Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-337/2024 23.04.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərin yaşayış sahəsini boşaltmaqla, fərdi yaşayış evindən çıxarılmaları, maneələrin aradan qaldırılması və iddiaçının evə köçürülməsi” tələbinə dair iddiaları üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərin yaşayış sahəsini boşaltmaqla, fərdi yaşayış evindən çıxarılmaları, maneələrin aradan qaldırılması və iddiaçının evə köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Ucar rayonunun Lək kəndindəki 0,21 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 45,8 kv. metrdən ibarət fərdi yaşayış evindən yaşayış sahəsini boşaltmaqla çıxarılmaları, mülkiyyətində olan həmin evə köçürülməsi və istifadəsinə yaradılan maneələr aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Ucar rayonunun Lək kəndində 0,21 ha torpaq sahəsinin üzərində inşa olunmuş ümumi sahəsi 45,8 kv. metrdən ibarət fərdi yaşayış evi onun xüsusi mülkiyyətdədir. Lakin, buna baxmayaraq cavabdehər onu və ailə üzvlərini öz mülkiyyətindən didərgin salaraq, orada yaşamağına imkan vermirlər. Belə ki, cavabdehlər qanunsuz olaraq onun evini və torpaq sahəsini zəbt edərək orada yaşayırlar. Eyni zamanda yaşayış evinin həyətində qanunsuz olaraq ferma tikərək içərisində mal-qara saxlayırlar. Bununla bağlı dəfələrlə cavabdehlərdən həmin fermanı sökmələrini və evdən çıxmalarını tələb etsə də, sonuncular razılaşmayaraq ona hədə-qorxu gələrək, ölümlə hədələmişlər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər, buna görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, işdəki sənədləri tədqiq edib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 639A nömrəli, 90409018 kodlu şəhadətnamənin surətindən görünür ki, Ucar rayonu Aqrar İslahat Komissiyasının 22 sentyabr 1998-ci il, tarixli, 24 saylı qərarı ilə Ucar rayonu, Lək kəndi ərazisindən 0,21 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X1 mülkiyyətinə verilmişdir. İşdə olan Ucar rayon İHB-nın Lək və Xələc kəndləri üzrə nümayəndəliyi tərəfindən 02 yanvar 2003-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 025389 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 15 dekabr 2002-ci il tarixdə Ucar rayonu, Lək kəndində ölmüşdür. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 22 sentyabr 2023-cü il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Ucar rayonunun Lək kəndində yerləşən ümumi sahəsi 45,8 kv.m-dən ibarət fərdi yaşayış evi həmin tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına **********15-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan 29 yanvar 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 146-cı maddəsinin İ və İİ hissəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), sərəncam vermək hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Yenə bu Məcəllənin 6-cı maddəsinin İ hissəsinin İV, Vİİ, Vİİİ və İX bəndlərinə əsasən mülkiyyətin toxunulmazlığı; mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; pozulmuş hüquqların bərpasının təmin edilməsi; mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 221-ci maddəsinin İ cümləsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Həmçinin, məhkəmə qeyd edir ki, mübahisə predmeti ilə bağlı İddiaçı adına mülkiyyət hüququ barəsində verilmiş 22 sentyabr 2023-cü il tarixli çıxarış hazırda da qüvvədədir və hər hansı bir formada mübahisələndirilmədiyindən ona münasibətdə reyestrin məzmunun həqiqiliyi, eləcə də tamamlığı prezumpsiyası tətbiq olunmalıdır. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Beləliklə, məhkəmə iclasında iddiaçının izahatı, eləcə də tədqiq olunmuş sübutların məcmusu ilə müəyyən olundu ki, Ucar rayonu Aqrar İslahat Komissiyasının 22 sentyabr 1998-ci il, tarixli, 24 saylı qərarına əsasən X2 Ucar rayonu, Lək kəndi ərazisindən fərdi yaşayış evi tikmək üçün 0,21 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmçinin, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı mərhum əri X3 15 dekabr 2002-ci il tarixdə baş beynin paralici nəticəsində vəfat etmişdir. Bundan sonra, Ucar rayonunun Lək kəndində yerləşən ümumi sahəsi 45,8 kv.m-dən ibarət fərdi yaşayış evi 22 sentyabr 2023-cü il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Belə olan təqdirdə, cavabdehlər Maqsud, İlqar və Cavabdeh3lərin İddiaçı adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmış Ucar rayonunun Lək kəndindəki 0,21 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 45,8 kv. metrdən ibarət fərdi yaşayış evinə istifadə hüquqlarının olmadığı müəyyən edilir. İddiaçı mülkiyyətindəki daşınmaz əmlakdan çıxmaları üçün cavabdehlərə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, sonuncular bundan imtina etmişlər. Çünki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin İ və İİ hissələrinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Bununla əlaqədar, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apelyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də mübahisəli fərdi evin M.Bəylərovun adına dövlət qeydiyyatına məhz 2011-ci ildə alınmasına diqqət yetirməmiş, nəticədə isə tətbiq edilməli olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarını tətbiq etməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Həmçinin, məhkəmə qeyd edir ki, hazırkı mülki iş üzrə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçı münasibətdə Mənzil Məcəlləsinin 30.1-ci maddəsində sadalanan mülkiyyətçinin ailə üzvləri (arvadı, valideynləri, uşaqları və sairə), eləcə də digər qohumlar kateqoriyasına aid olan şəxslərdən deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı hər hansı bir formada ailə üzvü olmayan, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 icazəsiz surətdə ona məxsus mübahisəli fərdi yaşayış evində yaşamaqla onun mülkiyyət hüquqlarını, o cümlədən sahiblik, istifadə və sərəncam hüquqlarını pozurlar. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mübahisəli evdə yaşasalar da, həmin evə hər hansı bir formada əmlak hüquqları əldə etməmişlər. Buna baxmayaraq İddiaçı həmin evə yuxarıda qeyd edilən normativ hüquqi aktların tələblərinə müvafiq olaraq mülkiyyət hüququ mövcuddur və onun bu hüququ mülki qanunvericiliyin tələblərinə müvafiq olaraq qorunmalı və müdafiə olunmalıdır. Yəni, hazırda Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mübahisəli evdə hər hansı bir hüququ olmadan yaşamaları İddiaçı qanunla qorunan hüquq və maraqlarını pozur. Bundan başqa, iddia tələbinin iddiaçının mübahisəli evə köçürülməsi hissəsinə münasibətdə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3-cü maddəsinin tələbinə görə əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Göründüyü kimi İddiaçı mülkiyyətində olan mübahisəli evi müvəqqəti tərk etməsinə baxmayaraq, sonradan ora qayıtmaq cəhdləri cavabdehlər Maqsud, İlqar və Cavabdeh3lərin hərəkətləri nəticəsində imkansız olmuşdur. Bu səbəbdən də, iddiaçı tərəf hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Bundan əlavə, iddiaçı mübahisəli ünvanın mülkiyyətçisi olaraq yaşayış sahəsindən istifadə etmək hüququna malik olduğundan hazırda mübahisəli ünvana köçürülməsini tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə iddia tələbinə qeyd edilən hissədə qiymət verərək hesab edir ki, iddiaçının mübahisəli fərdi yaşayış evindən öz iradələrindən asılı olmayan səbəbdən istifadə edə bilməməsi onun həmin sahədə yaşamaq hüquqlarının itirilməsinə səbəb ola bilməz. Yəni, iddiaçı tərəfin normal yaşayış yeri və onun normal şərtlər daxilində layiqli həyat şəraiti təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan Ucar rayonunun Lək kəndindəki 0,21 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 45,8 kv. metrdən ibarət fərdi yaşayış evindən çıxarılmaqla, ora boşaldılıb, İddiaçı mülkiyyətində olan həmin evə köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumunun tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı iddiaçı tərəfindən cavabdehlərdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan Ucar rayonunun Lək kəndindəki 0,21 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 45,8 kv. metrdən ibarət fərdi yaşayış evindən çıxarılmaqla, həmin ev boşaldılsın, İddiaçı mülkiyyətində olan həmin evə köçürülsün və istifadəsinə yaradılan maneələr aradan qaldırılsın. İddia üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №2(063)-337/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-337/2024
23.04.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver