Məhkəmə qərarları › İş №2(063)-22/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-22/2025

12.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-22/2025 12.02.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X28 oğlunun katibliyi ilə İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ucar rayon Notariat Ofisinə qarşı "miras əmlakda payın tanınması" tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ucar rayon Notariat Ofisinə qarşı "miras əmlakda payın tanınması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X5ndan miras qalmış Ucar rayonu, Boyat kəndində yerləşən 0,20 ha torpaq sahəsinin üzərində onun tam (100%) payının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, mərhum X5nın xüsusi mülkiyyətində Ucar rayonu, Boyat kəndində yerləşən 0,20 ha torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsi ona məxsus torpaq sahəsi ilə eyni həyətdə yerləşir. X5 29 aprel 1998-ci il tarixdə vəfat etdikdən sonra həmin torpaq sahəsindən özü istifadə etmişdir. Bu səbəbdən də, mirasın faktiki qəbulunu rəsmiləşdirmək məqsədi ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Ucar Rayon Notariat Ofisinə müraciət etmişdir. Lakin notarius Azərbaycan Respublikası MM-nin 1246-cı maddəsində nəzərdə tutulmuş müddətin buraxıldığını və vərəsələr arasında ixtilaf olduğu üçün müvafiq şəhadətnaməni verməkdən imtina etmişdir. Belə ki, mərhum anası vəfat etdikdən hazırkı vaxtadək həmin əmlakdan o özü istifadə etmiş və vərəsələrdən yalnız o həmin əmlaka sahiblik etmişdir. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ucar rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və eləcə də, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq iddiaçının, cavabdehin, eləcə də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ucar rayon Notariat Ofisinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Ucar rayon Boyat kənd nümayəndəliyi tərəfindən 08 iyun 2015 ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 525249 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, atası X8, X5 olan İddiaçı xx xxx 1952-ci il tarixdə Ucar rayonu, Boyat kəndində doğulmuşdur. İşdə olan Ucar rayon İcra Hakimiyyəti Başçısının Boyat və Bağman kənd nümayəndəliyi tərəfindən 21 oktyabr 2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 308635 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 27 aprel 1998-ci il tarixdə qan dövranı çatmamazlığı diaqnozu ilə Ucar rayonu, Boyat kəndində ölmüşdür. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ucar rayonu, Boyat kəndində yerləşən 0,20 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 24 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı, 088623 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Ucar rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə Ucar rayonu, Boyat kəndi ərazisində yerləşən 5801,32 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün X11 mülkiyyətinə verilmiş və bu barədə X30 kitabında 15 iyul 2009-cu il tarixdə 232 nömrə ilə uçota alınmışdır. İşdə olan Ucar Notariat Ofisinin Cavabdeh ünvanlanmış 15 noyabr 2023-cü il tarixli, 319 nömrəli məktubundan görünür ki, Cavabdeh 15 noyabr 2023-cü il tarixli müraciətində 27 aprel 1998-ci il tarixdə vəfat etmiş X6 qalmış vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, vərəsələr arasında ixtilaf olduğu üçün vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün olmamış və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan Ucar Notariat Ofisinin İddiaçı ünvanlanmış 20 noyabr 2023-cü il tarixli, 322 nömrəli məktubundan görünür ki, İddiaçı 24 oktyabr 2023-cü il tarixli müraciətində 27 aprel 1998-ci il tarixdə vəfat etmiş X6 qalmış vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, vərəsələr arasında ixtilaf olduğu üçün vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün olmamış və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan qanuni qüvvəsini almış Ucar Rayon Məhkəməsinin 06 may 2015-ci il tarixli, 2(063)-356/2015 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı doğum akt qeydində düzəliş edilərək doğulduğu tarix xx xxx 1952-ci il kimi yazılması qət edilmişdir. İşdə olan mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən Bələdiyyə əmlak vergisi üçün 15 oktyabr 2022-ci il tarixdə 16 və 02 manat, 07 noyabr 2023-cü il tarixdə isə 15,80 və 1,72 manat məbləğində ödənişlər olunmuşdur. İşdə olan tədiyyə bildirişlərindən görünür ki, İddiaçı 2015-ci il üçün 18,10 manat, 2017-ci il üçün 14,10 manat, 2019-cu il üçün 18,20 manat məbləğində torpaq və əmlak vergisi hesablanmışdır. İşdə olan Ucar rayon İcra Hakimiyyəti Başçısının Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X24, X7 vərəsəsi Cavabdeh, Boyat kənd sakinləri X4, X13, X2 iştirakları ilə tərtib edilmiş 02 fevral 2024-cü il tarixli aktın surətindən görünür ki, X3 oğlu, Cavabdeh ilə eyni həyətdə və mənzildə yaşamışdır. Ölümündən iki ay əvvəl səhhəti pisləşdiyindən müalicə üçün Bakı şəhərində yaşayan oğlu X9 yanında müalicə almış və orada 27 aprel 1998-ci il tarixdə vəfat etmiş və Boyat kənd qəbirstanlığında dəfn edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Ucar Rayon İcra Hakimiyyəti Ucar Rayon Dövlət Arxivi tərəfindən verilmiş 01 fevral 2024-cü il tarixli, 5-80- 27/2-04/2024 nömrəli arxiv çıxarışının surətindən görünür ki, Ucar rayonu, Boyat kənd X23 aid 1991-1995-ci illərə dair 1 nömrəli təsərrüfatbaşına kitabın 04 nömrəli şəxsi hesabı üzrə X12 dair təsərrüfatda aşağıdakı qaydada qeydlər var.

1. X15-təsərrüfat başçısı, 1 iyul 1918-ci il təvəllüdlü

2. Oğlu - xx xxxx 1958-ci il təvəllüdlü Cavabdeh

3. Gəlni - 10 sentyabr 1963-cü il təvəllüdlü X18

4. Nəvəsi - 10 yanvar 1990-cı il təvəllüdlü X16 Təsərrüfatın şəxsi istifadəsində 0,20 ha torpaq və ümumi sahəsi 80 kv.m, o cümlədən yaşayış sahəsi 48 kv.m olan evin olması barədə məlumat vardır. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Ucar Rayon İcra Hakimiyyəti Ucar Rayon Dövlət Arxivi tərəfindən verilmiş 01 fevral 2024-cü il tarixli, 5-80- 27/2-03/2024 nömrəli arxiv çıxarışının surətindən görünür ki, Ucar rayonu, Boyat kənd X23 aid 1991-1995-ci illərə dair 202 nömrəli təsərrüfatbaşına kitabın 498 nömrəli şəxsi hesabı üzrə X14 (soyadı Rəhimova yazılmış, üstündən xətt çəkilmişdir) dair təsərrüfatda aşağıdakı qaydada qeydlər var.

1. X19-təsərrüfat başçısı, 10 sentyabr 1963-cü il təvəllüdlü

2. Oğlu - 10 yanvar 1990-cı il təvəllüdlü X16

3. Qızı - 15 yanvar 1992-ci il təvəllüdlü X10 Təsərrüfatın şəxsi istifadəsində 0,06 ha torpaq sahəsi olması barədə məlumat vardır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin 02 iyul 2024-cü il tarixli, 3-21-3-36/2-2716/2024 saylı mütəxəssis rəyindən, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 oktyabr 2024-cü il tarixli, 10/5631 nömrəli rəyindən görünür ki, **********18 reyestr nömrəli çıxarışla X7 (RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri) mülkiyyətinə verilmiş 0,20 ha torpaq sahəsinin (A№210981 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi) koordinatları ləğv edilmiş DT və XK tərəfindən X11 adına **********0401 kadastr nömrəli (A№088623) torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlarla müəyyənləşən 5801,32 kv.m torpaq sahəsinin koordinatlarlı ilə üst-üstə düşmür (sxemdə göstərilmişdir). Həmçinin, **********18 reyestr nömrəli çıxarışla X7 (RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri) mülkiyyətinə verilmiş 0,20 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunması mütəxəssis tərəfindən aşkar olunmamışdır. Belə ki, iddiaçı və cavabdehin iştirakı ilə keçirilən baxış zamanı cavabdehin naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 0,73 ha torpaq sahəsi ilə **********18 reyestr nömrəli çıxarışla X7 (RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri) mülkiyyətinə verilmiş 0,20 ha torpaq sahəsi arasında 56 metr məsafə olduğu aşkar olunmuşdur. Həmçinin, iş materiallarında olan mötəbər maliyyə sənədlərindən görünür ki, aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat, torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 95 (doxsan beş) manat təşkil edir. İşdə olan 11 dekabr 2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişlər. Məhkəmə, iddianın düzgün həll edilməsi üçün ilk növbədə miras toplusuna daxil olan əmlakın dairəsinin müəyyən edilməsini zəruri hesab edir. Məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki‚ X6 Ucar rayonunun Boyat kəndində yerləşən 0,20 ha torpaq sahəsi miras qalmışdır. Məhkəmə ilk növbədə mübahisənin qanuni həll edilməsi üçün işin müəyyən edilmiş hallarının mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmasını zəruri hesab edir. Həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə-təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv,qərəzsiz,hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. X3 27 aprel 1998-ci il tarixdə vəfat ediyindən ondan qalan mirasla bağlı vərəsələr arasındakı mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Həmin Məcəllənin 1243.2-ci maddəsində göstərilir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsində göstərilir ki,vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki,mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq,o,mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə istinad edilən normanın tələbləri baxımından hesab edir ki, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər qüvvədə olan Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 26 dekabr 2023-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Eyni zamanda Mülki Məcəllənin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla qanunverici orqan tərəfindən mümkün qədər qısa müddət ərzində təkmilləşdirilməsi zəruri hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 21 iyun 2024-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndindən irəli gələrək vurğulayır ki, notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir.O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli,tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ucar rayonu, Boyat kəndində yerləşən mübahisəli 0,20 ha torpaq sahəsi 26 dekabr 2017-ci il tarixdə X3nın adına dövlət qeydiyyatına alınmış, sonuncu 27 aprel 1998-ci il tarixdə ölmüşdür. Bundan sonra, İddiaçı mərhum anası Zəhra Məhərrəmovadan miras qalmış Ucar rayonu, Boyat kəndində yerləşən 0,20 ha torpaq sahəsinə münasibətdə həmin əmlakın onun tərəfindən faktiki qəbulu ilə bağlı zəruri hərəkətləri şəksiz nümayiş etdirməklə, bu barədə mirasın açıldığı yer üzrə notariat ofisinə müraciət etmiş, lakin, müraciəti müsbət həll edilməmişdir. Bu səbəbdən də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, miras əmlakın iddiaçı tərəfindən qəbulunu şəksiz nümayiş etdirən daha bir hal isə sonuncunun bu əmlak üzrə əmlak və torpaq vergi ödəyicisi olmasıdır. Bu isə onun əmlak üzərində faktiki sahiblik hüququnu açıq şəkildə təsdiqləyən əlavə sübutlardan biridir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməklə X1 miras qalmış Ucar rayonu, Boyat kəndində yerləşən 0,20 ha torpaq sahəsinin üzərində İddiaçı tam (100%) payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Eyni zamanda, məhkəmə belə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə, torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 95 (doxsan beş) manat məbləğində pul isə tutularaq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ucar filialındakı hesablaşma hesabına keçirilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

qət etdi:

İddia təmin edilsin. X1 miras qalmış Ucar rayonu, Boyat kəndində yerləşən 0,20 ha torpaq sahəsinin üzərində İddiaçı tam (100%) payı müəyyən edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə, torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 95 (doxsan beş) manat məbləğində pul isə tutularaq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ucar filialındakı (kod- 200770, VÖEN(bank) **********, m/h- AZ37NABZ********************; SWİFT AİİBAZ2X, MMC VÖEN: **********, hesab № AZ71AİİB******************** və ya AZ71AİİB********************) hesablaşma hesabına keçirilsin. İddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar