Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1092/2023 02.08.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi vəkil X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh Füzuli rayonu, Horadiz şəhəri ərazisində 5 sot Füzuli rayonu İcra Hakimiyyəti Başçısının qərarı əsasında ona verilmiş torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsindən istifadə olunmasının Cavabdeh qadağan edilməsi və həmin torpaq sahəsində cavabdehin inşa ertdiyi yarımçıq tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun Füzuli rayonu, Horadiz şəhəri ərazisində şəhid ailəsi olduğuna görə Füzuli rayon icra hakimiyyəti başçısının qərarına əsasən 5 sot torpaq sahəsi verilmişdir. Lakin Cavabdeh iki ilə yaxındır ki, həmin torpaq sahəsini qanunsuz zəbt edərək oradan istifadə edir. İndiyədək dəfələrlə cavabdehdən ona məxsus olan torpaq sahəsindən çıxmasını və həmin torpaq sahəsindən istifadə etməsinə əngəl törədən əməllərə son qoymasını tələb etsə də, cavabdeh buna heç bir məhəl qoymur. Cavabdeh onun həmin torpaq sahəsindən istifadə etməyinə mane olur. Beləliklə də, o, qanuni olaraq dövlət tərəfindən onlara verilmiş torpaq sahəsindən istifadə edə bilmir. O, dəfələrlə cavabdehdən onun torpaq sahəsindən çıxmasını tələb etsə də, o, bu tələblərə heç bir məhəl qoymamışdır. Ona görə də, qanuni maraqlarımın müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsində qeyd olunanlarla oxşar məzmunlu izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı həmçinin bildirdi ki, qeyd olunan 5 sot torpaq sahəsinin ona ayrılmasına dair müvafiq sənədlər olmasa da Horadiz şəhərində yaşayan şəxslərin əksəriyyəti bilir ki, o, şəhid övladı olduğuna görə torpaq sahəsi ona ayrılmışdır. Cavabdeh nümayəndəsi vəkil X2 iddia tələbini qəbul etməyərək bildirdi ki, qeyd olunan torpaq sahəsinin iddiaçıya ayrılmasına dair hüquqmüəyyənedici sənədləri olmadığına görə iddia tələbi əsassızdır. Bundan başqa, Horadiz qəsəbə XDS İK-nin 22 mart 1990-cı il tarixli qərarı ilə qeyd olunan 0.05 ha torpaq sahəsi iddiaçının atası Salman Səmədova ayrılmışdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Füzuli rayonu, Horadiz şəhəri ərazisində yerləşən 0.05 ha torpaq sahəsi şəhid övladı olduğundan ona verilmişdir. Cavabdeh iki ilə yaxındır ki, həmin torpaq sahəsini qanunsuz zəbt edərək orada tikililər inşa etmişdir. İddiaçı dəfələrlə cavabdehdən ona məxsus olan torpaq sahəsindən çıxmasını və həmin torpaq sahəsindən istifadə etməsinə əngəl törədən əməllərə son qoymasını tələb etsə də, cavabdeh buna heç bir məhəl qoymamışdır. Cavabdeh nümayəndəsi vəkil R.Nuriyev iddia tələbini qəbul etməyərək bildirdi ki, qeyd olunan torpaq sahəsinin iddiaçıya ayrılmasına dair hüquqmüəyyənedici sənədləri olmadığına görə iddia tələbi əsassızdır. Bundan başqa, Horadiz qəsəbə XDS İK-nin 22 mart 1990-cı il tarixli qərarı ilə qeyd olunan 0.05 ha torpaq sahəsi iddiaçının atası Salman Səmədova ayrılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, mübahisəli 0.05 ha torpaq sahəsinin İddiaçı və ya ailə üzvlərinin istifadəsinə (daimi və ya müvəqqəti), icarəsinə və mülkiyyətinə verilməsinə dair hər hansı hüquqmüəyyənedici sənədlər mövcud deyil. Belə olan halda, iddiaçının cavabdehə qarşı torpaq sahəsindən çıxarılma və tikililərin sökülməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 3-cü maddəsinin 4-cü bəndinə əsasən, torpaq münasibətlərinin obyekti torpaq sahəsi və onun üzərində hüquqlardan ibarətdir. 5-ci maddəsinin 3-cü bəndində qeyd edilir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 49-cu maddəsinin 1-ci bəndində göstərilir ki, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 50-ci maddəsinin 1-ci bəndinə görə, torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. 51-ci maddəsinin 1-ci bəndində deyilir ki, torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yer quruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Beləliklə də, məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və tikililərin sökülməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-1092/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1092/2023
02.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver