Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-380/2025 22.04.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi "doğum faktının müəyyən olunmasına" dair ərizəsi üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi "doğum faktının müəyyən olunmasına" dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu, 17 avqust 2007-ci il təvəllüdlü Firavanın Bakı şəhəri, Suraxanı rayonu, D.Qorqud qəsəbəsində yerləşən fermanın yaşamaq üçün nəzərdə tutulmuş evində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçi tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs2 ilə 2006 il tarixdə faktiki nikah münasibətlərinə daxil olmaqla evlənmiş və bu münasibətdən onların 17 avqust 2007-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, D.Qorqud qəsəbəsində yerləşən fermanın yaşamaq üçün nəzərdə tutulmuş evində ev şəraitində Firavan adlı bir oğul övladları doğulmuşdur. Bu faktı Maraqlı şəxs2 da təsdiq edə biləcəyini qeyd etmişdir. Oğlu ev şəraitində doğulduğu üçün doğumu təsdiq edən tibbi arayışın olmaması səbəbindən, bu vaxta qədər övladının doğumu dövlət qeydiyyatına alınmamışdır. Hazırda övladı 17 yaşında olduğundan ona hərbi xidmətə getmək, işə düzəlmək və digər vacib işlərlə bağlı sənədlər lazımdır. Lakin, övladının sənədləri olmadığından o, bunu edə bilmir. Bununla bağlı Maraqlı şəxs1nə müraciət etsə də, qeydiyyat şöbəsində məsələ öz müsbət həllini tapmamış, bu faktın məhkəmə qaydasında təsdiq edilməsi ona izah edilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan Ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 ərizəni qəbul edərək izahatında göstərdi ki, o, Ərizəçi ilə 2006 tarixdə faktiki nikah münasibərlərinə daxil olmaqla evlənmiş və onların bu münasibətindən 17 avqust 2007-ci il tarixdə Firavan adlı bir oğlan övladları doğulmuşdur. Lakin, oğlu ev şəraitində doğulduğu üçün doğumu təsdiq edən tibbi arayışın olmaması səbəbindən, bu vaxta qədər övladının doğumu dövlət qeydiyyatına alınmamışdır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir (bununla bağlı yazılı ərizə də təqdim etmişdir). Digər Maraqlı şəxs1nə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, qeydiyyat şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Maraqlı şəxs1 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin, maraqlı şəxsin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi onun doğma bacısıdır. Bacısı Maraqlı şəxs2 ilə 2006 il tarixdə faktiki nikah münasibətlərinə daxil olmaqla evlənmiş və bu münasibətdən onların 17 avqust 2007-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, D.Qorqud qəsəbəsində yerləşən fermanın yaşamaq üçün nəzərdə tutulmuş evində ev şəraitində Firavan adlı bir oğul övladları doğulmuşdur. Doğuş zamanı o, Ədil ilə birlikdə doğuşa kömək məqsədilə təbabətlə məşğul olan Şəfiqə adlı xanımı gətirmişlər və sonuncunun köməyi ilə bacısı Firavan adlı uşağı dünyaya gətirmişdir. İşdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Ucar Rayon Mərkəzi Xəstəxanası”publik hüquqi şəxsinin 11 oktyabr 2024-cü il tarixli, 465 saylı arayışından görünür ki, Ərizəçi 17 avqust 2007-ci il tarixdə Ucar Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə müraciət etməmiş və “Hamilə və zahı qadınların qəbul jurnalı”da adı yoxdur. İşdə olan Maraqlı şəxs1 19 mart 2024-cü il tarixli, 3-16-5/8-11-112/2024 nömrəli məktubundan görünür ki, doğum haqqında tibb müəssisəsinin sənədi olmadığı üçün doğumunun qeydə alınması mümkün olmamış, habelə ərizəçiyə bu faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mərkəzi Aran Regional Təhsil İdarəsi Ucar rayonu üzrə Təhsil Sektorunun 10 oktyabr 2024-cü il tarixli, 139 nömrəli məktubundan görünür ki, rayonun ümumtəhsil məktəblərinin informasiya sistemində (UTİS) 17 avqust 2007-ci il təvəllüdlü X2 rayonun ümumtəhsil məktəblərində oxuması barədə heç bir məlumat tapılmamışdır. İş materiallarına əlavə edilmiş 30 yanvar 2025-ci il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. İşin faktiki hallarından göründüyü kimi ərizəçi, 17 avqust 2007-ci il tarixdə doğulmuş oğlunun doğum haqqında şəhadətnaməsinin alınması üçün aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanına müraciət etmiş, lakin, uşağın doğum haqqında tibbi arayış olmadığına görə onun müraciəti müsbət həll edilməmiş və ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə belə qənaətə gəlir ki, 17 avqust 2007-ci il tarixdə doğulmuş oğlan cinsindən uşağın doğum faktının müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmadığına və ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyinə görə onun bu hüquqları məhkəmə qaydasında müdafiə olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Həmin Məcəllənin 158-ci maddəsinin İ və İİ hissələrinə əsasən X1 qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. X1 qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159-cu maddəsinə əsasən X1 qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və X1 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş X1 X3 2.1-ci bəndinin tələbinə görə doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yeri kimi onun doğum yeri göstərilir. Həmin Qaydaların 2.5.4-cü bəndinin tələbinə görə doğumun qeydə alınması üçün digər sənədlərlə yanaşı uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edilməlidir. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən qaydaların 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il, 3 saylı qərarının 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Beləliklə, məhkəmə iclasında ərizəçinin, maraqlı şəxsin izahatları, şahid ifadəsi və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Ərizəçi ilə Maraqlı şəxs2 17 avqust 2007-ci il tarixdə faktiki nikah münasibətlərinə daxil olmuş və bu dövrdə onların faktiki münasibətlərindən 17 avqust 2007-ci il tarixdə oğlan cinsindən övladları olmuşdur. Uşaq doğulduqdan sonra sağ-salamatdır, sağlamdır və valideyni ilə birgə yaşayır. Məhkəmə hesab edir ki, atası Maraqlı şəxs2, anası Ərizəçi olan 17 avqust 2007-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, D.Qorqud qəsəbəsində doğulmuş oğlan cinsindən olan uşağın doğulması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308, 311, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi ərizəsi təmin edilsin. Atası Maraqlı şəxs2, anası Ərizəçi olan 17 avqust 2007-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, D.Qorqud qəsəbəsində doğulmuş oğlan cinsindən olan uşağın doğulması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №2(063)-380/2025
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-380/2025
22.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver