Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-398/2024 13.05.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "evdən çıxarılma" tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı "evdən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində istifadə hüququ olmayan şəxs hesab edilməsi və həmin evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, özünə məxsus ünvan 1 saylı fərdi yaşayış evində yaşayır və həmin evi 12 may 2023-cü il tarixdə mülkiyyət hüququ əsasında adına rəsmiləşdirmişdir. Lakin, həmin ünvanda Cavabdeh doğulduğu vaxtdan, yəni 1984-cü ildən etibarən anası (cavabdehin) X2 ilə birlikdə olaraq yaşamış, Nəcibə vəfat etsə də, cavabdeh hazırkı vaxtadək həmin ünvanda qanunsuz olaraq yaşamaqda davam edir. Cavabdehin narkotik vasitələrdən asılılığı olmaqla narkomandır. Belə ki, cavabdeh birgə yaşayış qaydalarına riayət etməyərək onunla mübahisə edir və dalaşır. Həmçinin, ona qıcıq edəcək hərəkətlərə yol verir. Bundan əlavə onu da qeyd edir ki, cavabdeh onu təhqir edərək üstünə hücum çəkir və onu öz mülkiyyətində olan evində yaşamağa imkan vermir. Bütün bunların nəticəsində onun səhhətində ciddi problemlər yaranmışdır. Həmçinin cavabdehin hərəkətləri nəticəsində bir dəfə infarkt da keçirmişdir. Bu səbəbdən də məcburiyyətdən başqa ünvana köçmüşdür. Eyni zamanda, cavabdehin ünvan 1 saylı fərdi yaşayış evindən istifadə hüququ yoxdur. Cavabdehə fərdi yaşayış evini tərk etməsi üçün dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, o, bu evi tərk etmir. Bu səbəbdən də, hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə üzrlü səbəb göstərməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdəki sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən 12 may 2023-cü il tarixdə verilmiş fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, ünvan 1 saylı ev İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 12 may 2023-cü il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 127,10 kv.m-dən ibarət 0,04ha torpaq sahəsinin üzərində yerləşən ünvan 2 fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına **********66-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 12 may 2023-cü il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 0,04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X1 (Cavabdeh anası) adına **********66-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə Sistemində olan İddiaçı şəxsi məlumatlarından görünür ki, İddiaçı “X5” MMC-də ictimai işlər üzrə sosial işçi kimi işləməklə, aylıq 345 manat əmək haqqı alır. İşdə olan 15 fevral 2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, mübahisəli fərdi yaşayış evi İddiaçı adına, lakin həmin evin yerləşdiyi torpaq sahəsi isə sonuncunun bacısı X1 adına rəsmiləşdirilmişdir. Cavabdeh 1984-cü ildən, yəni doğulduğu vaxtdan mərhum anası ilə həmin ünvanda yaşamış və cavabdehin anası vəfat etdikdən sonra da yaşamaqda davam etmişdir. İddiaçı cavabdehi sözügedən fərdi yaşayış evindən çıxartmaq istəsə də, sonuncu bundan imtina etmişdir. Odur ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü maddəsinin İ hissəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına görə 01 sentyabr 2000-ci ildən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixdən əvvəl yarandığından hazırkı mübahisəyə həmin vaxt qüvvədə olan mənzil qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 53-cü maddəsinin 4-cü hissəsinə əsasən bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o, cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi cavabdehin anasının adına qeydə alınmış, eyni zamanda, cavabdeh doğulduğu vaxtdan, yəni 1984-cü ildən etibarən (bu hal məhkəmə iclasının audio video yazısı zamanı iddiaçının öz etirafı ilə də təsdiq edilmişdir) həmin evdə anasının vəfatınadək yaşamış və həmin vaxtdan sonra da yaşamaqda davam etmişdir. Qeyd edilən səbəbdən cavabdeh və sonuncunun mərhum anası evin hazırkı mülkiyyətçisi, yəni iddiaçı ilə birgə yaşamaqla ümumi təsərrüfat idarə etdiklərindən onların həmin evdən iddiaçı ilə birlikdə istifadə hüquqları yaranmışdır. Həmçinin, məhkəmə qeyd edir ki, Cavabdeh da mübahisəli ünvana münasibətdə də istifadə hüquqlarının yaranmaqla, mövcud olmuş olması istisna edilmir. Belə ki, belə bir hüquq onun ailə üzvü olan anası Nəcibə İsmayılovanın hüququndan əmələ gələn törəmə hüquq olmuşdur. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə məhkəmə araşdırması zamanı gəldiyi qənaətini iddianın qanuni əsası kimi istinad edilən normalara münasibətdə tətbiq edərək hesab edir ki, hazırkı hal iddianın təmin edilməsini istisna edir. Məhkəmə işin faktiki hallarına və mülki qanunvericiliyin normalarının tələblərinə əsasən belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı "evdən çıxarılma" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Beləliklə, məhkəmə hesab edir ki, hazırda iddia tələbi rədd edildiyindən tələb üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı "evdən çıxarılma" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №2(063)-398/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-398/2024
13.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver