Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-68/2024 26.02.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, Ərizəçi və Maraqlı şəxs2 nümayəndəsi X2 iştirakları ilə Ərizəçi hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X4 atası X7 bacısı olması və onun X3 miras qalmış Ucar şəhəri, M.Ə.Sabir küçəsi, Konserv zavod yaşayış binasında olan 1 otaqlı, 15 kv.metr sahəsi olan mənzili vərəsə kimi qəbul etməsi faktlarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında tələbin təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, bu ərizəsinə əlavə etdiyi Ucar rayon mənzil istismar təmir istehsalat sahəsinin 05 oktyabr 2023-cü il tarixli, 682 nömrəli arayışından da görümdüyü kimi Ucar şəhəri, M.Ə.Sabir küçəsi, Konserv zavod yaşayış binasında olan 1 otaqlı, 15 kv.metr sahəsi olan mənzil Ağca Abdullayevaya məxsusdur. X8 onun bibisi olmuşdur və 20 iyun 1992-ci il tarixdə vəfat etmişdir. Onun, yəni bibisinin vəfat edərkən birinci növbəli vərəsəsi olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən əmlaka sahiblik və ondan istifadə mülkiyyət hüququna daxil olduğundan, həmçinin həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ da əmlak hüququ hesab olunduğundan bibisi öləndən sonra onun əmlakından atası X16 bir müddət istifadə etmiş və əmlaka sahiblik etmişdir, lakin atası da cəmi dörd aydan sonra, yəni 26 oktyabr 1992-ci il tarixdə vəfat etmişdir. Atası vəfat etdikdən sonra bibisinin əmlakına o, sahiblik etməyə başlamışdır. Bununla belə o, əmlaka faktiki sahiblik etsə də qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün Ucar rayon notariat ofisinə vaxtında müraciət etməmişdir. O, 10 oktyabr 2023-cü il tarixdə faktiki qəbulu rəsmiləşdirmək məqsədi ilə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Ucar rayon notariat ofisinə müraciət etsə də notariusun eyni tarixli qərarı ilə miras əmlakın qəbul edilməsi ilə bağlı müddət ötürüldüyündən və miras qoyanla onun qohumluq faktı məhkəmədən kənar müəyyən edilə bilmədiyindən notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Əlavə olaraq bildirdi ki, mənzil özəlləşdirilməmişdir və mərhum bibisinin adına order verilib-verilməməsini bilmir. Məhkəmə iclasında Maraqlı şəxs2 nümayəndəsi X5 ərizənin təmin olunmasına etiraz etmədi və izahatında göstərdi ki, Ərizəçi hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi barədə ərizəsinə dair 2(063)-68/2024 nömrəli mülki iş üzrə Maraqlı şəxs2nə göndərilmiş məktub və sənədlər araşdırılmışdır. Ucar Rayon Mənzil İstismar Təmir İstehsalat Sahəsindən Maraqlı şəxs2 başçısı Aparatına daxil olmuş 09 fevral 2024-cü il tarixli, 5-80-28/2-136/2024 nömrəli məktubda qeyd olunur ki, Ucar şəhəri, M.Ə.Sabir küçəsi, Konserv zavod fərdi və ictimai 1 mərtəbəli yaşayış evləri Ucar Rayon Mənzil İstismar Təmir İstehsalat Sahəsinin balansındadır. Həmin evlərin birində kirayə müqaviləsi əsasında X8 yaşamış və mənzili istismar edərək, kommunal xidmətlərini vaxtında ödəmişdir. 20 iyun 1992-ci ildə X9 vəfat etmişdir. X4 övladı olmamışdır. Sonradan həmin mənzildə qeydiyyatda olan Ağca Abdullayevanın qardaşı X16 və onun həyat yoldaşı X13 yaşamışlar. Həmin ailənin bir övladı Ərizəçi valideynləri ilə birlikdə orada yaşamışdır. 26 oktyabr 1992-ci ildə X16, 29 may 2019-cu ildə isə X13 vəfat etmişlər. Həmin dövrdən Ərizəçi qeyd olunan yaşayış mənzilindən istifadə edir və orada yaşayır. Ona görə də Ucar Rayon Mənzil İstismar Təmir İstehsalat Sahəsi həmin mənzilə Ərizəçi adına kirayə müqaviləsi bağlanılmasını və mənzilin onun adına rəsmiləşdirilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən Maraqlı şəxs2 Ucar Rayon Mənzil İstismar Təmir İstehsalat Sahəsinin balansında olan Ucar şəhəri, M.Ə.Sabir küçəsi, Konserv zavod fərdi və ictimai 1 mərtəbəli yaşayış evindəki Ərizəçi yaşadığı mənzilə onun adına kirayə müqaviləsinin bağlanılmasına və mənzilin Ərizəçi adına rəsmiləşdirilməsinə etiraz etmir. Əlavə olaraq bildirdi ki, ərizəçi tələbində sosial kirayə müqaviləsinin bağlanmasını tələb etməsə də miras məsələlərinə notariat ofisində baxılır, ərizəçi həmin mənzildən vərəsə kimi istifadə edir. Maraqlı şəxs Ucar rayon notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi təqdim edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, ərizəçinin, maraqlı şəxsin nümayəndəsinin izahatlarını və şahidlərin ifadələrini dinləyərək, işin faktiki hallarını araşdıraraq, işdə olan sübutları tədqiq etməklə, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, ərizəçini qonşu kimi tanıyır, ərizəçinin mərhum anası Nisəni də tanımışdır, ərizəçi anası Nisəyə məxsus Ucar şəhəri, Konserv zavodun yaşayış evində yaşayır, o, Ağcanı tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, ərizəçini uzun müddətdir ki, tanıyır, Ağcanı da qonşu kimi tanımışdır, Ağca öləndən sonra həmin evdə İlyasın anası yaşamışdır, hazırda həmin evdən İlyas istifadə edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, ərizəçini qonşu kimi tanıyır, onun atası İsanı da tanımışdır, İsanın Ağca adlı bacısı da olmuşdur, Ağca ölməmişdən əvvəl Ucar şəhərində, Konserv zavodun yaşayış binasına yaşamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, ərizəçini uzun müddətdir ki, tanıyır, əvvəllər bir yerdə işləmişlər, dostluq münasibətləri vardır, İlyasın atası İsanı da tanımışdır, İsanın Ağca adlı bacısı da olmuşdur, Ağca ölməmişdən əvvəl Ucar şəhəri, Konserv zavod yaşayış binasında yaşamışdır. O, İsa İsmayılovun və onun bacısı Ağcanın yas mərasimlərində də iştirak etmişdir. İş materiallarında olan Zərdab rayon qeydiyyat şöbəsinin 24 oktyabr 2023-cü il tarixli, 496 nömrəli arayışından görünür ki, 1925-ci ildə Zərdab rayonunun Alıcanlı kəndində anadan olmuş X4 doğumu haqqında akt qeydi Zərdab rayon qeydiyyat şöbəsində aşkar edilmədi. Zərdab rayon qeydiyyat şöbəsi 1944-1952-ci illər üzrə bərpa akt qeydləri, eyni zamanda “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin X4 doğum haqqında akt qeydi aşkar olunmamışdır. Zərdab rayon qeydiyyat şöbəsində bərpa akt qeydləri 1944-cü ildən, ilkin akt qeydləri 1946-cı ildən saxlanılır. İş materiallarında olan Zərdab rayon qeydiyyat şöbəsinin 24 oktyabr 2023-cü il tarixli, 495 nömrəli arayışından görünür ki, 1924-cü ildə Zərdab rayonunun Alıcanlı kəndində anadan olmuş X7 doğumu haqqında akt qeydi Zərdab rayon qeydiyyat şöbəsində aşkar edilmədi. Zərdab rayon qeydiyyat şöbəsi 1944-1952-ci illər üzrə bərpa akt qeydləri, eyni zamanda “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin X7 doğum haqqında akt qeydi aşkar olunmamışdır. Zərdab rayon qeydiyyat şöbəsində bərpa akt qeydləri 1944-cü ildən, ilkin akt qeydləri 1946-cı ildən saxlanılır. İş materiallarında olan Ucar rayon qeydiyyat şöbəsinin 24 oktyabr 2023-cü il tarixli arayışından görünür ki, X16 26 oktyabr 1992-ci ildə ölmüşdür. İş materiallarında olan Ucar rayon qeydiyyat şöbəsinin 24 oktyabr 2023-cü il tarixli arayışından görünür ki, X9 20 iyun 1992-ci ildə ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 15 avqust 1968-ci ildə doğulmuşdur. İş materiallarında olan Ucar rayon mənzil istismar təmir istehsalat sahəsinin 05 oktyabr 2023-cü il tarixli, 682 nömrəli arayışından görünür ki, Ucar şəhəri, M.Ə.Sabir küçəsi, konserv zavod yaşayış binasında olan 1 otaqlı 15,0 kv.metr sahəli mənzil Abdullayeva Ağcaya məxsusdur. A.Abdullayeva vəfat etdikdən sonra həmin mənzildə X17 yaşamışdır. X17 ilə Ucar rayon mənzil istismar təmir istehsalat sahəsi arasında rəsmi kirayə müqaviləsi bağlanmamışdır. Ona görə də həmin mənzil Abdullayeva Ağcanın adında qalmışdır. Mənzil dövlət mənzilidir, özəlləşdirilməmişdir. İş materiallarında olan Ucar rayon notariat ofisinin ərizəçiyə ünvanlanmış 10 oktyabr 2023-cü il tarixli, 277 nömrəli məktubundan görünür ki, 10 oktyabr 2023-cü il tarixdə Ucar rayon notariat ofisində müraciətə baxılmışdır. Məlum olmuşdur ki, mirasın qəbulu müddəti ötürülmüşdür, eyni zamanda miras qoyanla qohumluğu sübut edən sənədlər təqdim edilməmişdir. Qohumluq faktının müəyyən edilməsi və miras əmlakın qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər. İş materiallarında olan Ucar rayon qeydiyyat şöbəsinin 07 dekabr 2023-cü il tarixli, 934 nömrəli arayışından görünür ki, X4 nikahı və uşaqlarının olması barədə akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları 1950-ci ildən-1992-ci ilədək olan dövr ərzində Ucar rayon qeydiyyat şöbəsinin arxivində olan nikah və doğum haqqında akt qeydləri üzrə və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya məlumat sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti haqqında akt qeydləri üzrə yoxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin 16 yanvar 2024-cü il tarixli, 3-21-3-36/2- 166/2024 nömrəli məktubundan görünür ki, X4 adına Ucar şəhəri, M.Ə.Sabir küçəsi, Konserv zavod yaşayış binasında mənzil qeydiyyatdan keçməmişdir. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsində olan məlumatdan görünür ki, ərizəçi, Ucar rayonu, Qaradağlı kəndində qeydiyyatdadır. Məhkəmə, qohumluq faktının müəyyən edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, X4 X16 ilə qohumluq münasibəti, yəni X4 X7 bacısı olması faktının müəyyən edilməsi üçün qanuni əsaslar vardır, iş materialları, ərizəçinin izahatı və şahidlərin ifadələri ilə tam sübuta yetirilir, ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir. Həmin faktı təsdiq edən sənədin başqa qaydada alınması mümkün olmadığından ərizəçi həmin tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. İş materialları ilə müəyyən olunur, qeyd olunan mənzil dövlət fonduna aid mənzildir, özəlləşdirilməmişdir, odur ki, mülki qanunvericiliyin tələbinə görə həmin mənzil A.Abdullayevaya məxsus olmamaqla miras aktivinə daxil deyildir, odur ki, tələb həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.1 məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, 20 iyun 1992-ci il tarixdə ölmüş X9 ilə 26 oktyabr 1992-ci il tarixdə ölmüş X7 qohumluq münasibəti, yəni X4 Ərizəçi atası X7 bacısı olması faktı müəyyən edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. 20 iyun 1992-ci il tarixdə ölmüş X9 ilə 26 oktyabr 1992-ci il tarixdə ölmüş X7 qohumluq münasibəti, yəni X4 Ərizəçi atası X7 bacısı olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №2(063)-68/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-68/2024
26.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver