Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1213/2025 11.06.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, İddiaçı və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilə köçürülmə və cavabdehlərə maneələrin qadağan edilməsi tələbi”nə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilə köçürülmə və cavabdehlərə maneələrin qadağan edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və uşaqları 2012-ci il təvəllüdlü X6 və 2015-ci il təvəllüdlü X1 Füzuli rayonu Əhmədalılar kəndində yerləşən keçmiş həyat yoldaşı, uşaqlarının atası Cavabdeh1 ümumi paylı mülkiyyətində olan evə köçürülmələri, həmin əmlakdan onun istifadə hüquqlarının keçirilməsi üçün yaranmış maneələrin cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə 2013-cü il yanvar ayının 25-də ailə qurmuşdur. Birgə nikahdan Ümüd və Tunar adlı uşaqları anadan olmuşdur. Füzuli rayonu Ədmədadlılar kəndində dövlət tərəfindən ayrılmış həyətyanı torpaq sahəsində ev tikilmiş və o, həmin evə gəlin köçərək həmin evdə boşanana kimi yaşamışdır. Uşaqları da həmin evdə anadan olmuşlar. Evin yerləşdiyi torpaq sahəsi uşaqlarının atasının ümumi payı olduğu torpaq sahəsində yerləşir. Arxivə müraciət etdikdə təsərrüfatbaşı kitabda da ailə üzvləri kimi onun və uşaqlarının da adı qeyd edilmişdir. Keçmiş həyat yoldaşı həmin mülkiyyətin qeydə alınmasına dair şəhadətnamədə ümumi birgə payı olmaqla mülkiyyətçidir. Onlar ailə həyatı qurduqdan sonra uzun müddət həmin evdə yaşamış sonradan boşandıqdan sonra həmin evdə yaşamağa imkan verməmişlər. Hal--hazırda uşaqlarının atasının paylı mülkiyyətdə olan əmlakından istifadə etməyə çalışa da cavabdehlər buna imkan vermirlər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 iddia tələbini etiraf etməyərək bildirmişdir ki, Cavabdeh1 onun oğludur, iddiaçı gəlini olub, lakin hazırda oğlu ilə iddiaçı arasındakı nikah pozulub. Oğlu Anar hazırda həmin evdə yaşamır, oğlu da iddia tələbini qəbul etmir. Nəvələri yetkinlik yaşına çatandan sonra mübahisəli evi onlara verməyi düşünür. Hazırda iddiaçının uşaqları ilə birlikdə həmin evə köçüb yaşamasına razı deyil. Mübahisəli ev Cavabdeh2 adına rəsmiləşdirilib. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini etiraf etməyərək bildirmişdir ki, Cavabdeh1 onun oğludur, iddiaçı gəlini olub, lakin hazırda oğlu ilə iddiaçı arasındakı nikah pozulub. İddiaçının mübahisəli evə köçürülməsini istəmir. Mübahisəli ev onun adınadır. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş edir. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 2012-ci il təvəllüdlü X3 və 2015-ci il təvəllüdlü X11 atası Cavabdeh1, anası İddiaçıdır. - nikahın pozulması haqqında xx.xx.2025-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı aralarındakı nikah xx.xx.2025-ci il tarixində pozulmuşdur. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Füzuli Fillalı tərəfindən İddiaçı cavab olaraq ünvanlanmış xx.xx.2025-ci il tarixli 2-15-xx-xx/2025 saylı məktubunda qeyd edilmişdir ki, Füzuli rayon Əhmədalılar kənd İcra Nümayəndəliyinin 2011-2015-ci il illərə aid 5 saylı Təsərrüfatbaşına kitabının 12-ci səhifəsində 393 şəxsi hesab nömrəsi ilə ailə başçısı Müseyib Dadaş oğlunun 7 nəfər ailə üzvləri X4, Cavabdeh4, Cavabdeh1, İddiaçı, X8 və X1 adlarıda qeyd edilmişdir. Adına 1,88+0,60 ha həyətyanı torpaq sahaəsi, evin tikildiyi il 1961ci il evin ümumi sahəsi 96 kv.m abadlaşdırılmış yaşayış sahəsi 24 kv.m qeyd edilmişdir. -Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-(064)-1964/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 Museyib oğlu ilə cavabdeh İddiaçı arasında xx.xx.2013-cü il tarixdə Füzuli rayon Qeydiyyat şöbəsində bağlanmış, 04 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 07 iyul 2012-ci il təvəllüdlü X9 və 06 noyabr 2015-ci il təvəllüdlü X7 nikah pozulduqdan sonra anası- İddiaçı yanında saxlanılması, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq iddiaçı Cavabdeh1 Museyib oğlundan cavabdeh İddiaçı xeyrinə hər ay bir uşağa görə 190 manat olmaqla, cəmi 380 (üç yüz səksən) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. -qəbzdən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100,40 manat dövlət rüsumu ödəmişdir. -Azərbaycan Respublikası Füzuli Rayonu İcra Hakimiyyətinin Başçısının Əhmədalılar kənd inzibati ərazi X2 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-43-14/2-250/2025 saylı arayışdan görünür ki, Füzuli Rayonu, Əhmədalılar kənd sakini Cavabdeh2 həmin ünvanda özünəməxsus 584,36 kv.m həyətyani torpaq sahəsi vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1la iddiaçı xx.xx.2013-cü il tarixdə nikah bağlamışlar. Onların birgə nikahından 07 iyul 2012-ci il təvəllüdlü X9 və 06 noyabr 2015-ci il təvəllüdlü X7 doğulmuşlar. İddiaçı və Cavabdeh1 arasındakı nikah Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İddiaçı Füzuli rayonu Ədmədadlılar kəndində yerləşən evə gəlin köçdüyünü və boşanana qədər orada yaşadığını bildirərək hazırda həmin mübahisəli evə uşaqları ilə birlikdə köçürülməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Qərarda qeyd edilmişdir ki, “Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məhdud əşya hüquqları bağlı olduqları daşınmaz əşyaya olan mülkiyyət hüququnun özgəninkiləşdirilməsi halında xitam olmadıqları kimi (Mülki Məcəllənin 158.3-cü maddəsi), istənilən üçüncü şəxslərə qarşı da irəli sürülə bilərlər (Mülki Məcəllənin 158.4-cü maddəsi). Beləliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur”. Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı şəxsin mülkiyyətində olan və daşınmaz əmlak sayılan bütün yaşayış evlərinə həmin Məcəllənin 135, 139, 140, 141 və 144-cü maddələrinin müddəalarına əsasən şamil edilməlidir. Bu maddələrə müvafiq olaraq daşınmaz əmlaka dair qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlar notariat qaydasında təsdiq olunmalı və dövlət reyestrində qeydə alınmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair 27 may 2008-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli Qərarında həmçinin qeyd edilmişdir ki, “ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir”. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi qüvvəsi məcburi olan qərarlarında formalaşdırılmış və məhkəmələr tərəfindən rəhbər tutulmalı hüquqi mövqeyi ondan ibarətdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır. Qanunvericilikdə şəxsin qeydiyyatda olması, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi əsası olaraq nəzərdə tutulmamış, həmin hüququn əmələ gəlməsi mülkiyyətçi ilə bağlanan və notariat qaydasında təsdiqlənən müqavilənin olması ilə şərtləndirilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə mübahisəli mənzilinin mülkiyyətçisi arasında bu mənzildən istifadə hüququnun əmələ gəlməsi üçün notariat qaydasında təsdiqlənən müqavilə bağlanmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə nəvənin nənəsinə münasibətdə Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil olması üçün öz valideynlərindən maddi yardım ala bilməməsi və yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşaması hallarının bir bütün olaraq mövcudluğu zəruridir. İşin müəyyən edilmiş halları ilə isə, 07 iyul 2012-ci il təvəllüdlü X9 və 06 noyabr 2015-ci il təvəllüdlü X1 öz valideynləri Cavabdeh1n və İddiaçı maddi yardım ala bilmədikləri, bununla da digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə qaydasında aliment almaq hüququna malik olmaları, mülkiyyətçi ilə birlikdə yaşamaları, nəticədə Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil olmaları halı sübut edilməmişdir. İşin müəyyən edilmiş halları ilə həmçinin 07 iyul 2012-ci il təvəllüdlü X9 və 06 noyabr 2015-ci il təvəllüdlü X1 analarından ayrılmaları üçün müstəsna şəraitin mövcud olması halı sübut edilməmişdir. BMT-nin “Uşaq hüquqları Bəyannaməsi”nin (Baş Assambleyanın 20 noyabr 1959cu il tarixli 1386 (XİV) saylı qətnaməsi) 6-cı prinsipində göstərilir ki, azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasında ayrılmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddiaçının mübahisəli mənzildən istifadə hüququnun əmələ gəlməsi üçün mənzilinin mülkiyyətçisi Cavabdeh2 ilə notariat qaydasında təsdiqlənən müqavilə bağlamadığından, 07 iyul 2012ci il təvəllüdlü X9 və 06 noyabr 2015-ci il təvəllüdlü X7 isə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil olmadıqlarından, onların həmin mənzildən istifadə hüquqları əmələ gəlməmişdir. Azyaşlıların mülkiyyətçinin ailə üzvü olan ataları onları həmin yaşayış sahəsinə köçürmək hüququndan istifadə etməmiş, eyni zamanda azyaşlıların atalarının yaşayış yeri üzrə istifadə hüquqları əmələ gəlməyən mənzilə köçürülmələri onları anaları iddiaçı Səbinə Mehdiyevadan ayırma xarakteri daşıyır. Odur ki, iddia tələbi əsassızdır və təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilə köçürülmə və cavabdehlərə maneələrin qadağan edilməsi” tələbinə dair iddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100,40 manat dövlət rüsumu özünə aidd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №2(064)-1213/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1213/2025
11.06.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver