Məhkəmə qərarları › İş №2(064)-11/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-11/2025

24.01.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-11/2025 24.01.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə yaşayış hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə (bundan sonra - Məhkəmə) müraciət edərək Cavabdeh (bundan sonra - Cavabdeh) ona məxsus olan ünvan 1ində yerləşən faktiki istifadə və sahibliyində olan yaşayış evindən cavabdehə 2500 manat məbləğində kompensasiya ödənilməklə yaşayış hüququna xitam verilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Füzuli rayon məhkəməsinin 28 aprel 2016-cı il tarixli, 2(064)-416/2016 saylı qətnaməsinə əsasən Cavabdeh ona məxsus olan ünvan 1ində yerləşən yaşayış evinə köçürülməsi qət edilmişdir. Cavabdehin həmin evə köçürülməsinə əvvəl razı olmuş, lakin sonradan cavabdehin yol verdiyi qanunsuz hərəkətlər onun həmin evdə onlarala birlikdə yaşamasını qeyri-mümkün etmişdir. Hazırda onunla birlikdə həmin evə köçürülməsi qət edilmiş nəvəsi də həmin evdə yaşamır, Bakı şəhərində yaşayır və təhsil alır. Eyni zamanda cavabdeh qazdan, işıqdan, sudan istifadə olunmasında hədsiz problemlər yaradır. Həmçinin cavabdehin həmin evdə yaşaması onun ailə qurmasına da maneə olur. Ona görə də iddia tələbinin təmin olunması üçün məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan iddia tələdini dəqiqləşdirərək Cavabdehə 7200 manat məbləğində kompensasiya verilməklə yaşayış hüququna xitam verilməsi və həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında məhkəməyə bildirdi ki, o, iddia tələbini müdafiə edir, Cavabdehə 7200 manat məbləğində kompensasiya verilməklə yaşayış hüququna xitam verilməsi və həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh kompensasiya məbləği ilə razı olduğunu və iddia tələbini qəbul etdiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1indəki fərdi yaşayış evinin xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçirilmiş və bu barədə qeydiyyat aparılmışdır. - Füzuli Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2016-cı il tarixli, 2(064)- 416/2016 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh iddiası təmin edilmiş, iddiaçı X2, 09 oktyabr 2010-cu ildə doğulmuş qızı X3 ilə birlikdə, cavabdeh X1 məxsus olan Füzuli rayon Kərimbəyli kəndində yerləşən, daşdan tikilmiş evinin, iddiaçıya məxsus cehiz əşyaları yerləşən, təcrid olunmuş otağa köçürülməsi və yardımçı tikililərdən istifadə hüququnun verilməsi qət edilmişdir. - Füzuli rayon İHB-nın Kərimbəyli kənd İƏD üzrə nümyəndəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdehlə Vüsal Şahverdiyev arasında olan nikah 2014-cü il tarixdə pozulmuş, 2015-ci ildən cavabdeh Vüsal Şahverdiyev atası İddiaçı məxsus yaşayış evinin bir otağında tək məskunlaşıb yaşayır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh X4 ilə 28 iyul 2006-cı il tarixdə nikaha daxil olmuş və həmin nikahdan bir övladları anadan olmuşdur. Cavabdehlə Vüsal ailə qurduqdan sonra onlar sonuncunun atası İddiaçı mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən fərdi evdə yaşamışlar. Cavabdehlə Vüsal Şahverdiyevlə aralarında olan nikah Xocavənd Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Füzuli Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2016-cı il tarixli, 2(064)-416/2016 saylı qətnaməsinə əsasən Cavabdeh 09 oktyabr 2010-cu ildə doğulmuş qızı X3 ilə birlikdə, cavabdeh İddiaçı məxsus olan Füzuli rayon Kərimbəyli kəndində yerləşən, daşdan tikilmiş evinin, Cavabdeh məxsus cehiz əşyaları yerləşən, təcrid olunmuş otağa köçürülmüş və yardımçı tikililərdən istifadə hüququ verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1indəki fərdi yaşayış evi İddiaçı adına qeydiyyatdan keçirilmiş və hazırda onun mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" MMC-nin 14 yanvar 2025-ci il taixli, 02 nömrəli qiymətləndirmə arayışından (mütəxəssis rəyi) görünür ki, ünvan 1ində biriki otaqlı mənzillərin orta aylıq kirayə qiyməti 150-200 manat təşkil edir. Qanunverici mülkiyyət hüququnun məhdudlaşdırılma əsaslarından biri olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi imkanını müəyyən etməklə, bu imkanı müəyyən şərtlərdən aslı etmişdir. Belə ki, Mülki Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Göründüyü kimi, qanunverici yaşayış binasının tərkib hissəsindən istifadə hüququna adi əsasla deyil, məhz müvafiq kompensasiya ödənilməklə xitam verilməsi qaydasını müəyyən etmişdir. Bu zaman nəzərə alınmalıdır ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamın deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin (Konstitusiya Məhkəməsinin Plenumunun R.Ağalarovun şikayəti üzrə xx.xx.2007-ci il tarixli qərarı). Konstitusiya Məhkəməsinin mövqeyindən də aydın olur ki, yaşayış sahəsindən istifadə hüququna müvafiq kompensasiya verilməklə xitam edilməsi institutu yaşayış sahəsinin mülkiyyətçisinin öz əmlakı üzərində heç bir yüklülük olmadan istədiyi formada və sərbəst şəkildə davranmasını təmin etməklə yanaşı, həmçinin yaşayış sahəsindən istifadə hüququna malik şəxslərin oxşar ev şəraitində yaşama ehtiyacının ödənilməsinə yönəlmişdir. Bu səbəbdən, yaşayış sahəsindən istifadə hüququ, mülkiyyət hüququnun qanuni məhdudlaşdırma əsaslarından biri olduğundan həmin hüquqa kompensasiya ödənilməklə xitam verilməsi məhz istifadə hüququna malik şəxslərin həmin kompensasiya məbləği əsasında davamlı şəkildə, əvvəlki mənzilə xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanına malik olduğu halda mümkündür. O da nəzərə alınmalıdır ki, müvafiq kompensasiyanın verilməsi yaşayış sahəsindən istifadə hüququna malik şəxslərin ev şəraitində yaşama ehtiyacının ödənilməsinə yönəldiyindən, müvafiq hüquqa malik şəxslərin sözügedən ehtiyacların ödənilməsini təmin edən başqa yaşayış sahələrinin olması kompensasiyanın məbləğinə təsir göstərən əsas amillərdən biri kimi çıxış edir”. Məhkəmə iddiaçı tərəfindən sonuncu məhkəmə iclasında təklif edilmiş 2500 manat məbləğində kompensasiyanı tam olaraq qənaətbəxş hesab etmir. Belə ki, iş matariallarında olan rəyə əsasən, cavabdehə əvvəlki mənzilə xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşaması üçün hər ay təxminən 200 manat pul lazımdır və həmin pulun davamlı şəkildə - ən azı 3 il müddətində ödənilməsi zəruridir. Belə olan halda məhkəmə İddiaçı tərəfindən Cavabdeh 7200 (200x36) manat məbləğində kompensasiya ödənilməklə Cavabdeh ünvan 1ində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsini ağlabatan hesab edir. İddiaçı 7200 manat məbləğində kompensasiyanın ödənilməsinə münasibətdə məhkəməyə bildirdi ki, 7200 manat məbləğində kompensasiyanı ödəməyə razıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib göstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında iddiaya baxan birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarına müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləğin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləği ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğinin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər”. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, İddiaçı tərəfindən Cavabdeh 7200 manat məbləğində kompensasiya ödənilməklə Cavabdeh ünvan 1ində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməli, Cavabdeh ünvan 1ində yerləşən fərdi yaşayış evindən çıxarılmalı, Cavabdeh mübahisəli mənzildən çıxarılması kompensasiyanın verilməsi ilə eyni vaxtda icra edilməlidir. Məhkəmə Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh 7200 (yeddi min iki yüz) manat məbləğində kompensasiya ödənilməklə Cavabdeh ünvan 1ində yerləşən İddiaçı məxsus fərdi yaşayış evindən istifadə hüququna xitam verilsin. Cavabdeh ünvan 1ində yerləşən İddiaçı məxsus fərdi yaşayış evindən çıxarılsın. Cavabdeh mübahisəli mənzildən çıxarılması kompensasiyanın verilməsi ilə eyni vaxtda icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar