Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-681/2024 05.08.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X21 oğlunun katibliyi, İddiaçı iştirkı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Ucar şəhəri, H.Əliyev küçəsində yerləşən 115 nömrəli evin 5 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Ucar şəhəri, H.Əliyev küçəsində yerləşən 115 nömrəli evin 5 saylı mənzili mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin evdə qeydiyyatda olan Cavabdeh isə onun gəlinidir. X2 20 oktyabr 2020-ci il tarixdə Qubadlı rayonun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə ağır yaralanmış və 10 noyabr 2020-ci il tarixdə isə aldığı həmin yaradan şəhid olmuşdur. Oğlu şəhid olduqdan sonra gəlini nəvələri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhərinə köçmüşdür. Həmin vaxtdan etibarən onun evində yaşamır və istifadə etmir. Cavabdeh artıq uzun müddətdir ki, Abşeron rayonu, Xırdalan şəhərində rəsmi öz adına qeydiyyatda olmasa da faktiki olaraq özünə məxsus evdə yaşayır. Buna baxmayaraq, ona məxsus evdə qeydiyyatda qalmaqla onun mülkiyyəti üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır. Həmçinin, o, özü də həmin mənzildə yaşamır. O, Bakı şəhərində 400 manat məbləğində kirayət haqqı ödəməklə başqa mənzildə qalır. Eyni zamanda onu da qeyd etmişdir ki, o, onkoloji xəstə olsa da, maddi vəziyyəti yaxşı olmadığına görə müalicə oluna bilmir. Həmin evi satıb, əldə edəcəyi pul vəsaiti ilə müalicə olunmaq və özünə üzərinə də borc-xərclə və ya kreditlə düzəldərək Bakı şəhərində heç olmasa 1 otaqlı mənzil almaq istəyir. Mülkiyyəti üzərində sərancam vermək üçün digər qeydiyyatda olanlar notarial qaydada ərizə versələr də, cavabdeh bundan imtina edir. Cavabdehin sözügedən mənzildə olan qeydiyyatı formal xarakter daşıyır və eyni zamanda onun mülkiyyətçi kimi hüquqlarını pozur. Belə ki, cavabdeh qərəzli olaraq onun orada yaşamağı üçün lazım olan qaz xəttini bağladır, həmçinin, evin yaxşı şəraitdə saxlanılmasına da imkan vermir. Bu səbəbdən də, ev rütubət çəkir və evin təmiri korlanır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilən xüsusatları təsdiqləyərək bundan əlavə bildirdi ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 2 ünvanında qızı ilə birlikdə kirayədə yaşayır. O, onkoloji xəstə olmaqla iki övlad anasıdır. X7, 2006-cı ildən ağır asma xəstəsi olduğuna görə, Bakı şəhər X23 İnstitutunda Gülzar həkimin xəstəsi olaraq qeydiyyatdadır. Xəstəlik ağrıları çoxalanda vəziyyəti çox pisləşir. Ucar rayonunda çalışaraq özünü və ailəsini təmin etmək üçün iş olmadığından Bakı şəhərində yaşamağa məcbur qalmışdır. X2 isə 2020-ci ildə İİ Vətən Müharibəsi zamanı şəhid olmuşdur. Oğlu, Azərbaycan Ordusunda kəşfiyyatçı-gizir vəzifəsində işləmiş, 20 oktyabr 2020-ci il tarixdə Qubadlı rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə ağır yaralanmış və 10 noyabr 2020-ci il tarixdə isə aldığı yaradan şəhid olmuşdur. Müharibə zamanı oktyabrın 15-də oğlundan narahat olduğu üçün gəlini Aydandan "Allahverdiyə zəng çatmır. Bəlkə sən bilirsən ona nə olub?" deyə soruşduqda cavabdeh "qorxma şəhid olanda sənə deyəcəm" deyə bildirmişdir. Həmçinin onu da qeyd etmişdir ki, oğlunun şəhid olmağını gəlini çox istəyirdi. Oğlunun yaralanmasını haqqında məlumatı bundan 2 gün sonra, gəlni deyil, başqa şəxslər məlumat vermişdir. Eyni zamanda onu da qeyd etdi ki, çalışdığı müddətdə oğlunun maddi vəziyyətindən asılı olmayaraq nəvələri və gəlni üçün əlindən gələni edərək oğlunun ailəsinə maddi dəstək olmuşdur. Gəlni oğlunun maaş kartını özünün geyimlərinə və istədiklərini almaq üçün istifadə etmiş, nəvələri isə onun yardımları ilə böyümüşdür. Həmçinin onu da qeyd etdi ki, oğlu sağ olanda ailəsi üçün Xırdalan qəsəbəsində ev aldığını da (bununla bağlı hər hansı rəsmi sübut təqdim edə bilmir) bildirmişdir. Buna baxmayaraq Ucar rayonundakı rəsmi olaraq ona məxsus olan evdə, oğlu evləndiyi gündən bu günədək gəlni, onunla və qızı ilə birlikdə yaşamışdır. Həmçinin, ona məxsus Ucar şəhərində yerləşən evi oğlu şəhid olandan bir ay sonra onun icazəsi olmadan gəlni, yəni, cavabdeh iki hissəyə bölərək özününkü elan etmişdir. Onu da qeyd etdi ki, gəlninin ev davası səbəbindən oğlunun yasını belə tuta bilməmişdir. Evi qeyri-qanuni böləndən sonra gəlni ona məxsus hər şeyi evin öz hissəsi elan etdiyi yerə apardığından o, məcburən yenidən evə qab-qacaq və digər ev əşyaları almağa məcbur olmuşdur. O, məsələni sülh yollu ilə həll etmək üçün gəlni Aydana evin yarısını nəvəsi Allahverdinin oğlu Əlihüseyinin adına, digər yarısını isə qızı, Allahverdinin bacısı Ayşənin adına rəsmiləşdirməyi təklif etsə də, cavabdeh Əlihüseyinin adına ev olarsa, dövlətin şəhid ailələrinə ayırdığı evin otaq sayının az veriləcəyini bildirmişdir. Həmçinin, gəlni Aydan daha sonra ona Müdafiə Nazirliyinin "kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensensasiya olaraq" 11000 (on bir) min azn pul verdiklərini və həmin pulu almaq üçün ona etibarnamə verməli olduğunu bildirmişdir. Etibarnamə verməyəcəyi təqdirdə isə cavabdeh digər bir oğlana ərə gedəcəyini bildirdikdə o, oğlunun ondan sonra qoyub getdiyi uşaqlarının ögey atası olmaması üçün razılaşaraq etibarnamə vermişdir. Ancaq cavabdeh onu aldadaraq Müdafiə Nazirliyinin "kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya olaraq ödədiyi kompensasiyanın miqdarını az, yəni 110000 (on bir) min azn olduğunu bildirsə də, o, həmin məbləğin 41184 (qırx bir min yüz səksən dörd) manat olmasını öyrənmişdir. Bu barədə məlumatı o, sonradan, digər məsələlər ilə bağlı Müdafiə Nazirliyinə müraciət edərkən öyrənmişdir. Belə ki, gəlni 41184 (qırx bir min yüz səksən dörd) manat pul aldığını iki il ərizində ondan gizlətmişdir. Həmçinin, Xırdalan şəhərində oğlunun aldığı ayrıca evi olasa da, ona aid olan Ucar şəhərində yerləşən evi iki yerə bölərək qaz xəttini də bağlamışdır. Həmçinin, cavabdeh işlətdiyi qazın pulunu ödəməyərək, 2500 manat qaz borcunu da onun adına yazdırmışdır. Halbuki, o, faktiki olaraq Bakı şəhərində kirayədə yaşayır, Ucar şəhərinə isə yalnız hansısa mərasim və bayram günləri oğlunun qəbrini ziyarətə gedir. Şəhid ailəsinə dövlət tərəfindən verilən bütün imtiyazlar cavabdehə şamil edilmiş, həmçinin, oğlunun bütöv maaşını, eləcə də, 400 (dörd yüz) manat prezident təqaüdünü də almışdır. Uşaqları da ən yaxşı məktəbdə pulsuz təhsil alırlar. Həmçinin, oğlunun qırx mərasimindən sonra cavabdeh atasının həyətində ev va salon da tikdirmişdir. Oğlu 6 (altı) il hərbidə qulluq etdiyi zaman cavabdeh onun pulları ilə dolanmış və oğlunun maaşını da mənimsəmişdir. Onu da qeyd etdi ki, o, 1988-ci ildən Ermənistanın Masis rayonundan qaçqın düşmüş və ticarətlə məşğul olaraq o vaxtkı pulla üç min manata Ucar şəhərində öz adına ev almış, həmçinin, onun-bunun qapısına gedərək alver edib yetim uşaq saxlamışdır. Hazırda onkoloji xəstə olduğundan müalicəyə və əməliyyata ehtiyacı vardır. Lakin, iş qüvvəsi və maddi imkanı olmadığına görə müalicə və əməliyyat oluna bilmir. Həmçinin, 400 (dörd yüz) manat kirayə pulunu da vaxtlı-vaxtında verə bilmir. Belə ki, kirayə pulunu belə başqa şəxslərin yardımı ilə çətinliklə ödəyir. Ona təyin edilmiş 150 manat məbləğində müavinətdən başqa heç bir gəliri yoxdur. Həmçinin, hazırda 10000 (on min) manata yaxın borcu da vardır. İllərlə Bakı şəhərində kirayə mənzildə yaşamaqla və müxtəlif yerlərdə işləməklə nəvələrini saxlamış, oğlunun ailəsinə daim maddi yardım göstərmişdir. Lakin, oğlunun ölümündən sonra gəlni ondan üz döndərmiş, hətta qeydiyyatda olduğu evi də onun əlindən almaq istəmişdir. Şəhid anası olaraq artıq səhhəti korlanmış və iş qüvvəsi qalmamışdır. Hazırda ona qızı birtəhər baxır.Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi (göstərilən xüsusatlar barədə məhkəməyə yazılı ərizə də ünvanlamışdır). Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, Cavabdeh məhkəməyə iddia tələbini qəbul etməməsi barədə etiraz ünvanlayaraq göstərmişdir ki, o, 2011-ci ildən Ucar rayonu Uşaq İncəsənət məktəbində müəllim işləyir. X4 ilə 27 mart 2009-cu il tarixdə el adəti ilə toyları olmuş, 24 aprel 2010-ci il tarixdə isə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından üç övladları doğulmuşdur. Əri 17 yanvar 2017-ci ildən etibarən hərbçi kimi Vətənə xidmət etmişdir. 06 noyabr 2010-cu il tarixdə doğulmuş X3 atasının dəfnində keçirdiyi depressiyadan sonra astma-bronxit, allergik-astma xəstəliyinə yoluxmuşdur. 25 avqust 2013-cü il tarixdə doğulmuş X6 da atasının dəfnindən sonra 4,5 faiz görmə qabiliyyəti məhdudiyyəti, mürəkkəb asteqmatizm, beyin-nitq qüsuru yaranmışdır. X10 isə 06 noyabr 2014-cü il tarixdə doğulmuşdur. X4 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olduqdan sonra "3-cü dərəcəli Rəşadət ordeni", "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", “Fizulinin azad olunmasına” görə medalları ilə təltif olunmuşdur. Keçmiş qaynanası İddiaçı onu və övladlarını ərinin 40 mərasimindən sonra yaşadıqları mənzildən çıxarmışdır. Lakin, sonra Ucar Rayon İcra Hakimiyyəti nümayəndələri yenidən onları həmin mənzilə qaytararaq ona bir otaq və özünün qazandığı əmək haqqı ilə tikdirdiyi artırmanı vermişlər. O, sögedən ünvana gəlin köçmüş və 15 il orada yaşamışdır. Qaynanası İddiaçı isə bu müddət arzində Bakı şəhərində yaşamış və atası tərəfindən açılmış dükan satıcı kimi işləmişdir. Lakin, sonradan əri şəhid olandan sonra iddiaçı həmin dükanı da mənimsəmiş və dükanın üstünə ad olaraq qızı Ayşənin adını yazdırmışdır. Həmçinin, həmin dükana sərmayə olaraq qoyduqarı 3000 manat pulu da qaytarmamış və üstəlik ona məxsus 5000 manat dəyərində olan qızıl-zinət əşyalarını da əlindən almışdır. İddiaçının iddia ərizəsində göstərdiyi tələb reallığı va həqiqətləri əks etdirmir. Eyni zamanda onu da qeyd etmişdir ki, o, 2023-cü ildə atasının qəfil xəstəliyi səbəbindən ölümünə sayılı günlər qaldığı üçün övladlarını Bakı şəhərinə aparmışdır. Bir ana olaraq vəzifəsini yerinə yetirərək övladlarına onlara ata əvəzi olan babalarının gözləri qarşısında ölümünü seyr etdirməmək, onlara psixoloji, mənəvi ziyan vurmamaq və xəstəliklərini ağırlaşdırmamaq üçün səy göstərmişdir. Belə ki, ərinin ölümündən bu günədək o, övladları ilə birlikdə həmin mənzildə yaşayır. Yaşadıqları müddət ərzində isə iddiaçı qızı Ayşən Ələkbərova ilə birlikdə onu və övladlarını təhqir edərək onlara böhtan atmışlar, həmçinin, həmin sərsəm təhqir və böhtanları sosial şəbəkələrdə də paylaşmışlar. Qaynanasının və baldızının hərəkətləri onu sarsıtdığından o, bununla bağlı polisə müraciət etmişdir. Belə ki, 2023-cü ilin sentyabr ayından etibarən həftənin 4 günü Bakı şəhərində, 3 günü isə Ucar şəhərində yerləşən mübahisəli mənzildə yaşayır. Eyni zamanda onu da qeyd etdi ki, qaynanasının onu çıxartmaq istədiyi evin artırma hissəsini mərhum X18 ilə o, özü tikmiş və təmir etmişlər. Belə ki, onlar həmin evə xeyli vəsait xərcləmişlər. Buna baxmayaraq iddiaçı onu mərhum əri şəhid Allahverdi ilə birlikdə tikib qurduqları və gələcəkdə vərəsə kimi orda qeydiyyatda olan nəvələrinə heç bir kompensasiya ödəmədən ordan çıxartmaq istəyir. Həmçinin, onu da qeyd etmişdir ki, iddiaçıya şəhid anası olduğu üçün rayon İcra hakimiyyəti tərəfindən 3 sot torpaq sahəsi də verilmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ucar Rayon İcra Hakimiyyəti Ucar Rayon Mənzil İstismar Təmir İstehsalat sahəsi tərəfindən verilmiş 11 oktyabr 2016-cı il tarixli, 1092 nömrəli arayışın surətindən görünür ki, İddiaçı Ucar şəhəri, H.Əliyev prospektindəki 115 nömrəli evin 5-ci mənzilində yaşamaqla, həmin mənzil ona məxsusdur. Həmin mənzil 1991-ci ildə inşa edilmişdir. İşdə olan ünvan 1 ünvanında qeydiyyatda olan X14, X12 və X8 tərəfindən notarial qaydada təqdim və təsdiq olunmuş 13 oktyabr 2016-cı il tarixli ərizələrin surətindən görünür ki, sonuncular qeydiyyatda olduqları Ucar şəhəri, H.Əliyev küçəsi, ev 115 ünvanında yerləşən 5-ci mənzili İddiaçı adına özəlləşdirilməsinə və DƏDRX-dən çıxarış alınmasına razılıq vermişlər. İşdə olan Ucar rayon Xalq Deputatları İcraiyyə Komitəsinin 1991-ci il tarixli qərarı ilə verilmiş orderin surətindən görünür ki, məzilə ehtiyacı olan vətəndaşların uçota alınması və mənzil sahəsinin bölgüsü üzrə nümunəvi qaydalar üçün Ucar şəhəri, H.Əliyev küçəsi, ev 115 ünvanında yerləşən ümumi sahəsi 88,6 kv.m olan 5 saylı mənzil order əsasında İddiaçı verilmişdir. İşdə olan 19 oktyabr 2016-cı il tarixdə Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin HDQ haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ucar şəhəri, H.Əliyev küçəsi, ev 115 ünvanında yerləşən ümumi sahəsi 88,6 kv.m olan 5 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İşdə olan X24 tərəfindən 11 avqust 2022-ci il tarixdə verilmiş kranial MRT-dən edilmiş çıxarışın, Loğman Klinikası tərəfindən 01 avqust 2023-cüil tarixdə verilmiş beyinin MRT müayinəsindən edilmiş çıxarışın və Milli Onkologiya Mərkəzi tərəfindən 07 avqust 2023-cü il tarixdə verilmiş ambulator kartdan arayışın surətlərindən görünür ki, İddiaçı “Baş beyin, arxa kəllə çuxurunun törəməsi, Meningioma” diqanozu qoyulmuşdur. İşdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş 13 dekabr 2022-ci il tarixli, 4/6143 nömrəli məktubun surətindən görünür ki, şəhid olmuş gizir X1 və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensensasiyanın verilməsi komisiyyası tərəfindən hesablanmış 41184 manat, əşya əmlakı əvəzinə pul kompensasiyasının təmini üzrə komissiyası tərəfindən isə 1500,09 manat əşya əmlakı əvəzinə pul kompensasiya məbləği hesablanmışdır. Hesablanmış 41184 manat 18 may 2021-ci il tarixdə, 1500,09 manat isə 13 avqust 2021-ci il tarixdə Cavabdeh Mövlud qızının bank hesabına köçürülmüşdür. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Ucar Rayon Polis Şöbəsi tərəfindən verilmiş 19 fevral 2024-cü il tarixli, 3-13-115/2-A-2xx/xx/2024 nömrəli məktubun surətindən görünür ki, İddiaçı müraciəti ilə əlaqədar məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində· Sosial Xidmətlər Agentliyi tərəfindən 01 fevral 2021-ci il tarixdə verilmiş 001823 nömrəli şəhid ailəsi üzvünün vəsiqəsinin surətindən görünür ki, İddiaçı şəhid ailəsi üzvüdür. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində· Sosial Xidmətlər Agentliyi tərəfindən 21 iyun 2024-cü il tarixdə verilmiş məktubdan görünür ki, İddiaçı şəhid ailələrinin mənzil növbəliliyi siyahısında adı qeyd edilməmişdir. Beləliklə, məhkəmə iclasında işin faktiki halları və təqdim olunmuş sübutlarla müəyyən olundu ki, Ucar şəhəri, H.Əliyev küçəsində yerləşən, 115 nömrəli evin 5 saylı mənzili İddiaçı mükiyyətindədir. İddiaçının mərhum oğlu, X8 ilə Cavabdeh 27 mart 2009-cu il tarixdə el adəti ilə toy etsələr də, 24 aprel 2010-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər və bu nikahdan üç övladları doğulmuşdur. Toydan sonra Cavabdeh İddiaçı məxsus həmin mənzilə gəlin köçmüşdür. Həmçinin, gəlin köçdüyü zaman cavabdehin apardığı cehiz əşyaları da həmin ünvanda yerləşən mənzilə yerləşdirilmişdir. Lakin, iddiaçının oğlu, cavabdehin isə X4 44 günlük Vətən Müharibəsi dövründə qəhrəmancasına şəhid olduqdan sonra tərəflər arasında münasibətlər pisləşmişdir. Odur ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsində istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Qeyd edilən maddələrin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, «Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məhdud əşya hüquqları bağlı olduqları daşınmaz əşyaya olan mülkiyyət hüququnun özgəninkiləşdirilməsi halında xitam olmadıqları kimi (Mülki Məcəllənin 158.3-cü maddəsi), istənilən üçüncü şəxslərə qarşı da irəli sürülə bilərlər (Mülki Məcəllənin 158.4-cü maddəsi). Beləliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Göründüyü kimi qanunvericilik ailə üzvlərinin dairəsini müəyyən edərək, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynlərini aid etmişdir. İşin halları ilə müəyyən edilmişdir ki, Cavabdeh mənzilin mülkiyyətçisi olan İddiaçı ailə üzvü deyil və cavabdehin mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. Məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququnun itirilməsinin mümkünlüyü məsələsinə hüquqi qiymət verilməzdən əvvəl, cavabdehin həmin mənzilə münasibətdə hazırda istifadə hüququnun mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda onun itirilməsindən söhbət gedə bilməz. İşin faktiki hallarından da göründüyü kimi, iddiaçının mərhum oğlu, X8 ilə Cavabdeh 24 aprel 2010-ci il tarixdə rəsmi nikaha daxil olaraq sözügedən mənzildə yaşamışlar. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixdən sonra yarandığından, eləcə də, qeyd edilən mənzilin mülkiyyətçisi olan İddiaçı ilə Cavabdeh arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, bununla da cavabdehin qeyd edilən mənzildən istifadə hüququ yaranmamışdır. Belə olan halda məhkəmə cavabdehin iddiaçının mənzilinə istifadə hüququ yaranmadığı üçün və mövcud olmayan hüququn da, itirilməsi yolverilməz olduğundan iddia tələbini əsassız hesab edərək iddia tələbinin təmin edilməməsi qənaətinə gəlir. Yuxarıda qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci bəndinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci bəndinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduğundan hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №2(063)-681/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-681/2024
05.08.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver