Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1318/2023 28.08.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə mərkəzi filialına qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1976-cı il tarixdən və xx.xx.1993-cü il tarixədək Füzuli rayonunda yerləşən “Qırmızı Oktyabr” sovxozunda fəhlə işləməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1976-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Füzuli rayon «Qırmızı Oktyabr» adına sovxozda fəhlə işləmişdir. 23 oktyabr 1993-cü ildə Füzuli rayonu ermənilər tərəfindən işğal olunarkən sovxozun sənədləri, həmçinin onun əmək kitabçası da hərbi əməliyyatlar və işğal zamanı məhv edilmişdir. Pensiya təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Sənədləri araşdırılmış və ona bildirmişlər ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək fəaliyyəti barəsində sənədlər milli münaqişə zəminində məhv edildiyi üçün onun xx.xx.1976- cı il tarixdən xx.xx.1993-cü il tarixədək Füzuli rayon «Qırmızı Oktyabr» adına sovxozda fəhlə işlədiyinə dair sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilməlidir. İşlədiyi sovxozun bütün arxiv sənədləri ermənilərlə aparılan hərbi əməliyyatlar zamanı məhv edildiyindən hazırda həmin sovxozun sənədlərini bərpa etmək mümkün deyildir. Füzuli rayon «Qırmızı Oktyabr» adına sovxozda fəhlə işlədiyini məhkəməyə gətirəcəyi şahidlər də təsdiq edə bilərlər. Ona görə də, məsələnin məhkəmə qaydasında həll olunması zərurəti yaranmışdır. Məhkəmə iclasında: Ərizəçi nümayəndəsi X6 ərizədə göstərilənlərlə oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tableyində DSMF iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X1 bildirdi ki, o, xx.xx.1973-cü il tarixdə Füzuli rayon “Qırmızı oktyabr” sovxozunun 3 saylı briqadasında fəhlə kimi işə qəbul edilmiş və 1980-ci ilə kimi həmin sovxozda müxtəlif işlərdə işləmişdir. Onunla birlikdə həmin sovxozda 1976-1978-ci illərdə Ərizəçi da fəhlə işləmişdir. X5 bildirdi ki, o, xx.xx.1973-cü il tarixdə Füzuli rayon “Qırmızı oktyabr” sovxozunun 3 saylı briqadasında fəhlə kimi işə qəbul edilmiş və həmin tarixdən xx.xx.1983-cü il tarixədək bu sovxozda fəhlə və ocaqçı işləmişdir. xx.xx.1983-cü il tarixdə isə Füzuli rayon 3 nömrəli (qırmızı oktyabr) üzüm emalı zavodunda işə qəbul edilmiş və demək olar ki, rayon işğal olunanadək, yəni xx.xx.1993-cü il tarixədək orada anbar müdiri işləmişdir. Onunla birlikdə həmin sovxozda 1976-1978-ci illərdə Ərizəçi da fəhlə işləmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Dövlət X8 xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, Füzuli rayon “Qırmızı Oktyabr” adına sovxozun 1976-1985-ci illərə aid sənədləri 23 oktyabr 1993-cü il tarixdə erməni işğalı zamanı Horadiz qəsəbəsində tamamilə yandırılaraq məhv edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. X2 adına olan əmək kitabçasından çıxarışdan görünür ki, onun xx.xx.1973-cü il tarixdən xx.xx.1980-ci il tarixədək Füzuli rayon 3 nömrəli üzüm emalı zavodunda fəhlə və digər işlərdə işləməsi barədə qeydlər aparılmışdır. X7 adına olan əmək kitabçasından çıxarışdan görünür ki, onun xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Füzuli rayon 3 nömrəli (Qırmızı Oktyabr) üzüm emalı zavodunda anbar müdiri işləməsi barədə qeydlər aparılmışdır. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, ərizə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Ərizəçi yaşa görə əmək pensiyasının təyin olunmasından ötrü məhkəmədən kənar qaydada aidiyyəti üzrə müvafiq orqana müraciət etmiş və ona imtina cavabı verildikdən sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materialları ilə həm də o müəyyən olunur ki, Füzuli rayon “Qırmızı Oktyabr” adına sovxozun 1976-1985-ci illərə aid sənədləri 23 oktyabr 1993-cü il tarixdə erməni işğalı zamanı Horadiz qəsəbəsində tamamilə yandırılaraq məhv edilmişdir. Göründüyü kimi, ərizəçi qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədləri üzrlü səbəblərdən təqdim edə bilmədiyinə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadığına görə məhkəmə müdafiəsindən istifadə etmək hüququndan yararlanmışdır. Ərizəçi onun xx.xx.1976-cı il tarixdən və xx.xx.1993-cü il tarixədək Füzuli rayonunda yerləşən “Qırmızı Oktyabr” sovxozunda fəhlə işləməsi faktının müəyyən edilməsini xahiş etsə də onun təşəbbüsü ilə dəvət edilmiş şahidlər T.Hacıyev və M.Qənbərov Ərizəçi 1976-1978-ci illərdə Füzuli rayon “Qırmızı Oktyabr” adına sovxozda fəhlə işləməsini təsdiq etmişlər. Həmin şahidlərin təqdim etdikləri əmək kitabçalarının surətlərindən də görünür ki, həmin şəxslərin Füzuli rayon “Qırmızı Oktyabr” adına sovxozda müxtəlif müddətlərdə işləmələri barədə müvafiq qeydlər aparılmışdır. Ərizəçi H.Məmmədovun 1978-1993-cü illərdə həmin sovxozda işləməsi onun izahatından başqa hər hansı digər mötəbər sübutlarla, o cümlədən şahidlərin ifadələri ilə təsdiqlənmədiyindən məhkəmə hesab edir ki, H.Məmmədovun həmin dövrdə işləməsi faktının xüsusi icraat qaydasında təsdiqlənməsi müəyyən oluna bilməz. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.4-cü bəndində göstərilir ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Müki-Prosessual Məcəlləsinin: 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Odur ki, məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305-309 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: Ərizə qismən təmin edilsin. Ərizəçi 1976-1978-ci illərdə Füzuli rayon “Qırmızı Oktyabr” adına sovxozda fəhlə işləməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-1318/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1318/2023
28.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver