqqında şəhadatnamənin lazımı qaydada təsdiq edilmiş surətindən görünür ki, atası Maraqlı şəxs2 və anası Ərizəçi olan X10 10 oktyabr 2022-ci ildə doğulmuşdur. İş materiallarında olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 5-80-19/2-301/2025 nömrəli, 30 iyul 2025ci il tarixli arayışından görünür ki, Ucar rayonu, Boyat kənd sakinləri Ərizəçi və Maraqlı şəxs2 həqiqətən 2021-ci ilin yanvar ayından bir yerdə yaşayırlar və onların Elvina və Elgün adında iki uşaqları var. İş materiallarında olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 5-80-19/2-425/2025 nömrəli, 02 oktyabr 2025-ci il tarixli arayışından görünür ki, Maraqlı şəxs2 Ərizəçi ilə 2020-ci ildə evlənmişlər və onların Elgün, Elvina adında iki övladları var. Vətəndaşın qız övladı Elvina 13 oktyabr 2021-ci il tarixdə Ucar rayonu, Boyat kəndində doğulub və halhazırda Ucar rayonu, Boyat kəndində yaşayır. İşdə olan uşağın tibbi kitabçasının surətindən görünür ki, ana Elzanə Muradov və ata Maraqlı şəxs2 olan 10 oktyabr 2021-ci ildə doğulmuş X1. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, ərizəçi, Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatdadır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Maraqlı şəxs2 Ucar rayonu, Boyat kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3 və 307.2.11-ci maddələrinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının və qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.6-cı bəndinə əsasən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Uşağın doğumunun qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Beləliklə, məhkəmə iclasında ərizəçinin və maraqlı şəxsin izahatları, şahidlərin ifadələri və iş materialları ilə ərizəçinin 13 oktyabr 2021-ci ildə qadın cinsindən olan uşağı doğması müəyyən edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hüquqi faktın müəyyən edilməsi üçün əsaslar vardır, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir, ərizəçinin tələbi əsaslı və qanunauyğundur, buna görə də ərizə təmin edilməli, ərizəçinin 13 oktyabr 2021-ci il tarixdə Ucar rayonu, Boyat kəndində qadın cinsindən olan uşağı doğması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305-311, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 13 oktyabr 2021-ci il tarixdə Ucar rayonu, Boyat kəndində qadın cinsindən olan uşağı doğması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar