Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-52/2025 08.04.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı “qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması” tələbi barədə iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 qarşı “qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 08 iyun 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında onun xüsusi mülkiyyətində olan Ucar rayonu, Bərgüşad kəndində yerləş torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin üzərindəki qaz borusunun və işıq dirəyinin cavabdehin hesabına sökülməsi, həmçinin, həmin hissədən su borusu çəkməsinə və torpaq sahəsinin sərhədləri boyu hasar çəkməsinə maneə yaratmasının cavabdehə qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə iddiaçı tərəfindən onunla əsaslandırılmışdır ki, RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən" çıxarış əsasında onun xüsusi mülkiyyətində Ucar rayonu, Bərgüşad kəndində 0,6 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində 68,2 kv.metr fərdi yaşayış evi vardır. O, öz həyətyanı sahəsi ilə qonşusu Cavabdeh1 həyatyanı sahəsi arasında 1,5 metr enində, 9 metr uzunluğunda özünə məxsus sahədən gələcəkdə su bərəsi çəkmək üçün yer saxlamışdır. Bu barədə həm cavabdehə, həm də onun mərhum həyatyoldaşına da bildirmişdir. Həmin vaxt bununla bağlı aralarında heç bir problem olmamışdır. Lakin sonradan cavabdeh öz həyətinə gedən qaz xəttini həmin yerdən keçirmiş, həmçinin ona məxsus olan həmin yerə işıq dirəyi basdırmışdır. O, təxminən 4 ay bundan əvvəl həmin yerdən su xətti keçirmək üçün qazıntı işləri aparmalı və su borusunu çəkməli olduğunda cavabdeh ona imkan verməmişdir. Sonradan öyrənmişdir ki, cavabdeh ona məxsus torpağın həmin hissəsini qanunsuz zəbt etmişdir. Ona görə də o, cavabdehin həmin torpaq sahəsindən çıxarılmasını və torpaq sahəsinin sərhədləri boyu hasar çəkməyinə maneə yaratmamasını istəyir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən, Cavabdeh1 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işdəki sənədləri tədqiq edib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən 08 iyun 2018-ci il tarixdə tərtib edilmiş texniki pasportunun surətindən görünür ki, Ucar rayonu, Bərgüşad kəndində yerləşən fərdi yaşayış evi İddiaçı adına **********98-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 08 iyun 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ucar rayonu, Bərgüşad kəndində yerləşən 0,6 ha torpaq sahəsi, eləcə də onun üzərindəki ümumi sahəsi 68,2 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində **********98-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı, 190862 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Ucar rayonu Aqrar İslahat Komissiyasının 19 avqust 1998-ci il tarixli, 11 saylı qərarı ilə Ucar rayonu, Bərgüşad kəndində yerləşən 4500,18 kv.m torpaq sahəsinə dair X1 adına torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin 15 noyabr 2024-cü il tarixli, 3-21-3-36/2-4979/2024 saylı mütəxəssis rəyindən, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2025-ci il tarixli, 10/10001 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin 15 noyabr 2024-cü il tarixli, 3-21-3-36/2-4979/2024 saylı mütəxəssis rəyinə əsasən 08 iyun 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********98-10301 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 0.6 ha (faktiki 0.55 ha) torpaq sahəsinin 0.0032 ha (müvafiq olaraq 7 kv.metr, 7 kv.metr, 18 kv.metr) hissəsi Cavabdeh1 tərəfindən istifadə edildiyi mütəxəssis tərəfindən müəyyən edilmişdir. Eyni zamanda 08 iyun 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********98-10301 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 0.6 ha (faktiki 0.55 ha) torpaq sahəsinin Cavabdeh1 tərəfindən istifadə edilən 0.0032 ha torpaq sahəsinin 0.0018 ha (18 kv.metr) hissəsindən işıq xətti, qaz xətti, şərqdə yerləşən 0.0007 ha (7 kv.metr) hissəsindən işıq xətti keçdiyi mütəxəssis tərəfindən müşahidə edilmişdir. Həmçinin, iş materiallarında olan mötəbər maliyyə sənədlərindən görünür ki, aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat, torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 95 (doxsan beş) manat, iddia üzrə ödənilmiş dövlət rüsumu isə 100 (bir yüz) manat təşkil edir. Eyni zamanda, iş materiallarında olan 29 oktyabr 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərcini təşkil edən 95 (doxsan beş) manat vəsaiti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ucar filialındakı hesablaşma hesabına ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-u maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasəntorpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəlləsinin 67-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 15 aprel 2002-ci il tarixdən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məcəllələri üzrə Avropa məhkəməsinin yuridiksiyasının məcburliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksyası altında olan insanların Konvensiyada nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında qeyd edilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə hər hansı müdaxilə qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilibedilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. Əmlakdan maneəsiz istifadə hüququnun mahiyyətini açıqlayan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 1979-cu il tarixli Marks Belçikaya qarşı qərarında göstərilir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Yuxarıda sadalanan normaların mahiyyəti və hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvercilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir . Göründüyü kimi, iddiaçı mülkiyyətində olan əmlakından maneəsiz istifadə hüquqlarından məhrum olmuşdur. Bu hal onun hüquqlarını məhdudlaşdırır və əmlakından mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-180.2-ci maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Bu Məcəllənin 180.4-cü maddəsinə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə iclasında tədqiq edilən mötəbər sübutlarla, o cümlədən mütəxəssis və ekspert rəyləri, mübahisə predmeti olan torpaq sahəsinin ölçü planı, eləcə də işin faktiki halları ilə müəyyən edildi ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 08 iyun 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ilə Ucar rayonu, Bərgüşad kəndi ərazisində 0,6 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş, lakin, Cavabdeh1 iddiaçının xüsusi mülkiyyətində olan bu torpaq sahəsinin 0.0018 ha (18 kv.metr) hissəsində işıq xətti və qaz xətti, şərqdə yerləşən 0.0007 ha (7 kv.metr) hissəsində isə işıq xətti inşa etdirərək, sonuncunun mülkiyyətindən maneəsiz istifadə hüququnu pozmuşdur. Bu səbəbdən də, iddiaçı yuxarıda qeyd edilən qanunun normalarının tələblərinə müvafiq olaraq həmin torpaq sahəsinə sahiblik və istifadə hüquqlarını bərpa etmək məqsədilə məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına uyğun məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh1 Ucar rayonu, Bərgüşad kəndində yerləşən İddiaçı məxsus 0.6 ha (faktiki 0.55 ha) torpaq sahəsinin 0.0032 ha (32 kv.metr- müvafiq olaraq 7 kv.metr, 7 kv.metr və 18 kv.metr) hissəsindən çıxarılmalı, Cavabdeh1 İddiaçı mülkiyyətində olan torpaq sahəsindən su borusu çəkməsinə və torpaq sahəsinin sərhədləri boyu hasar çəkməsinə maneə yaratması cavabdehə qadağan olunmalıdır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə belə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh1 tutularaq, Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməli, həmçinin Cavabdeh1 İddiaçı xeyrinə sonuncu tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ucar filialındakı hesablaşma hesabına keçirilmiş iş üzrə aparılmış torpaq sahələrinin inventarlaşdırılmasına dair 95 (doxsan beş) manat ekspertiza xərci tutulmalı, eyni zamanda, iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 Ucar rayonu, Bərgüşad kəndində yerləşən İddiaçı məxsus 0.6 ha (faktiki 0.55 ha) torpaq sahəsinin 0.0032 ha (32 kv.metr- müvafiq olaraq 7 kv.metr, 7 kv.metr və 18 kv.metr) hissəsindən çıxarılsın. Cavabdeh1 İddiaçı mülkiyyətində olan torpaq sahəsindən su borusu çəkməsinə və torpaq sahəsinin sərhədləri boyu hasar çəkməsinə maneə yaratması cavabdehə qadağan olunsun. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh1 tutularaq, Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Cavabdeh1 İddiaçı xeyrinə sonuncu tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ucar filialındakı hesablaşma hesabına keçirilmiş iş üzrə aparılmış torpaq sahələrinin inventarlaşdırılmasına dair 95 (doxsan beş) manat ekspertiza xərci tutulsun. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №2(063)-52/2025
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-52/2025
08.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver