Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-19/2024 05.07.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh2 nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaqdan çıxarılma və digər tələblər barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı torpaqdan çıxarılma və digər tələblər barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ********** qeydiyyat nömrəli və 22 dekabr 2022-ci il tarixli çıxarışa əsasən ona məxsus olan Ucar rayonu, Qarabörk kəndində yerləşən 0,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmaları, cavabdehlər tərəfindən həmin torpaq sahəsinə əkilmiş taxılın onların öz hesablarına təmizlənməsi (torpaqdan çıxarılması) və həmin torpaq sahəsində əkdiyi yoncanın cavabdehlər tərəfindən yenidən əkilərək bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 21 sentyabr 2011-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Ucar rayonu, Qarabörk kəndində yerləşən 0,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini X5, X2 və X3 almışdır. Buna görə də, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən adına 22 dekabr 2022ci il tarixli çıxarış verilmişdir. Həmin torpaq sahəsini aldıqdan sonra təyinatı üzrə istifadə etmişdir. Təxminən bir neçə ay əvvəl ona məxsus torpaq sahəsinə bitişik digər torpaq sahəsində əkin-biçinlə məşğul olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun torpaq sahəsinə müdaxilə edərək həmin torpaq sahəsinin onlara məxsus olduqlarını iddia edirlər. Həmin şəxslər əkdiyi yoncanı məhv edərək yerində taxıl əkmişlər. Həmkəndli olduğu üçün o, cavabdehlərin qanunsuz hərəkətlərinə şifahi olaraq öz etirazını bildirmiş və həmçinin onlara demişdir ki, həmin torpaq sahəsi çıxarışla ona məxsusdur. Lakin cavabdehlər buna məhəl qoymayaraq hətta onun özünün torpaq sahəsindən istifadə etməyinə imkan vermirlər. Səbəb kimi ona məxsus olan torpaq sahəsinin onlara aid olduğunu bildirirlər. Cavabdehlərin sözügedən torpaq sahəsində əkin-biçin aparması onun mülkiyyətçi kimi hüquqlarını pozur. Cavabdehlərin onun mülkiyyətində olan torpaq sahəsindən istifadə etmələri bir mülkiyyətçi kimi onun həmin torpaq üzərində dövlət tərəfindən tanınan və qorunan hüquqlarını kobud şəkildə pozur. Bir daha qeyd etmək istəyir ki, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ona məxsus 0,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qeyri-qanuni olaraq cavabdehlərin sahibliyində qalması və onlar tərəfindən istifadə edilməsi bir mülkiyyətçi kimi onun həmin torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını pozur. İddiaçı və onun nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdilər və iddia ərizəsində göstərilənləri təsdiq etdiklərini, əlavələrinin olmadıqlarını bildirdilər. Cavabdeh2 nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirdi və izahatında göstərdi ki, təmsil etdiyi şəxs iddiaçının torpaq sahəsini əlindən almamışdır, iddiaçının torpaq sahəsindən istifadə etmirlər və əkməmişlər, öz torpaq sahələrindən istifadə edirlər. Ola bilər ki, əvvəllər 5-10 metr iddiaçının torpaq sahəsinə keçmişlər. Cavabdeh2 nümayəndəsi məhkəmə çıxışları zamanı təmsil etdiyi şəxsə qarşı iddiaçının iddiasının qismən təmin edilməsini təklif etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının, onun nümayəndəsinin və vəkilinin, habelə Cavabdeh2 nümayəndəsinin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ucar rayonu, Qarabörk kəndində yerləşən ümumi sahəsi 0,75 ha kənd təsərrüfatı təyinatlı olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 60 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində 22 dekabr 2022-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı, Ucar rayonu, Qarabörk kəndində qeydiyyatdadır. İş materiallarında olan AA2736543 nömrəli şəxsiyyət vəsiqəsində olan məlumatdan görünür ki, Cavabdeh1 Ucar rayonu, Qarabörk kəndində qeydiyyatdadır. İş materiallarında olan etibarnamədən görünür ki, Cavabdeh2 Ucar rayonu, Qarabörk kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/2107 nömrəli ekspert rəyindən (məhkəmə tikinti-texniki) görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 28 fevral 2024-cü il tarixli, 3-21-3- 36/2-Ə-00xx-xx/2024 nömrəli mütəxəssis rəyinə əsasən, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********62 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.75 ha torpaq sahəsinin 0.41 ha hissəsinin cavabdehlər X9 və Cavabdeh2 tərəfindən naturada istifadə olunduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 may 2024-cü il tarixli, 3-16-16/2-7/436 nömrəli ekspert rəyindən (məhkəmə-bioloji) görünür ki, tədqiqata təqdim edilmiş Ucar Rayon Məhkəməsinin 2(063)-216/2023 saylı mülki iş materialında (səhifə 81-82) Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Ucar X14 Mərkəzinin Bitkiçilik sektorunun rəyinə əsasən Qarabörk kənd ərazisində yerləşən sahələrin heç birində taxıl əkini aşkar edilmədi, hər iki sahə köhnə yonca sahəsidir və ərazidə yoncanın 70 faizi tamamilə məhv olmuşdur. Tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Ucar X14 Mərkəzinin Bitkiçilik sektorunun rəyində həmin torpaq sahəsinə əkilmiş yonca və taxıl bitkiləri ayrı-ayrılıqda nə qədər ərazinin əhatə etməsi barədə məlumat verilmədiyindən qərardadda qoyulmuş “Həmin torpaq sahəsinə əkilmiş yonca və taxıl bitkiləri ayrı-ayrılıqda nə qədər ərazinin əhatə etməsi” sualı üzrə tədqiqat işləri aparılmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcələlləsinin 55-ci maddəsində torpaq sahəsi üzərində hüquqların yaranması əsasları göstərilmişdir. Həmin Məcəllənin 110-cu maddəsinə əsasən bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 111-ci maddəsinin birinci, ikinci və üçüncü hissələrinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş, zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Beləliklə, ekspert və mütəxəssis rəyləri ilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********62 reyestr nömrəli çıxarışla iddiaçının mülkiyyətinə verilmiş 0,75 ha torpaq sahəsinin 0,41 ha hissəsinin cavabdehlər tərəfindən naturada istifadə olunduğu müəyyən edilmişdir. Məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur, iddiaçı özgənin qanunsuz sahibiliyindən öz əmlakını geri tələb edə bilər. Odur ki, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 22 dekabr 2022-ci il tarixli çıxarışa əsasən 0,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada istifadə etdikləri 0,41 ha hissəsindən çıxarılmalıdırlar. Bundan əlavə, məhkəmə iddiaçının iddia ərizəsində göstərdiyi digər tələbləri ilə bağlı qeyd edir ki, digər ekspert və mütəxəssis rəylərində ərazidə yerləşən sahələrin heç birində taxıl əkinin aşkar edilmədiyi, hər iki sahənin köhnə yonca sahəsi olduğu və ərazidə yoncanın 70 faizinin tamamilə məhv olması göstərilmişdir. Həmçinin, qeyd olunan ekspert rəyində həmin torpaq sahəsinə əkilmiş yoncanın və taxıl bitkilərinin ayrı-ayrılıqda nə qədər ərazini əhatə etməsi barədə məlumat verilmədiyinə görə qərardadda qoyulmuş sual üzrə tədqiqat işlərinin aparılmadığı göstərilmişdir. Məhkəmə, iddiaçının bu tələbləri ilə bağlı hesab edir ki, iddiaçı həmin tələblər üzrə əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir, buna görə də iddiaçının həmin tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinin tələbinə əsaslanaraq hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçıdan və cavabdehlərdən müştərək qaydada ekspertiza tədqiqatlarının dəyərinə görə cəmi 100 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 22 dekabr 2022-ci il tarixli çıxarışa əsasən 0,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada istifadə etdikləri 0,41 ha hissəsindən çıxarılsınlar. İddia qalan hissədə təmin edilməsin. İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərlərinə görə cəmi 100 (bir yüz) manat X4 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №2(063)-19/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-19/2024
05.07.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver