Məhkəmə qərarları › İş №2(064)-1139/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1139/2023

09.08.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1139/2023 09.08.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evdən pay hüququnun verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı evdən pay hüququnun verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Füzuli rayonu, Mollaməhərrəmli kəndində yerləşən ata yurdu olan evdən payının verilməsi barədə qətnamə çıxarılmasını, həmçinin mediasiyaya ödənilmiş 50 manatın cavabdehdən tutulub ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Füzuli rayonu işğal olunana qədər Füzuli rayonu Mollaməhərrəmli kəndində atasının yurdu olan 2 mərtəbəli , 3 otaq, 1 zal və 1 şüşəbənddən ibarət olan evdə yaşamış. Hazırda həmin ünvanda qeydiyyatda olmaqla məcburi köçkün kimi ünvan 1 ünvanında yaşayır. Onun xəbəri olmadan qeydiyyatı Arayatılı kənd İcra Nümayəndəliyi həmin ünvandan çıxarmış, lakin onu kənd İcra Nümayəndəliyində qeydiyyatda olan kimi saxlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin tələbinə əsasən onun ata yurdudan pay alma hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası MMnin 152, 157-ci maddəsinin tələblərinə əsasən “mülkiyyət toxunulmaz olduğuna və hər kəs özgənin sahibliyindən öz əmlakını tələb edə bildiyinə görə” mənim məcburi köçkün düşənə qədər yaşadığım və hazırda da həmin ünvanda qeydiyyatda olduğum Mollaməhərrəmli kəndindəki 3 otaqlı evdən qanuni vərəsə kimi pay alma hüququ olduğu üçün Avropa Konversiyasının 20 mart 1952-ci il tarixli qərarının tələbinə əsasən ona mübahisələndirilən evdən pay ayrılması barədə qətnamə çıxarılmalıdır. Belə ki, onun bir neçə ay əvvələ qədər xəbəri olmamışdır ki, cavabdeh qeyri-qanuni yolla həmin evi oğlu X1 adına qeydiyyata aldırmış-çıxarış əldə etmişdir. Əgər bu belədirsə, qeyri hüquqi yolla əldə olunan çıxarışın etibarsız olması barədə qətnamə çıxarılmalı və onun əmlakdan pay hüququ təmin olunmalı və ya 10.000 manat kompensasiya ödənilməlidir. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, qeyd olunan mülk ata və anasından miras qalmışdır. Odur ki, həmin evdən vərəsəlik payının verilməsini tələb edir. Cavabdeh nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının pay tələb etdiyi Füzuli rayonu, Mollaməhərrəmli kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2013-cü il tarixdən Cavabdeh oğlu X1 şəxsi mülkiyyətindədir. Belə ki, həmin ev xx.xx.2013-cü il tarixdə iddiaçının anası G.Hüseynova tərəfinən nəvəsi E.Məmmədova bağışlanmışdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, iddia predmeti olan Füzuli rayonu, Mollaməhərrəmli kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2013-cü il tarixdə iddiaçının mərhum anası G.Hüseynovanın şəxsi mülkiyyətində olmuş, xx.xx.2013-cü il tarixdə isə nəvəsi E.Məmmədova bağışlanmış və xx.xx.2013-cü il tarixdən Cavabdeh oğlu X1 şəxsi mülkiyyətindədir. Başqa sözlə desək, iddiaçının vərəsəlik payı tələb etdiyi əmlak-ev xx.xx.2013-cü il tarixdən miras əmlak hesab edilmir. Digər tərəfdən, məhkəmə hesab edir ki, İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş miras əmlakın qəbul edilməsi müddətini buraxmışdır. Belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Həmçinin iddia tələbi rədd edildiyindən mediasiya xərcinin cavabdehdən tutulması əsaslı ola bilməz və bu səbəbdən iddia tələbinin bu hissəsi də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı evdən pay hüququnun verilməsi və mediasiya xərcinin tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar