Məhkəmə qərarları › İş №2(063)-837/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-837/2024

05.11.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-837/2024 05.11.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, eləcə də, digər iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və Nümayəndə Cavabdeh qarşı «mənzildən cavabdehə məxsus əşyaların çıxarılması» tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və Nümayəndə Cavabdeh qarşı «mənzildən cavabdehə məxsus əşyaların çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus əşyaların çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 12 noyabr 1997-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş və bu nikahdan 08 noyabr 1998-ci il tarixdə Murad, 17 sentyabr 1999-cu il tarixdə Fuad, 29 dekabr 2009-cu il tarixdə isə Məhəmmədiyyə adlı üç övladları doğulmuşdur. Lakin, cavabdeh 2023-cü ilin aprel ayında 29 dekabr 2009-cu il təvəllüdlü övladı Məhəmmədiyyəni də özü ilə götürüb Bakı şəhərinə getmiş və həmin vaxtan Bakı şəhərində yaşayır. Bundan sonra, o, cavabdehlə aralarındakı nikahın pozulması üçün məhkəməyə müraciət etmişdir. Ucar Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(063)-774/2024 saylı qətnaməsinə əsasən onunla Cavabdeh arasında olan nikahın pozulması qət edilmişdir. Belə ki, hazırda cavabdeh onun və anasının ailə üzvü deyil. Buna baxmayaraq cavabdehə məxsus cehiz əşyaları ona və anasına məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qalmışdır. Eyni zamanda, o, mediasiya qurumuna müraciət edərək, mediasiya xərcini ödəmiş, lakin, cavabdeh 08 iyul 2024-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etmədiyinə görə ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayış verilmişdir. Bu səbəbdən də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan iddiaçı, eləcə də, digər iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir (eyni zamanda, cavabdeh məhkəməyə teleqram ünvanlayaraq iddianı qəbul etdiyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir). Məhkəmə iddiaçının, eləcə də, digər iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqından daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Ucar şəhəri, Həzi Aslanov küçəsi, 9 saylı fərdi yaşayış evi İddiaçı1 və Nümayəndə ümumi birgə xüsusi mülkiyyət hüququ üzrə qeydiyyatdan keçirilmişdir və bu barədə 5 saylı reyestr kitabının 45 səhifəsində ********** nömrə ilə qeydə alınmaqla 28 dekabr 2011-ci il tarixində qeydiyyat aparılmışdır. İşdə olan qanuni qüvvəsini almış Ucar Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(063)-774/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Nümayəndə ilə Cavabdeh arasında Ucar rayon VVAQ şöbəsində 12 noyabr 1997-ci il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş 29 dekabr 2009-cu il təvəllüdlü X1 anası, Cavabdeh himayəsinə verilməsi, həmçinin, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan hər ay 150 manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh ödənilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan Nümayəndə şəxsi məlumatlarından görünür ki, Nümayəndə aparıcı məsləhətçi (dövlət qulluqçusu) kimi işləməklə, aylıq 345 manat əmək haqqı alır. İşdə olan mötəbər maliyyə sənədlərdən görünür ki, iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən mediasiya xidmətinin göstərilməsi üçün 61 manat məbləğində mediasiya xərci ödəməklə, yanaşı dövlət rüsumuna görə 50 manat vəsait də sərf etmişlər. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh iddiaçı Nümayəndə keçmiş arvadıdır. Belə ki, iddiaçı ilə cavabdeh 12 noyabr 1997-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişlər və cavabdeh iddiaçının yaşadığı sonuncuya və anasına məxsus Ucar şəhəri, Həzi Aslanov küçəsində yerləşən 9 saylı fərdi yaşayış evinə gəlin köçmüşdür. Sonradan tərəflərin münasibətləri pisləşdiyindən Ucar Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(063)-774/2024 saylı qətnaməsinə əsasən onların nikahları pozulmuşdur. Cavabdeh 2023-c üildən Bakı şəhərində yaşasa da, ona məxsus cehiz əşyaları Ucar şəhəri, Həzi Aslanov küçəsində yerləşən 9 saylı fərdi yaşayış evində qalmışdır. Dəfələrlə tələb edilməsinə baxmayaraq cavabdeh cehiz əşyalarını aparmamışdır. Odur ki, iddiaçı hazırkı tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Azərbaycan Respublikasında mülkiyyət haqqında” xx.xx.1991-ci il tarixli Azərbaycan Respublikası qanunun 1-ci maddəsinə görə mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və Nümayəndə xüsusi mülkiyyəitində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində iddia tələbində göstərilən, Cavabdeh aid olan əşyalar mövcuddur və bu əşyaların həmin ünvanda qalmaqda davam etməsi mülkiyyətçilərin mülkiyyət hüquqlarını pozmaqla yanaşı onların əmlaklarından sərbəst istifadə hüquqlarının həyata keçirilməsinə maneçilik yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, idda təmin olunmalı və iddiaçılar İddiaçı1 və Nümayəndə xüsusi mülkiyyəitində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh aid olan əşyalar çıxarılmalıdır. Bu Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunmalıdır. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi və iddia tələbi üzrə ödənilmiş cəmi 111 manat məhkəmə xərci iddia ərizəsində və məhkəmə baxışında cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçıların özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus əşyalar çıxarılsın. Mediasiya xidmətinin göstərilməsi və iddia tələbi üzrə ödənilmiş cəmi 111 (bir yüz on bir) manat məhkəmə xərci iddiaçılar İddiaçı1 və Nümayəndə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar