Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-274/2024 07.05.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı vurulmuş zərərin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyət hüququ əsasında ona məxsus oları «TOYOTA PRİUS(HİBRİD)» markalı, ** FK *** qeydiyyat nişanlı, 2008-ci il istehsalı olan nəqliyyat vasitəsini icarə müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməməsi nəticəsində ona dəymiş 1200 manat, nəqliyyat vasitəsinin təmirinə xərclənmiş 705 manat və tərəfindən ödənilmiş 186 manat cərimə pulunun, cəmi 2091 manat maddi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 10 mart 2023-cü il tarixdə ona məxsus olan «TOYOTA PRİUS(HİBRİD)» markalı, ** FK *** qeydiyyat nişanlı, 2008-ci il istehsalı olan nəqliyyat vasitəsini Bakı şəhəri, Nərimanov rayonu, 51 saylı notarial ofisində nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlayaraq cavabdehin istifadəsinə vermişdir. İcarə müqaviləsinə əsasən icarəçi nəqliyyat vasitəsinin icarəsinə hər aya görə nəzərdə tutulan 600 manatı müqavilədə qeyd olunan vaxtda, yəni hər ayın 10-da ödəməli olduğunu öhdəsinə götürməsinə baxmayaraq icarəçi bir neçə ay icarə haqqını ödəsə də 2023-cü ilin sentyabr-noyabr aylarında 2 ay müddətində icarə haqqını ödəmədiyindən, tələbi əsasında nəqliyyat vasitəsini idarə edərək 16 noyabr 2023-cü il tarixdə ona məlumat vermədən binanın qarşısında saxlayaraq, açarını isə binanın mühavizəçisinə verərək getmişdir. Bundan sonra, dəfələrlə telefon vasitəsi ilə cavabdehlə danışsa da, icarə haqqını qısa müddətdə ödəyəcəyini vəd etsə də 1200 manatı ödəməmişdir. Eyni zamanda, avtomaşını həyətdə qoyub getdikdən sonra avtomaşının texniki vəziyyətini Bakı şəhəri, Babək prospektində yerləşən «TOYOTA HİBRİD» servisinin Bakı Mərkəzində yoxladarkən avtomaşında sağ yan güzgünün sınması, link, «stupnisa», almaçıq, nakladka, «nakaneçnik», pompa, sükanda nasazlıq və razvalında olan nasazlıqlara görə 515 manatlıq nasazlıq aşkar edilmişdir. Dəfələrlə cavabdeh və onun atası Namiq Abdullayevlə əlaqə saxlayaraq avtomaşını təmir etdirməsini tələb etsələr də, onlar tezliklə təmir etdirəcəyini vəd etsələr də, gəlmədiklərindən məcbur olub, 515 manat ehtiyat hissələri və 190 manat isə usta pulu kimi, cəmisi 705 manat məbləği mərkəzə ödəməklə avtomaşını təmir etdirmişlər. Avtomaşını isə icarə müqvailəsi əsasında şirkətə icarəyə vermiş və bir neçə gündən sonra ona şirkətdən bildirdimişlər ki, avtomaşın cavabdehin istifadəsində olduğu müddət ərzində 182 manat cərimə olduğundan və cərimə pulu ödənilmədiyindən avtomaşının DYP əməkdaşları tərəfindən müvəqqəti saxlama meydançasına yerləşdirilmişdir. Təkrarən cavabdehlə əlaqə saxlamaq istələr də telefonu bağlı olduğundan atası Namiq Abdullayevlə əlaqə saxlamış, o da tezliklə cərimə pulunu ödəyəcəyini bildirsə də, pulu ödəməmişdir. O da məcbur olub EQ 17189859, EQ 16770239, İXP 17168424, EQ 16773050 qərarları üzrə 186 manat təşkil edən cərimə pulunu da 5 dekabr 2023-cü ildə ödəyərək avtomaşınını cərimə meydançasından çıxartmışdır. Bundan sonra, dəfələrlə cavabdehlə əlaqə saxlasa da onlar tərəfindən nə icarə haqqı-1200 manat, nə də ki, avtomaşının təmirinə çəkilmiş 705 manat və cərimə haqqı-186 manat bu günə kimi ona ödənilməmişdir. Beləliklə, cavabdehin qanunazidd hərəkətləri nəticəsində ona 2091 manat maddi ziyan vurulmuş və göstərilən məbləğ ona ödənilməlidir. Müqavilənin şərtlərinə əsasən icarəçi icarəyə aldığı nəqliyyat vasitəsinin icarə haqqını bu müqavilədə qeyd olunan vaxtda və məbləğdə ödəməli, nəqliyyat vasitəsi ona uyğun olan texniki istismar qaydalarına müvafiq olaraq saxlamalıdır. Müqavilənin şərtlərinə əsasən icarəçi qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə alınmış nəqliyyat vasitəsini qorumağa və saz vəziyətdə saxlamağa tam məsuliyyət daşıyır, bu müqavilədə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi hallarında təqsirli tərəf zərərçəkmiş tərəfə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərəri ödəməlidir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirdi və əlavə olaraq göstərdi ki, məhkəməyə müraciət olunduqdan sonra cavabdeh tərəfindən dəymiş ziyan ödənilməmişdir, odur ki, iddia ərizəsinin təmin olunması ilə bərabər iddiaçının ödədiyi dövlət rüsumunun da cavabdehdən tutulmasını xahiş edir. Məhkəməyə təqdim etdiyi sübutlardan başqa sübutu yoxdur. Cavabdehə məhkəmə iclasının vaxt və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi təqdim edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan tərflər arasında bağlanmış 10 mart 2023-cü il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, icarəyə verən-iddiaçı qanuni əsaslarla ona məxsus olan «TOYOTA PRİUS(HİBRİD) MİNİK» markalı, qeydiyyat nişanı: ** FK ***, buraxılış ili: 2008 olan nəqliyyat vasitəsini icarəçiyə-cavabdehə icarəyə verir. İcarəçi isə həmin nəqliyyat vasitəsini xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul edir. Həmin müqaviləyə əsasən icarəçi bu müqavilədə qeyd edilmiş və icarəyə alınmış nəqliyyat vasitəsinin 1 (bir) ay müddətinə icarəsi üçün icarəyə verənə 600 manat məbləğində icarə haqqını ödəyir. Müqavilədə bu müqavilənin 10 mart 2023-cü il tarixdən 10 mart 2026-cı il tarixədək bağlandığı göstərilmişdir. İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, «TOYOTA PRİUS(HİBRİD) MİNİK» markalı, ** FK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçıdır. İş materiallarında olan etibarnamədən görünür ki, İddiaçı «TOYOTA PRİUS(HİBRİD) MİNİK» markalı, ** FK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair 23 iyun 2023-cü il tarixli, ƏN-Vİ 600119 nömrəli etibarnamə əsasında Cavabdeh nəqliyyat vasitəsini idarə etmək barədə 6 ay müddətinə səlahiyyətlər vermişdir. İşdə olan İXP5659971, EQ16618324, EQ16773050, EQ16770239, EQ17168424 və EQ17189859 nömrəli protokollara dair məlumatlardan görünür ki, ** FK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi dəbbə pulu ilə birlikdə müvafiq olaraq 70 manat, 12,8 manat, 13,8 manat, 69 manat, 9 manat və 18 manat inzibati cərimə ödənilmişdir. İşdə olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı, Bakı şəhəri, Nərimanov rayonu, M.Qaşqay küçəsi, ev 94, mənzil 52-də qeydiyyatdadır. İşdə olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, cavabdeh, Ucar şəhəri, 416 Taqanroq Diviziyası küçəsi, ev 22-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə məhkəmə iclasında iş materialları ilə müəyyən edildi ki, iş üzrə iddiaçı ilə cavabdeh arasında azad surətdə və şərtləri müəyyənləşdirilməklə nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmış, iddiaçı nəqliyyat vasitəsini icarəyə vermiş, lakin cavabdeh iddiaçı qarşısında olan öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, nəticədə iddiaçı öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə, iddiaçının icarə haqqına görə 1200 manat tələbi ilə bağlı qeyd edir ki, cavabdeh borclu kimi onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, iddiaçının da cavabdehdən vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Cavabdeh bununla, habelə cərimələrin dəbbə pulu ilə ödənilməsi ilə bağlı öz etirazını və mülahizəsini bildirməmiş və öz etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə, iddiaçının cavabdehdən nəqliyyat vasitəsinin təmirinə görə çəkilmiş xərcə görə 705 manat tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. İddiaçı cavabdehin təqsirli hərəkəti nəticəsində nəqliyyat vasitəsinə zərər dəyməsini və buna görə məhz həmin nəqliyyat vasitəsinin təmirinə 705 manat xərc çəkməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir, ona görə də iddia həmin hissədə təmin edilməməlidir. Mülki prosessual qanunvericiliyinin tələbinə görə də hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəməyə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 42 manat məhkəmə xərclərinə aid edilməli və ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə cavabdehdən icarə haqqına görə 1200 manat, ödənilmiş cərimələrə görə 186 manat və ödənilmiş dövlət rüsumuna görə 27,72 manat, cəmi 1413,72 manat məbləğində pul tutularaq iddiaçıya verilməli, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh icarə haqqına görə 1200 (bir min iki yüz) manat, ödənilmiş cərimələrə görə 186 (bir yüz səksən altı) manat və ödənilmiş dövlət rüsumuna görə 27 (iyirmi yeddi) manat 72 (yetmiş iki) qəpik, cəmi 1413 (bir min dörd yüz on üç) manat 72 (yetmiş iki) qəpik məbləğində pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №2(063)-274/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-274/2024
07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver