Məhkəmə qərarları › İş №2(063)-529/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-529/2025

01.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-529/2025 01.07.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi ilə İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Cavabdeh2 və Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 qarşı "cavabdehlərin fərdi yaşayış evindən çıxarılması" tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 qarşı "cavabdehlərin fərdi yaşayış evindən çıxarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onun mülkiyyətində olan Ucar şəhəri, Nəsimi küçəsindəki 9 nömrəli fərdi yaşayış evdən çıxarılmaları və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilmiş 09 yanvar 2025-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi və 27 yanvar 2025-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan da göründüyü kimi, Ucar şəhəri, Nəsimi küçəsində yerləşən 9 nömrəli fərdi yaşayış evi ona satılmış və həmin ev üzərində mülkiyyət hüququ rəsmən qeydiyyata alınmışdır. Belə ki, dəfələrlə cavabdehlələrə müraciət etməyinə baxmayaraq, sonuncular qeyd olunan fərdi yaşayış evini boşaltmaqdan və ona təhvil verməkdən imtina edirlər. Onlar hər dəfə müxtəlif əsassız bəhanələrlə evdən çıxmaqdan boyun qaçırırlar. Bu vəziyyət təkcə onun mülkiyyət hüququnun pozulması ilə nəticələnmir, eyni zamanda ona mənəvi cəhətdən də ciddi təsir göstərir. Bu səbəbdən də qeyd edilən halları nəzərə alaraq, cavabdehlərin həmin fərdi yaşayış evindən çıxarılaraq evin ona təhvil verilməsi zərurəti yaranmışdır. Odur ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmə səbəbləri barədə məlumat verməmişlər, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə sonuncuların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə etiraz ünvanlayaraq göstərmişlər ki, iddiaçı X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların sonuncuya məxsus Ucar şəhəri, Nəsimi küçəsində yerləşən 9 nömrəli evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasında qeyd edir ki, cavabdehlər onun mülkiyyətində olan evdə yaşamaqda davam edirlər. Cavabdehlər isə bu iddianın əsassız və böhtan xarakteri daşıdığını bildirirlər. Mövcud fakta görə, cavabdeh X2 2014-cü ildə Ucar şəhəri, Nəsimi küçəsi, 9 nömrəli, 8 otaqlı yaşayış evini Ucar şəhəri, Heydər Əliyev prospekti, 19 nömrəli ünvanda yaşayan X4 80000 (səksən min) manata almışdır. Sonradan, 09 yanvar 2025-ci il tarixində həmin evi İddiaçı Ayaz qızına 40000 (qırx min) manata satmış və alqı-satqı müqaviləsi əsasında ona təhvil vermişdir. Satış zamanı tərəflər arasında razılaşma əldə olunmuşdur ki, evdəki əşyalar çıxarılmayacaq və onların əvəzinə alıcı tərəfindən satıcıya əlavə olaraq 15000 (on beş min) manat ödəniləcəkdir. Bu razılaşmanın şahidi kimi iddiaçının atası Nümayəndə da orada olmuşdur. Alıcı – İddiaçı Ayaz qızı, 15000 manatın 2025-ci ilin mart ayına qədər ödənəcəyini bildirmişdir. Lakin bu günədək həmin məbləğ ödənilməmişdir. Cavabdehlər dəfələrlə bu məsələ ilə bağlı ödənişi tələb etsələr də, alıcı əvvəlcə pulu ödəyə bilmədiyini bildirmiş, daha sonra isə evdəki əşyalara ehtiyac duymadığını qeyd edərək razılaşma şərtindən imtina etmişdir. Həmin evdə hal-hazırda cavabdehlərə məxsus – gəlinə və boşanmış qıza məxsus əşyalar qalmaqdadır. Evin satışından sonra cavabdehlər evin və həyətin qapıları kilidləyərək evdən çıxmışlar. İddiaçının tələbi əsasında cavabdehlərin evi boşaltmaları istənilsə də, cavabdeh Pünhan Abdurəhmanov qarşı tərəfə bildirmişdir ki, razılaşdırılmış ümumi məbləğ 55000 manatdır və bu məbləğin yalnız 40000 manatı ödənilmişdir. Qalan 15000 manat ödənildikdən sonra evin və həyətin açarlarının təqdim ediləcəyi bildirilib. Cavabdeh X12 onu da qeyd etmişdir ki, həyat yoldaşı Pünhan Abdurəhmanov evin satışından iki gün əvvəl evi tərk etmiş, özü isə yanvar ayından etibarən Ucar rayonunun Qarabörk kəndində atasıgilin evində yaşamaqdadır. Oğlu Cavabdeh3 isə artıq 4 ildir ki, Bakı şəhərində yaşayır və göstərilən ünvanda qeydiyyatda olsa da, fiziki olaraq orada yaşamır. Beləliklə, cavabdehlər iddiaçının təqdim etdiyi tələblərin və məlumatların həqiqətə uyğun olmadığını bildirmişlər. Onların hal-hazırda qeyd edilən ünvanda yaşamadıqları və evin satışında qarşılıqlı razılaşma şərtinə iddiaçının əməl etmədiyi nəzərə alınmaqla, iddianın əsassız olduğu vurğulanır. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin qeyd edilən normalarına əsaslanaraq hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə qətnamənin əsaslandırıcı hissəsində iddianın etiraf edilməsi və onun qəbul edilməsi ilə kifayətlənmək olsa belə, digər Cavabdeh3 iddia tələbinə münasibəti bəlli olmadığından aşağıdakıların qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 avqust 2009-cu il tarixdə verdiyi MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Ucar şəhəri, Nəsimi küçəsində 0,045 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, yaşayış sahəsi 78,9 kv.m, köməkçi sahəsi isə 95,2 kv.m olan 9 saylı fərdi yaşayış evi həmin tarixdə mülkiyyət hüququ üzrə X5 adına **********833-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Göyçay rayon notariat ofisinin Xüsusi notariusu X13 tərəfindən təsdiqlənmiş, 09 yanvar 2025-ci il tarixdə AN-İ reyestr sayı ilə qeydə alınmış həmin tarixli, ******* nömrəli müqaviləyə əsasən satıcı X16 mülkiyyətində olan Ucar şəhəri, Nəsimi küçəsində yerləşən ümumi sahəsi 174.10 kv.m olan 9 saylı fərdi yaşayış evini İddiaçı 40000 manata satmışdır. İşdə olan X3 və X8 tərəfindən 07 yanvar 2025-ci il tarixdə notariat qaydada tərtib edilmiş ərizələrin surətlərindən görünür ki, onların X6 məxsus Ucar şəhəri, Nəsimi küçəsində yerləşən 9 saylı evin satılmasına etirazları olmamışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqşi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Ucar şəhərində yerləşən Nəsimi küçəsindəki ümumi sahəsi 174.10 kv.m olan 9 saylı fərdi yaşayış evi 27 yanvar 2025-ci il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına **********33-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan “Elektron notariat” X1 çıxarışdan, həmçinin Siyəzən rayon Polis Şöbəsinin 22 noyabr 2019-cu il tarixli, 183-13212C-3219 nömrəli məktubundan görünür ki, cavabdehlər iddiaçıya məxsus mübahisəli mənzildə qeydiyyatdadırlar və iddiaçıya, onların mübahisəli ünvandan qeydiyyatdan çıxarılmalarına mülki məsələ kimi baxılması üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan 17 mart 2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatları, toplanmış və tədqiq edilmiş sübutların məcmusu və iş materiallarında olan digər sənədlərlə təsdiq olundu ki, 09 yanvar 2025-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X11 mülkiyyətində olan Ucar şəhəri, Nəsimi küçəsində yerləşən 9 saylı evi İddiaçı 40000 manata satmış, elə həmin müqavilə əsasında da, bu mənzil dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Lakin, cavabdehlərə evdən çıxmaları ilə bağlı iddiaçı tərəfindən dəfələrlə xəbərdarlıqlar edilsə də, cavabdehlər bundan imtina etmişlər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməklə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan Ucar şəhəri, Nəsimi küçəsindəki 9 nömrəli evdən çıxarılmalıdırlar. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan Ucar şəhəri, Nəsimi küçəsindəki 9 nömrəli evdən çıxarılsınlar. İddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar