Məhkəmə qərarları › İş №2(063)-228/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-228/2025

02.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-228/2025 02.06.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Mövlud qızına qarşı "cehiz əşyalarının çıxarılması" tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Mövlud qızına qarşı "cehiz əşyalarının çıxarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Ucar şəhəri, H.Əliyev küçəsi, ev 115, 5 saylı mənzildən Cavabdeh Mövlud qızına məxsus olan qeyd etdiyi cehiz əşyalarının yəni, 250 manat dəyərində olan pianino, 200 manat dəyərində olan giriş dolabının, 150 manat dəyərində olan stol-stul dəsti, 150 manat dəyərində olan iki nəfərlik çarpayı, 250 manat dəyərində olan mətbəx mebeli, 100 manat dəyərində olan qaz sobası və 50 manat dəyərində olan qaz pilitəsinin çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Ucar şəhəri, H.Əliyev küçəsində yerləşən 115 nömrəli evin 5 saylı mənzili mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin evdə qeydiyyatda olan Cavabdeh isə onun gəlinidir. X1 20 oktyabr 2020-ci il tarixdə Qubadlı rayonun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə ağır yaralanmış və 10 noyabr 2020-ci il tarixdə isə aldığı həmin yaradan şəhid olmuşdur. Oğlu şəhid olduqdan sonra gəlini nəvələri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhərinə köçmüşdür. Həmin vaxtdan etibarən onun evində yaşamır və istifadə etmir. Lakin cavabdehə məxsus cehiz əşyaları onun evində olduğundan dəfələrlə sonuncuya əşyalarını çıxarmasını bildirsə də o, könüllü şəkildə əşyalarını evdən çıxarmamışdır. Cavabdehə məxsus cehiz əşyaları hazırda evində olduğundan o, öz mülkiyyətində olan mənzildən sərbəst istifadə edə bilmir. Belə ki, cavabdeh qərəzli şəkildə cehiz əşyalarını yəni, 250 manat dəyərində olan pianino, 200 manat dəyərində olan giriş dolabını, 150 manat dəyərində olan stol-stul dəstini, 150 manat dəyərində olan iki nəfərlik çarpayını, 250 manat dəyərində olan mətbəx mebelini, 100 manat dəyərində olan qaz sobasını və 50 manat dəyərində olan qaz pilitəsini könüllü şəklildə ona məxsus evdən çıxartmır. Bununla da onun mülkiyyətçi kimi hüquqları pozulur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, Cavabdeh məhkəməyə iddia tələbini qəbul etməməsi barədə etiraz ünvanlayaraq göstərmişdir ki, İddiaçı Firuddin qızı ona qarşı cehiz əşyalarının çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxus Ucar rayonu, H.Əliyev küçəsi, ev 115, 5 saylı mənzildən onun cehiz əmlaklarının çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, əri şəhid olduqdan sonra qaynanası yəni, İddiaçı onunla prinsip aparmağa başlamışdır. İddiaçı ona psixoloji təzyiqlər göstərərək, şəhid övladlarını sağlam və normal şəraitdə böyütməyinə iman verməmişdir. İddiaçı onu sevməməsini normal qəbul etsə də, lakin şəhid övladının balalarına yəni, nəvələrinə sahib çıxmamasını anlamır. Şəhidin balalarına sahib çıxmaqdansa şəhid anası kimi digər göstərişli hərəkətlər edir. Bir şəxs soruşsa ki, sən şəhidinin balaları ilə maraqlanırsanmı, onda Aybəniz xanımın hansı cavabı verəcəyini düşünə bilmir. Belə ki, İddiaçı şəhidin balalarına sahib çıxmaqdansa onları əşyaları ilə birlikdə çölə atır. Əri Vətən uğrunda şəhid olmuşdur və dövlət tərəfindən ona lazım olan qayğı göstərilir. Lakin təəssüf ki, şəhidin anası nə onun ailəsinə, nə də ruhuna hörmətlə yanaşmır. Hazırda o və uşaqları həmin evdə şəhidlərinin yoxluğunu hər an hiss edir, onun ətrini duyurlar. Eyni zamnda onu da qeyd etmişdir ki, iddia ərizəsində ona məxsus cehiz əşyaları yəni, 250 manat dəyərində olan pianino, 200 manat dəyərində olan giriş dolabı, 150 manat dəyərində olan 2 nəfərlik çarpayı, 150 manat dəyərində olan stol-stul dəsti, 250 manat dəyərində olan mətbəx mebeli, 100 manat dəyərində olan qaz sobası (iran istehsalı) və 50 manat dəyərində olan qaz pilitəsi qeyd edilsə də, əşyaların dəyəri az qeyd edilmişdir. İddiaçıya məxsus həmin evdə onun əlavə əşyaları daha vardır. Hazırkı vəziyyətdə əşyalarının salamat olubolmamasının və ərizədə göstərilən qiymətlərə uyğunluğunun müəyyən edilməsi üçün məhkəmə ekspertizasının (əmtəşünaslıq) keçirilməsini xahiş etmişdir. Həmçinin, həmin ünvanda o, özünə aid olan hissədə əlavə tikinti işləri də aparmışdır. Əgər o, həmin ünvandan çıxarılası təqdirdə həmin tikililər üçün çəkdiyi xərcləridə iddiaçıdan tələb edir. Lakin, hazırda onun faktiki olaraq Ucar rayonu razisində yaşayış yeri yoxdur. Belə ki, Ucar rayonunun vəzifəli səxsləri ona hörmət etsə də Aybəniz xanım ona və şəhidin balalarına hörmət etmir. İddiaçı iddia ərizəsində oğlu, X2 (onun isə əri) 20 oktyabr 2020-ci il tarixdə Qubadlı rayonun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə ağır yaralanmasını və 10 noyabr 2020-ci il tarixdə isə aldığı həmin yaradan şəhid olduğunu göstərmişdir. O, ərizəsində iddiaçının şəhidin ailə üzvü olduğu kimi özünün də şəhidin birinci dərəcəli ailə üzvü olduğunu qeyd emişdir. Həmçinin ərizədə Cənab Prezidentin bütün şəhidlərin ailə üzvlərinə maddi və mənəvi dəstək olduğunu, digər insanlara və dövlət qurumlarına da şəhidlərin ailə üzvlərinə dəstək olmağa səslədiyini qeyd etmişdir. Eyni zamanda o da qeyd olunmuşdur ki, onların Ucar Rayon İcra Hakimiyyətinin köməkliyi ilə həmin mənzili faktiki olaraq iki hissəyə bölmələri təmin edilmiş və hər bir tərəf üçün ayrıca sayğac quraşdırılmışdır. Tərəflər sayğac göstərişlərinə uyğun olaraq, istifadə etdikləri sərfiyyata görə müvafiq şəkildə ödəniş etmişlər. O, səkkiz ildən çox müddət olar ki, Ucar rayonunda musiqi müəllimi işləyir. Hazırkı vəziyyətdə övladının müalicəsi ilə bağlı Bakı şəhərinda kirayə qalır, bu müddət ərzində isə işinə gəlib getmiş və həmin vaxt ünvan 1 ünvanında yaşamışdır. Onun nə Ucar şəhərində, nə də Bakı şəhərində evi yoxdur. Yeganə yaşaya bilmək üçün tək evi qeydiyyatda olduğu ünvan 3 ünvanıdır. Belə ki, həmin evdən çıxarılacağı təqdirdə azyaşlı uşaqları ilə birlikdə evsiz qalacaqdır. Bu da Azərbaycan Respublikasının torpaqlarının düşməndən azad etmiş şəhidin ailə üzvlərinə yaraşmayan bir hərəkətdir. Təssüf ki, qarşı tərəf bu vəziyyəti düşünüb dərk edə bilmir. İnsanın oğlunu və gəlini sevməməsi mümkündür. Lakin, şəhidin övladını - onun balalarını diqqətsiz və qayğısız burxmaq, onları evsiz qoymağa çalışmaq ağıla sığmaz bir hərəkətdir. Eyni zamanda onu da qeyd etmişdir ki, qaynanasının onları çıxartmaq istədiyi evi-artırmanı rəhmətlik həyatyoldaşı Allahverdi Ələkbərovla o tikmişdir. Onlar sözügedən evi təmir edərək, evə xeyli miqdarda vəsait xərcləmişlər. Qeyd etdiyi bu halı qonşuları Məryam və Nisə xanımın, Cehun müəllimin və digərlərinində təsdiq edə biləcəklərini bildirmişdir. Bu səbəbdən də iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, 19 oktyabr 2016-cı il tarixli Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin HDQ haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ucar şəhəri, H.Əliyev küçəsi, ev 115 ünvanında yerləşən ümumi sahəsi 88,6 kv.m olan 5 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İşdə olan qanuni qüvvəsini almış Ucar Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2(063)-681/2024 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair sistemdən çıxarışdan görünür ki, İddiaçı orqanizimin funksiyalarının 40% pozulmasına görə üçüncü dərəcəli əlilldir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146-cı maddəsinin İ və İİ hissələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Yenə həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 15 aprel 2002-ci il tarixdən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məcəllələri üzrə Avropa məhkəməsinin yuridiksiyasının məcburliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksyası altında olan insanların Konvensiyada nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında qeyd edilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə hər hansı müdaxilə qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilibedilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. Əmlakdan maneəsiz istifadə hüququnun mahiyyətini açıqlayan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 1979-cu il tarixli Marks Belçikaya qarşı qərarında göstərilir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Yuxarıda sadalanan normaların mahiyyəti və hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvericilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı xüsusi mülkiyyətində olan Ucar şəhəri, H.Əliyev küçəsi, ev 115, 5 saylı mənzildə iddia tələbində göstərilən, Cavabdeh Mövlud qızına aid olan əşyalar mövcuddur və bu əşyaların həmin ünvanda qalmaqda davam etməsi mülkiyyətçinin mülkiyyət hüququnu pozmaqla yanaşı onun əmlakından sərbəst istifadə hüquqlarının həyata keçirilməsinə maneçilik yaradır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh Mövlud qızına məxsus olan cehiz əşyaları yəni, 250 manat dəyərində olan pianino, 200 manat dəyərində olan giriş dolabı, 150 manat dəyərində olan stol-stul dəsti, 150 manat dəyərində olan iki nəfərlik çarpayı, 250 manat dəyərində olan mətbəx mebeli, 100 manat dəyərində olan qaz sobası və 50 manat dəyərində olan qaz pilitəsi İddiaçı məxsus Ucar şəhəri, H.Əliyev küçəsi, ev 115, 5 saylı mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci bəndinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci bəndinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduğundan hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia təmin edilsin. Cavabdeh Mövlud qızına məxsus olan cehiz əşyaları yəni, 250 manat dəyərində olan pianino, 200 manat dəyərində olan giriş dolabı, 150 manat dəyərində olan stol-stul dəsti, 150 manat dəyərində olan iki nəfərlik çarpayı, 250 manat dəyərində olan mətbəx mebeli, 100 manat dəyərində olan qaz sobası və 50 manat dəyərində olan qaz pilitəsi İddiaçı məxsus Ucar şəhəri, H.Əliyev küçəsi, ev 115, 5 saylı mənzildən çıxarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar