Məhkəmə qərarları › İş №2(063)-1216/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-1216/2025

18.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-1216/2025 18.03.2026 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Atayeva Ramilə Mirəli qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "nikahın pozulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında Göyçay rayon qeydiyyat şöbəsində 05 aprel 2025-ci il tarixdə, 78 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 05 aprel 2025-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmiş, birgə nikahdan övladları olmamışdır. Cavabdehlə xarakterlərinin uyğun gəlməməsi səbəbindən ailə münasibətləri tamamilə pozulmuşdur. Artıq xeyli müddət olar ki, ayrı yaşayırlar. Bundan sonra ailə münasibətlərinin bərpasının mümkün olmadığını düşünür. Hazırda nikahları formal xarakter daşıyır. Bu səbəbdəndə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmiş, bu məqsədlə əvvəlcə qeydiyyat şöbəsinə müraciət etsə də, cavabdehin qeydiyyat şöbəsinə getməməsi səbəbindən nikahın orada pozulması baş tutmamışdır. Eyni zamanda, o, mediasiya qurumuna müraciət edərək, mediasiya xərcini ödəmiş, lakin, cavabdeh 20 avqust 2025-ci il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etmədiyinə görə ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayış verilmişdir. Bu səbəbdən də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq göstərmişdir ki, nikahın pozulmasında fikri qətidir. Eyni zamanda, onlara məhkəmə tərəfindən barışmaları üçün 3 ay müddət verilməsinə baxmayaraq, bu müddət ərzində də barışıq olmamışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, bununla yanaşı işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmə səbəbləri barədə məlumat verməmişlər, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Göyçay rayon qeydiyyat şöbəsi tərəfindən 05 aprel 2025-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 660908 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X1 05 aprel 2025-ci il tarixdə, 78 saylı akt qeydi ilə nikahlarını bağlamış və nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Məmmədova” soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 sentyabr 2025-ci il tarixli, 3-16-5/8-15-688/2025 saylı məktubdan görünür ki, İddiaçı nikahın pozulması ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan 05 avqust və 03 sentyabr 2025-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, iddiaçı Elvin Muxtarov nikahın pozulmasına dair ilkin mediasiya sessiyasına müraciət edərkən, 60 manat məbləğində mediasiya xərci ödəməklə yanaşı, dövlət rüsumu üçün 50 manat vəsait də sərf etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.2-ci maddəsinə əsasən ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Bu Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.2-ci hissəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının nikahın pozulması ilə əlaqədar Göyçay rayon qeydiyyat şöbəsinə müraciəti cavabdehin qeydiyyat şöbəsinə gəlməməsi səbəbindən müsbət həll edilməmişdir. Həmçinin, məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin birgə nikahından uşaqları olmamışdır. İşdən görünür ki, Ucar Rayon Məhkəməsi tərəfindən 18 dekabr 2025-ci il tarixdə tərəflərə barışmaları üçün 3 (üç) ay vaxt verilməklə işin baxılması təxirə salınmış, lakin onlar nikah münasibətlərini bərpa etmək üçün cəhd göstərməmişlər. Bununla da, təsdiq olunur ki, iddiaçı ilə cavabdeh arasında ər-arvad münasibətləri faktiki olaraq kəsilmişdir. Bu Məcəllənin 23.1-ci maddəsinə əsasən nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflərə barışıq üçün verilmiş müddətdə münasibətlərini bərpa etmədiklərindən, habelə iddiaçı nikahın pozulmasına təkid etdiyindən iddia təmin edilməli, tərəflər arasında nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 29 iyul 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı ilə müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyyə olunmuşdur ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunmalıdır. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi və iddia tələbi üzrə ödənilmiş cəmi 110 (bir yüz on) manat məhkəmə xərcinin tutulması həm iddia ərizəsində, həm də məhkəmə iclasında iddiaçı tərəfindən cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Eyni zamanda iddiaçı ilə cavabdehə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə müvafiq olaraq 3 illik iddia müddəti nəzərə alınmaqla ər-arvadın ümumi əmlakının bölünməsi tələbinə dair məhkəmədə iddia qaldırmaq hüququna malik olmaları izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 05 aprel 2025-ci il tarixdə Göyçay rayon qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 78 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Mediasiya xidmətinin göstərilməsi və iddia tələbi üzrə ödənilmiş cəmi 110 (bir yüz on) manat məhkəmə xərci İddiaçı aid edilsin. Tərəflərə nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində (3 illik müddət) həll edilməsinin məqsədə müvafiqliyi izah edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar