Məhkəmə qərarları › İş №2(063)-118/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-118/2025

27.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-118/2025 27.02.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 doğum faktının müəyyən edilməsi haqqında ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 doğum faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi2 10 iyul 2005-ci il tarixdə Ucar rayonunun Alpout kəndində doğulması və Ərizəçi1 onun atası olması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Tələb onunla əsaslandırılmışdır ki, ikinci Ərizəçi2 10 iyul 2005-ci il tarixdə Ucar rayonunun Alpout kəndində anadan olmuşdur. Onun 18 yaşı tamam olsa da ona indiyədək doğum haqqında şəhadətnamə alınmamış və o, orta məktəbdə oxumamışdır. Ərizəçi2 2 yaşı olandan sonra onun anası Rusiya Federasiyasının vətəndaşı olan Naida Qadjiyeva xaricə çıxıb getmiş və yaşayış yeri onlara məlum deyildir. Lakin hal-hazırda Ərizəçi2 ailə qurmaq istəyir və buna görə də sonuncuya doğum haqqında şəhadətnamə alınmalıdır. Ona görə də Ərizəçi2 doğumunun qeydə alınması və ona doğum haqqında şəhadətnamə verilməsi üçün Maraqlı şəxsnə müraciət etsələr də həmin şöbənin 27 sentyabr 2023-cü il tarixli imtinası ilə müvafiq sənədlər olmadığından onlara məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Ərizəçilər məhkəmə iclasında ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdilər və tələblərinin məzmununa uyğun izahat verdilər. Ərizəçi1 əlavə olaraq olaraq izahatında göstərdi ki, 1979-cu il təvəllüdlü, Rusiya Federasiyasının vətəndaşı X9 ilə 1998-ci ildə faktiki olaraq ailə qurmuşdur, faktiki olaraq ailə münasibətlərindən üç uşaqları doğulmuşdur. Sumayə adlı qızı 10 iyul 2005-ci ildə doğulmuşdur. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi təqdim edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin tələbinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid kimi dindirilmiş X2 ifadəsində göstərdi ki, Ərizəçi1 onun qardaşıdır, Məzahir Rusiya Federasiyasının vətəndaşı Qadjilaeva Naida adlı şəxslə evlənmiş, onların üç uşaqları doğulmuşlar. Sumayə adlı qızı 10 iyul 2005-ci ildə ünvan 1ində yaşadıqları evdə, ev şəraitində doğulmuşdur. Sumayənin 2 yaşı olanda Naida Rusiya Federasiyasına köçüb getmişdir, Sumayə adlı uşaq digər qardaşı və bacısı atasının, yəni Məzahirin yanında qalmışdır. Əlavə olaraq ifadəsində göstərdi ki, Sumayənin sənədi olmadığına görə məktəbdə oxumamışdır. Hazırda Sumayə atası ilə birlikdə ünvan 1ində yaşayır. Məhkəmə iclasında şahid kimi dindirilmiş X3 ifadəsində göstərdi ki, Məzahir onunla qonşudur, Məzahir faktiki olaraq Naida adlı şəxslə Rusiya Federasiyasında ailə qurmuşdur, onların iki qızı və bir oğlu olmuşdur, Sumayə adlı qızı 2005-ci ilin iyul ayının 10-da ev şəraitində, yaşadıqları ünvan 1ində yerləşən evdə doğulmuşdur. Sumayə körpə olarkən anası Naida Rusiyaya getmişdir, Sumayə, qardaşı Soltan və bacısı Zülfiyyə ilə birlikdə atasının yanında qalmışlar. Əlavə olaraq ifadəsində göstərdi ki, Sumayə hazırda da atası ilə birlikdə yaşayır. Sumayənin sənədi olmadığına görə orta məktəbdə oxumamışdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş X7 ifadəsində göstərdi ki, Məzahir onun qaynıdır, yəni əri Qnyazın qardaşıdır, Məzahir faktiki olaraq Naida adlı şəxslə Rusiya Federasiyasında ailə qurmuşdur, onların iki qızı və bir oğlu olmuşdur, Sumayə adlı qızı 2005-ci ilin iyul ayının 10-da ev şəraitində, yaşadıqları ünvan 1ində yerləşən evdə doğulmuşdur. Sumayə körpə olarkən anası Rusiyaya getmişdir, Sumayə, qardaşı Soltan və bacısı Zülfiyyə ilə birlikdə atasının yanında qalmışlar. Əlavə olaraq ifadəsində göstərdi ki, Sumayə hazırda da atası ilə birlikdə yaşayır. Sumayənin sənədi olmadığına görə orta məktəbdə oxumamışdır. Məhkəmə ərizəçilərin izahatlarını və şahidlərin ifadələrini dinləyərək, ekspert rəylərini və iş materillarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs Ucar rayonunun Alpout kəndində yaşayanlar Ərizəçi1 və X6 ünvanlanmış 27 sentyabr 2023-cü il tarixli, 3-16-5/8-367 nömrəli məktubundan görünür ki, 10 iyul 2005-ci ildə Ucar rayonunda Ərizəçi2 doğumu haqqında akt qeydi arxivdə aşkar olunmamışdır. Doğum haqqında akt qeydinin qeydə alınması üçün valideynlər nikah haqqında şəhadətnamə, şəxsiyyətlərini təsdiq edən sənəd və doğum haqqında tibbi şəhadətnamələr ilə birlikdə qeydiyyat şöbəsinə müraciət etməlidirlər. Lakin Ərizəçi2 anası uşaq anadan olandan sonra uşağı atasının yanında qoyaraq xarici ölkəyə getməsi və hal-hazırda onun yaşayış yeri müəyyən olunmadığına görə uşağın atası hesab olunan şəxs Ərizəçi1 Maraqlı şəxsnə uşağın doğumunu təsdiq edən tibbi şəhadətnaməni və doğumun qeydə alınması üçün kifayət qədər sübutları təqdim edə bilmədiyinə görə Ərizəçi2 doğumunun qeydə alınması və ona doğum haqqında şəhadətnamənin verilməsi qeydiyyat şöbəsində mümkün deyildir. Ona görə də Ərizəçi2 doğumunun qeydə alınması barədə tələbin yerinə yetirilməsi Maraqlı şəxs tərəfindən imtina olunmuş və ərizəçilərə məhkəməyə müraciət etmək məsləhət bilinmişdir. İşə əlavə edilmiş Ucar Rayon İcra Hakimiyyəti başçısının Alpout kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin 03 oktyabr 2023-cü il tarixli, 476 nömrəli arayışından görünür ki, həqiqətən ünvan 1 sakini Ərizəçi1 qızı Ərizəçi2 10 iyul 2005-ci il tarixdə ünvan 1ində anadan olmuş və hazırda bir yerdə ünvan 1ində yaşayırlar. Ərizəçi2 anası Naida Qadjıyeva 2007-ci ildən onu atasının yanında qoyaraq naməlum yerə getmişdir. İşə əlavə edilmiş “Ucar Rayon Mərkəzi Xəstəxanası” X19 24 noyabr 2023-cü il tarixli, 256 nömrəli arayışından görünür ki, ünvan 1 sakini Ərizəçi2 həqiqətən “Ucar Rayon Mərkəzi Xəstəxanası” X19 poliklinika şöbəsinin narkoloji, ruhi-əsəb, dəri-zöhrəvi, onkoloji, endikrinoloji, vərəm əleyhinə kabinetlərdə qeydiyyatda yoxdur. Həmçinin, son beş ildə hər hansı bir xəstəliyə görə poliklinika şöbəsinə müraciət etməmişdir. İşə əlavə edilmiş X18 Təhsil İdarəsinin Ucar rayonu üzrə təhsil sektorunun Ş.Həsənov adına Alpout kənd 2 nömrəli tam orta məktəbin direktoru L.Talıbovanın 24 noyabr 2023-cü il tarixli, 30 nömrəli arayışından görünür ki, Ucar rayon Alpout kənd sakini Mahmudova X5 Ş.Həsənov adına 2 nömrəli tam orta məktəbdə təhsil almamışdır. İşə əlavə edilmiş X18 Təhsil İdarəsinin Ucar rayonu üzrə təhsil sektorunun Alpout kənd 1 nömrəli tam orta məktəbin direktoru Ə.Məmmədovun 24 noyabr 2023-cü il tarixli, 58 nömrəli arayışından görünür ki, hal-hazırda ünvan 1ində yaşayan 10 iyul 2005-ci ildə anadan olmuş Ərizəçi2, həqiqətən Ucar rayon Alpout kənd 1 nömrəli tam orta məktəbdə təhsil almamışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsinin bölmə rəisi H.Vahabovanın 31 yanvar 2024-cü il tarixli, 659/di nömrəli məktubundan görünür ki, Rusiya Federasiyasının vətəndaşı, 24 aprel 1979-cu il təvəllüdlü Naıda Gadzhılaeva (pasport № 7********) sonuncu dəfə olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı 27 fevral 2014-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və ünvan 1i ünvanına qeydiyyata alınmışdır. Şəxsin müvafiq yaşama icazələrinin alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd nəzarəti şöbəsinin rəisi O.İbrahimovun 16 fevral 2024-cü il tarixli, 3-38-2/33-528/24 nömrəli məktubundan görünür ki, 24 aprel 1979-cu il təvəllüdlü Gadzhılaeva Naıdanın (ata adı məlum deyil) dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: 23 fevral 2014-cü il giriş, 02 avqust 2014-cü il çıxış, 31 mart 2015-ci il giriş, 01 aprel 2015-ci il çıxış. Məhkəmənin 01 mart 2024-cü il tarixli, 2(063)-56/2024 nömrəli qərardadına əsasən mülki iş üzrə məhkəmə-tibbi və məhkəmə tibbi-bioloji ekspertizaları təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X14” X19 məhkəmə tibbi biologiya şöbəsinin rəisi E.Məmmədovun 07 may 2024-cü il tarixli, 9/393 nömrəli məktubundan görünür ki, ekspertizanın bioloji səviyyədə, yəni qrup göstəricilərinin tədqiqinə əsasən keçirilməsi üçün hər iki valideynin iştirakı mütləqdir. Ana tərəf olmadığı üçün ekspertizanın bioloji səviyyədə keçirilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X14” X19 25 aprel 2024-cü il tarixli, 157 nömrəli ekspert rəyindən (canlı şəxsin ekspertizası) görünür ki, X4 məhkəmə-tibb ekspertizasına, onun adına tərtib olunmuş tibbi sənədə əsaslanaraq və ilkin məlumatı nəzərə alıb qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: 1. X4 fizioloji inkişafı nəzərə alınmaqla və antroskopik, antropometrik göstəricilərinə əsasən hal-hazırkı fiziki inkişaf yaşı 16,5-17 ilə uyğun gəlir. Məhkəmənin 01 noyabr 2024-cü il tarixli, 2(063)-56/2024 nömrəli qərardadına əsasən mülki iş üzrə məhkəmə tibbi-genetik ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X14” X19 28 yanvar 2025-ci il tarixli, 869/2024-MTBŞ nömrəli ekspert rəyindən (maddi sübutların ekspertizası) görünür ki, qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, Ərizəçi1 ekspertizaya təqdim olunmuş Ərizəçi2 adlı uşağın bioloji atası olması təsdiq olundu. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3, 307.2.10 və 307.2.11-ci maddələrinə əsasən məhkəmə şəxslərin doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının, atalığın etiraf olunması faktının və qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli, 31 oktyabr 2003cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.6-cı bəndinə əsasən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Uşağın doğumunun qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Beləliklə, məhkəmə iclasında ərizəçilərin izahatları və şahidlərin ifadələri, ekspert rəyləri və iş materialları ilə Ərizəçi2 10 iyul 2005-ci il tarixdə Ucar rayonunun Alpout kəndində doğulması və Ərizəçi1 onun atası olması faktları müəyyən edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hüquqi faktların müəyyən edilməsi üçün əsaslar vardır, ərizəçilər həmin faktları təsdiq edən lazımi sübutları başqa qaydada ala bilmirlər, buna görə də ərizə təmin edilməli, Ərizəçi2 10 iyul 2005-ci il tarixdə Ucar rayonunun Alpout kəndində doğulması və Ərizəçi1 onun atası olması faktları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 305-311, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi2 10 iyul 2005-ci il tarixdə Ucar rayonunun Alpout kəndində doğulması və Ərizəçi1 onun atası olması faktları müəyyən edilsin. Müvafiq qeydiyyat aparılması üçün qətnamə Maraqlı şəxsnə təqdim edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar