Məhkəmə qərarları › İş №2(064)-1028/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1028/2023

19.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1028/2023 19.07.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən icarə hüququ ilə ona ayrılmış Füzuli rayonu, Qaraxanbəyli kəndi ərazisindən keçən Bakı- Füzuli avtomobil yolunun sağ tərəfində 15 ha əkin üçün torpaq sahəsinin qanunsuz zəbt etməsinin qadağan olunması, həmin torpaq sahəsindən çıxarılmaları və həmin torpaq sahəsindən istifadə zamanı maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ikinci Qarabağ müharibəsi Qazisidir və ikinci qrup əlildir. Azərbaycan Respublikası Prezidentinin qazilərə olan diqqəti və Füzuli RİHB-nin göstərişi ilə ona ayrılmış Füzuli rayonu, Qaraxanbəyli kəndi ərazisindən keçən Bakı-Füzuli avtomobil yolunun sağ tərəfində torpaqlar işğal altında olduğu dövrdə netral ərazi olmuş, hazırda isə işğaldan azad olunmuş sahədən 5 (beş) illik icarə hüquqi əsasında ona 15 ha əkin torpaq sahəsi ayrılmışdır. Arpa əkmək məqsədi ilə 2022-ci ilin yay aylarına həmin torpaq sahəsini şumlatmış və əkin vaxtının gəlməsini gözləmişdir. xx.xx.2022-ci il tarixdə həmin torpaq sahəsinə baxmağa gedərkən sahənin onu xəbəri olmadan özbaşına əkildiyini görmüşdür. Sahənin kimin tərəfindən əkildiyini maraqlandıqda bildirdilər ki, ona verilmiş torpaq sahəsi Füzuli rayonu, Qaraxanbəyli kənd sakini Cavabdeh2 tərəfindən əkilmişdir. Bu barədə Füzuli rayonu, Qaraxanbəyli kənd icra nümayəndəsi X2, X3 baş aqronomu Rəhman Rüstəmovun, Füzuli rayon İcra nümayəndəsinin müavini Cəfər Məmmədovun, o, X1 və Cavabdeh2 iştirakları ilə 29 oktyabr 2022ci il tarixli akt da tərtib olunmuşdur. Cavabdeh2 həmin akta imza etməkdən məqsədli şəkildə boyun qaçıraraq, torpaq sahəsinin Cavabdeh1 tərəfindən əkildiyini bildirmişdir. Bu barədə Füzuli rayon polis şöbəsinə müraciət edildikdə isə Cavabdeh1 polisə izahat verməkdən imtina etmişdir. Bir sözlə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Gülkərim qızı məsələni bir-birinin üstünə atmaqla qanunla icarəyə verilmiş 15 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsində istifadə etməyinə imkan vermirlər. Bu torpaq sahəsinə reyestr nömrəsi- **********72, qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli Dövlət reyestrindən çıxarış da verilmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsinə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehlər ona icarəyə verilmiş torpaq sahəsinin 13 ha hissəsini zəbt edərək onun istifadə və sahiblik hüquqlarını məhdudlaşdırmışlar. Odur ki, cavabdehlərin onun icarəsinə verilmiş torpaq sahəsinin 13 ha hissəsindən çıxarılmalarına və cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə baxışı iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehlərin məhkəmə baxışı iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmənin hazırlıq iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bildirdilər ki, Füzuli rayonu, Qaraxanbəyli kəndi ərazisində yerləşən 13 ha torpaq sahəsini onlar qeyri-rəsmi olaraq əkib-becərirlər. Belə ki, qeyd olunan torpaq sahəsinin onların istifadəsinə və ya icarəsinə verilməsinə dair hüquqmüəyyənedici sənədlər yoxdur. Məhkəmə iddiaçını dinləyərək, tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Füzuli rayonu ərazisində 15.0 ha torpaq sahəsi 5 il müddətinə İddiaçı icarəsinə verilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz olaraq qeyd olunan torpaq sahəsinin 13 ha hissəsini zəbt edərək orada əkinbiçin işləri aparmışlar. Cavabdehlərin bu qanunsuz hərəkətləri İddiaçı icarəçi kimi bir sıra hüquqlarının, o cümlədən torpaqdan təyinatı üzrə sərbəst istifadə etmək hüquqlarının pozulması ilə nəticələnmişdir. Odur ki, məhkəmə yuxarıda qeyd olunanları yekunlaşdıraraq belə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli və cavabdehlər iddiaçının icarəsinə verilmiş 15 ha torpaq sahəsinin 13 ha hissəsindən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: M a d d ə 4 8 . Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası.

2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. M a d d ə 5 1 . Torpaq sahəsi üzərində icarə hüququ.

1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir.

2. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir.

3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər.

6. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. M a d d ə 8 1 . Torpaq istifadəçilərinin və icarəçilərinin hüquqları. Torpaq istifadəçilərinin və icarəçilərinin hüquqları aşağıdakılardır: torpaqdan təyinatı üzrə istifadə etmək; qadağan edilmiş bitkilər istisna olmaqla, kənd təsərrüfatı bitkilərinin əkinləri və istehsal edilmiş məhsul üzərində mülkiyyət hüququnu həyata keçirmək; torpaq sahəsində geniş yayılmış faydalı qazıntılardan, su ehtiyatlarından öz təsərrüfat ehtiyacları üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə etmək; bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada torpaq sahəsini və ya onun bir hissəsini başqasının müvəqqəti istifadəsinə və icarəsinə (subicarəsinə) vermək; qanunvericiliklə qadağan edilməmiş digər fəaliyyəti həyata keçirmək. Maddə 8 4 . Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı.

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.

3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 700. İcarə müqaviləsi. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 706. Torpaq icarəsi müqaviləsinin məzmunu. 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.2. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçı icarəyə verilmiş Füzuli rayonu, Qaraxanbəyli kəndi ərazisində yerləşən 15.0 ha torpaq sahəsinin 13.0 ha hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılsınlar və cavabdehlər tərəfindən iddiaçıya həmin torpaq sahəsindən istifadə zamanı yaradılmış maneələr aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar