Məhkəmə qərarları › İş №2(064)-1047/2024

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-1047/2024

31.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-1047/2024 31.05.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızı, Ərizəçi (maraqlı şəxs Füzuli rayon Qeydiyyat şöbəsi) doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M ü ə y y ə n e t d im : Ərizəçi (maraqlı şəxs Füzuli rayon Qeydiyyat şöbəsi) doğum faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə Füzuli Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Ərizədən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə Füzuli rayonu, Qarabağ kəndində anadan olması, X3 atasının Ərizəçi, anasının X2 olması faktının müəyyən edilməsini tələb edir. Həmçinin ərizədən müəyyən olunur ki, xx.xx.2020-ci il təvəllüdlü X1 Mərkəzi Rayon Xəstəxanasında doğulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında qeyd edilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Göründüyü kimi, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizələrə baxır. Lakin iş materillarından görünür ki, hazırki mülki iş üzrə doğum faktı müəyyən edilməsi xahiş olunan uşağın xx.xx.2020-ci il tarixdə Füzuli Mərkəzi Rayon Xəstəxanasında doğulması barədə ərizəçi özü ərizəsində məlumat verir. Belə olan halda o, tibb müəssisəsindən doğum haqqında tibbi şəhadətnaməni təqdim etməklə doğum faktını müəyyən edən sənədi almaq imkanı olduğundan, həmin fakt məhkəmədə təsdiq edilə bilməz. Bu halda ərizəçi uşağın doğum yeri olan Füzuli Mərkəzi Rayon Xəstəxanasından doğum haqqında tibbi şəhadətnaməni alıb onu müvafiq qeydiyyat orqanına təqdim etməklə uşağın doğumunu təsdiq edən sənədi əldə etmək imkanı mövcuddur. Belə olduğu halda ərizəçinin hüquqi imkanları olduğundan həmin fakt məhkəmə qaydasında müəyyən edilə bilməz. Həmçinin “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli qərarının 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün təqdim olunmalı olan sənədlər siyahısında doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd də göstərilmişdir. Həmin qərarın 2.23-cü bəndinə əsasən doğumun dövlət qeydiyyatı üçün bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdən sonra və uşaq 16 yaşına çatanadək müraciət edildikdə qeydiyyat ərizəçinin seçdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən doğum haqqında akt qeydləri kitabında ümumi qaydalarla ilkin qeydiyyat kimi aparılır, lakin sıra nömrəsindən sonra "Vaxtı keçmiş qeydiyyat" sözləri əlavə edilir. Bu halda ərizəçi uşağın doğulduğu, habelə qeydiyyatda olduğu tibb müəssisələrindən arayış təqdim edir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, tibb müəssisəsində doğulmuş uşaq haqqında məlumat həmin müəssisənin rəhbəri tərəfindən verilmiş doğum haqqında tibbi şəhadətnaməyə əsasən müvafiq qeydiyyat orqanına qeydə alınaq doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Beləliklə, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddiaçının iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Ərizəçi (maraqlı şəxs Füzuli rayon Qeydiyyat şöbəsi) doğum faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar