Məhkəmə qərarları › İş №2(063)-36/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-36/2025

06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-36/2025 06.02.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X3 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15073 manat məbləğində maddi zərərin və ödənilmiş 136 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, 19 mart 2021ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-yə məxsus "Hyundai Accent" minik markalı **- VN-*** qeydiyyat nişanlı avtomobil 19 mart 2021-ci il tarixdən 21 mart 2021-ci il tarixədək olan müddət ərzində 50 manat müqabilində sürmək üçün Cavabdeh tərəfindən kirayələnmişdir. Lakin, 20 mart 2021-ci il tarixdə Ağdaş rayonu, Qaradeyn kəndi ərazisindən keçən 271-ci kilometrliyində sürücü Cavabdeh idarə etdiyi "Hyundai Accent" minik markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax rayonu istiqamətində hərəkətdə olan zaman onunla eyni istiqamətdə hərəkətdə olan X2 idarə etdiyi "Mercedes GL 550" minik markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, sonra isə həmin avtomobil arxadan onlarla eyni istiqamətdə hərəkətdə olan sürücü X1 idarə etdiyi "Kia Sorento" minik markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində "Hyundai Accent” minik markalı avtomobilin sürücüsü Cavabdeh xəsarət alaraq Göyçay rayon mərkəzi xəstəxanasına yerləşdirilmişdir. Bununla bağlı Azərbaycan Respublikası DİN-in Baş İstintaq və Təhqiqat idarəsinin 09 iyul 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında iş üzrə təyin edilmiş kompleks məhkəmə yol-nəqliyyat hadisələri, məhkəmə lak-boya və məhkəmə trasoloji ekspertizalarının 06 may 2021-ci il tarixli, 8/735-6/-1350 nömrəli rəyindən müəyyən olunmuşdur ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən "Hyundai Accent" minik markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu qeyd edilmişdir. Eyni zamanda "xxxx" servis mərkəzinin 24 avqust 2021-ci il tarixli, AA041968 nömrəli aktına əsasən "Hyundai Accent" minik markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 14973,74 manat məbləğində ziyan dəymişdir. Dəymiş ziyanın ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət olunmasına baxmayaraq sonuncu heç bir ödəniş etməmişdir. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 19 mart 2021-ci il tarixli, 511 nömrəli icarə müqaviləsindən görünür ki, "xxxx" MMC-yə məxsus "Hyundai Accent" minik markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil 19 mart 2021-ci il tarixdən 21 mart 2021-ci il tarixədək olan müddət ərzində nəqliyyat vasitəsinin icarə qiyməti hər gün üçün 40 manat, ümumilikdə isə 80 manat olmaqla Cavabdeh tərəfindən kirayələnmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş İstintaq və Təhqiqat idarəsinin YNH-ə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş müstəntiqinin «cinayət işinin başlanmasının rədd edilməsi barədə» 09 iyul 2021-ci il tarixli qərarından görünür ki, HK- 1/215 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmçinin, həmin qərardan görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələbinə uyğun olaraq inzibati tənbeh tədbirləri görülməsi üçün qərarın surətinin BDYPİ-nin YPX Alayına göndərilməsi qərara alınmışdır. İşdə olan 09 iyul 2021-ci tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə olunmuşdur. İşdə olan "xxxx" servis mərkəzi tərəfindən verilmiş 24 avqust 2021-ci il tarixli, AA041968 nömrəli aktdan görünür ki, "Hyundai Accent" markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 14973,74 manat məbləğində ziyan dəymişdir. İşdə olan 24 sentyabr 2021-ci il tarixli qəbzdən görünür ki, "xxxx" MMC-yə avtomobillərin və ehtiyyat hissələrinin satışı ilə bağlı 100 manat məbləğində ödəniş edilmişdir. İşdə olan 19 aprel 2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı "xxxx" MMC məhkəməyə müraciət edərkən 136 (bir yüz otuz altı) manat məbləğində dövlət rüsumu ödəmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 dekabr 2024-cü il tarixli, 3-16-16/2-9/9835-8/3376/2024 saylı məlumatından görünür ki, yol nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr yəni, xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Həmçinin nəqliyyat vasitələri zədələnmiş hissələrin təmirlə bərpa oluna bilməsini və yaxud dəyişdirilməsinin zəruriliyini müəyyən etmək üçün metodika olmadığından qeyd olunan sual üzrə yol nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında bağlanılmış 19 mart 2021-ci il tarixli, 511 nömrəli icarə müqaviləsinə əsasən "xxxx" MMC-yə məxsus "Hyundai Accent" minik markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil 19 mart 2021-ci il tarixdən 21 mart 2021-ci il tarixədək olan müddət ərzində nəqliyyat vasitəsinin icarə qiyməti hər gün üçün 40 manat, ümumilikdə isə 80 manat olmaqla Cavabdeh tərəfindən kirayələnmişdir. 20 mart 2021-ci il tarixdə Ağdaş rayonu, Qaradeyn kəndi ərazisindən keçən 271-ci kilometrliyində Cavabdeh iddiaçı "xxxx" MMC-yə məxsus "Hyundai Accent" minik markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax rayonu istiqamətində hərəkətdə olarkən onunla eyni istiqamətdə hərəkətdə olan X2 idarə etdiyi "Mercedes GL 550" minik markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobillə, həmin avtomobil isə arxadan onlarla eyni istiqamətdə hərəkətdə olan sürücü X1 idarə etdiyi "Kia Sorento" minik markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə ilə bağlı ibtidai araşdırma aparılmış, Cavabdeh əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanılması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələbinə uyğun olaraq inzibati tənbeh tədbirləri görülməsi üçün qərarın surətinin BDYPİ-nin YPX Alayına göndərilməsi qərara alınmışdır. Eyni zamanda, 09 iyul 2021-ci tarixli,TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə olunmuşdur. Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı "xxxx" MMC-yə məxsus avtomobilə ümumilikdə 15073 (on beş min yetmiş üç) manat məbləğində ziyan vurulması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, "ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur". Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə isə, “yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər”. Həmin Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 15073 (on beş min yetmiş üç) manat məbləğində maddi zərərin və ödənilmiş 136 (bir yüz otuz altı) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 15073 (on beş min yetmiş üç) manat məbləğində maddi zərərin və ödənilmiş 136 (bir yüz otuz altı) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar