Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-279/2025 03.03.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 və İddiaçı nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən icarə müqaviləsi üzrə yaranmış 3135 manat pulun, həmçinin, tərəflərindən ödənilmiş 260 manat cərimənin və 55 manat ödənilən dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, “HYUNDAİ SONATA” markalı, ** NM *** dövlət nömrə nişanlı avtomobili iddiaçı tərəfindən 1 sutkası 55 manat müəyyən edilməklə 05 may 2024-cü il tarixindən 02 iyul 2024-cü il tarixinədək cavabdehə icarəyə verilmişdir. Bu barədə cavabdehlə 05 may 2024-cü il tarixli icarəyə götürülənlə avtonəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmış və avtomobili idarə etməsi üçün etibarnamə verilmişdir. Cavabdeh 05 may 2024-cü il tarixindən 02 iyul 2024-cü il tarixinədək avtomobili idarə etmişdir. Dəfələrlə avtomobilin icarə haqqını ödəməsini tələb etsələr də cavabdeh icarə müqaviləsi üzrə yaranmış 3135 mant məbləğində icarə haqqını ödəməmişdir. Həmçinin, cavabdeh avtomobili idarə etdiyi dövrdə yol hərəkəti qaydalarını pozmuş və həmin cərimə, 260 manat tərəflərindən ödənilmişdir. Dəfələrlə cavabdehdən borcun ödənilməsini tələb etmələrinə baxmayaraq bu günədək borcun ödənilməsi həyata keçirilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirdi, əlavə olaraq izahatında göstərdi ki, cavabdeh ümumiyyətlə ödəniş etməmişdir. Cavabdehə qeydiyyatda olduğu yer üzrə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi həmin ünvanda yaşamamasına görə təqdim edilmədən geri qaytarılmış və digər yaşayış yeri barədə məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə əsasən məhkəmə bildirişi ünvan sahibinə-cavabdehə çatdırılması üçün yerli icra hakimiyyəti orqanına verilmişdir. Ucar Rayon İcra Hakimiyyəti başçısının Qarabörk kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 24 fevral 2025-ci il tarixli, 5-80-26/2-169/2025 nömrəli məktubundan görünür ki, Cavabdeh, Ucar rayonu, Gəraybəyli kəndində qeydiyyatda olmasına baxmayaraq hazırda ərazidə yaşamır. Həmçinin, cavabdehin istifadəsində olan mobil telefon nömrəsinə AZEMİS vasitəsi ilə “sms” xəbərdarlığı barədə bildiriş göndərilsə də (mesajın statusunda “çatdırıldı” qeyd olunmuşdur) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbini və ya mümkünsüzlünü bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsaslanaq cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan tərflər arasında bağlanmış avtonəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, icarəyə verən-iddiaçı 2008-ci il buraxılışı, BAN № KMHET41CP7A380173, ** NM *** dövlət nömrə nişanlı “HYUNDAİ SONATA” markalı avtomaşını icarədarın-cavabdehin müvəqqəti istifadəsinə verir, icarədar isə həmin avtonəqliyyat vasitəsindən istifadəyə görə bu müqavilə ilə müəyyən edilmiş məbləği icarəyə verənə ödəyir. Bu müqavilə üzrə icarəyə verilən avtonəqliyyat vasitəsi tərəflərin razılığına əsasən 15000 manat dəyərində qiymətləndirilir. Həmin müqaviləyə görə icarəçi avtonəqliyyat vasitəsinin istifadəsinin hər 1 sutkası üçün 55 manat ödəyir, toplam 3135 manat, qiymətlərə icbari/kasko sığorta daxildir. Həmin müqaviləyə görə bu müqavilə 05 may 2024-cü il, saat 18:00-dan 02 iyul 2024-cü il, saat 03:30-dək qüvvədədir. İşdə olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış məktubdan görünür ki, cavabdehdən “HYUNDAİ SONATA” markalı, ** NM *** dövlət nömrə nişanlı avtomobilin icarə müqaviləsi üzrə yaranmış 3135 manat pulun, həmçinin, şirkət tərəfindən ödənilmiş 260 manat cərimənin ödənilməsinin təmin edilməsini tələb edilmiş, əks təqdirdə 3395 manat dəymiş maddi ziyan və mənəvi ziyanla bağlı məhkəməyə müraciət ediləcəyi göstərilmişdir. İşdə olan şəxsin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar rayonu, Gəraybəyli kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə məhkəmə iclasında iş materialları ilə müəyyən edildi ki, iş üzrə iddiaçı ilə cavabdeh arasında azad surətdə və şərtləri müəyyənləşdirilməklə avtonəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmış, iddiaçı qeyd olunan nəqliyyat vasitəsini icarəyə vermiş, lakin cavabdeh iddiaçı qarşısında olan öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, nəticədə iddiaçı öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə, iddiaçının icarə haqqına görə 3135 manat tələbi ilə bağlı qeyd edir ki, cavabdeh borclu kimi onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, iddiaçının da cavabdehdən vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Cavabdeh bununla bağlı öz etirazını və mülahizəsini bildirməmiş və öz etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə, iddiaçının cavabdehdən tərəflərindən ödənilmiş 260 manat cərimənin ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, həmin inzibati cərimələrin nəqliyyat vasitəsinin cavabdeh tərəfindən idarə edilərkən yaranmasını təsdiq edən sübutları, yəni inzibati xəta haqqında qərarları məhkəməyə təqdim etməmişdir, həmçinin, ödəniş qəbzlərindən də görünür ki, həmin ödənişlər müvafiq olaraq 10 iyul və 11 iyul 2024-cü il tarixlərdə Cavabdeh və Yolçu İsgəndərov tərəfindən ödənilmişdir. Mülki prosessual qanunvericiliyinin tələbinə görə də hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumuna görə 55 manat məhkəmə xərclərinə aid edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə cavabdehdən icarə müqaviləsi üzrə icarə haqqına görə 3135 manat və ödənilmiş dövlət rüsumuna görə 55 manat, cəmi 3190 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh icarə müqaviləsi üzrə icarə haqqına görə 3135 (üç min yüz otuz beş) manat və ödənilmiş dövlət rüsumuna görə 55 (əlli beş) manat, cəmi 3190 (üç min yüz doxsan) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №2(063)-279/2025
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-279/2025
03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver