Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-180/2024 09.04.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, İddiaçı və Cavabdeh1 (o məhkəmə iclasında həmçinin Cavabdeh2 nümayəndəsi kimi iştirak edir) iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun qaytarılması tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı borcun qaytarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 465 manat ayrı, cavabdehlərin hər ikisindən 3700 manat məbləğində maddi borcun, ərizənin tərtib olunması üçün vəkilə ödədiyi 150 manat xidmət haqqının və 62 manat dövlət rüsumu olmaqla, cəmi 4377 manat məbləğində pulun cavabdehlərdən müştərək alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianın təmin olunmasını xahiş etdi və izahatında göstərdi ki, Ucar rayonu, Rəstəcə kənd sakinləri Cavabdeh1, onun həyat yoldaşı X4 və Cavabdeh1 atası Cavabdeh2 2021-ci ildən etibarən tanımışdır. Belə ki, həmin şəxslərlə aralarında yaxşı münasibət olmuş və ailəvi gediş-gəlişləri olmuşdur. O, Ucar rayonu, Rəstəcə kəndindən torpaq alıb ev tikmək qərarına gələndə həmin kənddən torpaq maraqlananda Nağı bildirmişdir ki, elə Gülayətin yaşadığı evin həyətindən ona torpaq sahəsi sata bilər. O da daha başqa yerdən torpaq sahəsi maraqlanmyaraq cavabdehlərlə razılaşmışdır. Razılığa əsasən Nağı həmin həyətdən ona 12 sot torpaq sahəsi sata bilər. Sotu 350 manatdan qiymətini razılaşmışlar. 12 sota görə ümumilikdə 4200 manat pul verməli idi. Həmin ilin iyun ayında o, 2500 manatı Gülayətin yanında, onların evlərində atası Nağıya vermişdir. Cavabdehlər həmin torpaqda ev tikməyə icazə vermişlər. O, bir mərtəbəli ev tikməyə başlamışdır. Daha sonra 2022-ci ilin dekabr ayında 1200 manatı yenə Gülayətin yanında atası Nağıya vermişdir. Həmçinin, 2023-cü ilin yanvar ayında Gülayətin övladı xəstə olduğu üçün 465 manat borc vermişdir. Tikməkdə olduğu evin bir hissəsi hazır olanda torpağın sənədləşməsini nə vaxt edəcəklərini soruşanda qısa müddətdə həll edəcəklərini bildirmişlər. Lakin sonra onu aldadaraq torpağı adına keçirtməmişlər. O, artıq dəyəri 25000 manat olan ev tikdiyi üçün polisə şikayət etmişdir. Polisin araşdırması zamanı məlum olmuşdur ki, həmin torpaq bələdiyyə mülkiyyətidir. O, sonra verdiyi pulu geri almaq üçün cavabdehlərlə dəfələrlə əlaqə saxlamış, lakin bir nəticə vermədiyi üçün məcbur olub polisə müraciət etmişdir. İşə əlavə etdiyi Ucar Rayon Polis şöbəsinin baş təhqiqatçısı Nahid İbrahimovun 30 oktyabr 2023-cü il tarixli cinayət işinin rədd edilməsi qərarından da göründüyü kimi cavabdehlər aldıqları pulu etiraf etmişlər. Amma torpağın sotuna görə dedikləri qiymət ağlabatan deyil. Ucar rayonu, Rəstəcə kəndində sotu 2000 manata fərdi yaşayış sahəsi üçün torpaq satılmır. Belə ki, Cavabdeh1 və atası Cavabdeh2 izahatlarında onu 3 ildir tanıdıqlarını, aralarında ailəliklə münasibət olmasını, 2021-ci ilin iyun ayının sonlarında o, şəhərdə olan evini satıb kənddən ev almaq istədiyini qeyd etmişdir. Onlar da öz həyətyanı torpaq sahəsindən 12 sotunu ona sata biləcəklərini demişlər. Həyətləri ərazi olaraq böyükdür, həmin ərazidən 12 sotunu sata bilərlər. Guya onunla sotu 2000 manatdan 24000 manata razılığa gəlmişlər. Onun əlində pulunun olmadığını, kredit götürüb hissə-hissə ödəyəcəyini demişdir. Aralarında münasibət yarandığından ona inanmış və razılaşmışlar. Sonra alınan pulların bir hissəsini, yəni 2500 manat və 1200 manat pul verdiyini etiraf etmişlər, lakin xəstə övladına dərman almaq üçün borc aldığı 465 manatı qeyd etməmişdir. Sonra görəndə ki, o, razılaşmanı pozur, münaqişələri başlamışdır. İşə əlavə etdiyi Cavabdeh2 səs yazısından da göründüyü kimi razılaşmalar cavabdehlərin dediyi kimi yox, onun dediyi kimi olmuşdur. Cavabdeh1 məhkəmə iclasında ona münasibətdə iddianı etiraf edərək qəbul etdiyini, nümayəndəsi olduğu şəxsə münasibətdə isə iddianı qəbul etmədiyini bildirdi və izahatında göstərdi ki, həqiqətən atası X5 2021-ci il tarixdən iddiaçı ilə yaxın münasibətdə olmuş, ailəvi gediş-gəlişləri olmuşdur. İddiaçı atasının evində qonaq olarkən atasına şəhərdə olan evini satıb Rəstəcə kəndində ev tikmək üçün torpaq sahəsi almaq istədiyini bildirmişdir. Bu zaman atası X5 iddiaçıya 50 sot torpağının olduğunu bildirmişdir. İstəsə 12 sot torpağı hər sotunu 350 manata verə bilər. Onlar torpaq sahəsinə baxdıqdan sonra iddiaçı bildirmişdir ki, bu torpaq yerin ayaq hissəsindədir, ona görə istəmir. Bu zaman atası iddiaçıya bildirmişdir ki, onun da 12 sot torpaq sahəsi var, əgər razılaşsa sata bilər. Hər ikisi onun torpaq sahəsinə baxdıqdan sonra o, həmin torpaq sahəsinin hər bir sotunu 2000 manata verəcəyini iddiaçıya bildirmişdir. İddiaçı baha olduğunu demiş, hər sotunu 1500 manata razılaşmışlar. 1500 manata verməyinin səbəbi o idi ki, həmin torpaq sahəsinin üzərində hər növ bar verən meyvə ağacları vardır. Birinci dəfə iddiaçı ona 2500 manat, ikinci dəfə isə 1200 manat pul vermiş, ümumilikdə iddiaçı ona 3700 manat pul vermişdir. Bundan əlavə, iddiaçı iddia ərizəsində ona satacağı 12 sot torpağın bələdiyyə mülkiyyətində olmasını qeyd edir. Bu da yalandır, çünki, Rəstəcə kənd bələdiyyəsi tərəfindən adına çıxarış verilmiş, yerseçmə aktı müəyyən olunmuşdur. Həmin sənədləri iddia ərizəsinə əlavə etmişdir. Həmin sənədlər ona 2005-ci ildə verilmiş, bələdiyyənin rüsumunu da ödəmişdir. 2005-ci ildən bu günə kimi hər ilin torpaq haqqını bələdiyyənin hesabına ödəyir. Razılaşdıqları 18000 manatdan ona 3700 manat pul verilmişdir. Əlavə olaraq bildirdi ki, iddiaçı ona uşağının xəstəliyi ilə bağlı 465 manat pul vermişdir, həmin hissədə iddianı qəbul edir. 3700 manatın ondan tutulmasına razıdır, atası orada iştirak etmişdir, pul isə ona verilmişdir. İddiaçının məhkəməyə müraciət etməyi ilə bağlı çəkdiyi xərclərin də ondan tutulmasına razıdır. Məhkəmə, iddiaçının və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş matеriallarına əlavə olunmuş Ucar Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı X2 HK-1/1505 saylı matеrial üzrə cinayət işinin başlanmasının rədd еdilməsi haqqında 30 oktyabr 2023-cü il tariхli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış matеrial üzrə cinayət işinin başlanılması rədd еdilmiş, İddiaçı dəymiş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət еtmək hüququnun olması izah еdilmişdir. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı, Ucar şəhəri, 28 May küçəsi, Təzə məhəllədə qeydiyyatdadır. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsində olan məlumatdan görünür ki, Cavabdeh1 Ucar rayonu, Rəstəcə kəndində qeydiyyatdadır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 iddiaçıdan borca görə 465 manat və torpaq sahəsi ilə əlaqədar 3700 manat pul almışdır, məhkəmə iclasında Cavabdeh1 özünə münasibətdə iddianı etiraf edərək qəbul etmişdir, məhkəmə iclasında Cavabdeh2 iddiaçı qarşısında öhdəliyi və ya mülki məsuliyyəti müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 62 manat dövlət rüsumu və vəkilin göstərdiyi yardıma görə 150 manat xərc məhkəmə xərclərinə aid edilməli və Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 borca görə 465 manat, torpaq sahəsi ilə əlaqədar verdiyi pula görə 3700 manat, vəkilin göstərdiyi yardıma görə 150 manat xərc, ödənilmiş dövlət rüsumuna görə 62 manat, cəmi 4377 manat məbləğində pul tutularaq İddiaçı verilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 borca görə 465 (dörd yüz altmış beş) manat, torpaq sahəsi ilə əlaqədar verdiyi pula görə 3700 (üç min yeddi yüz) manat, vəkilin göstərdiyi yardıma görə 150 (bir yüz əlli) manat xərc, ödənilmiş dövlət rüsumuna görə 62 (altmış iki) manat, cəmi 4377 (dörd min üç yüz yetmiş yeddi) manat məbləğində pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №2(063)-180/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-180/2024
09.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver