Məhkəmə qərarları › İş №2(064)-1464/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1464/2024

14.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1464/2024 14.11.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı verdiyi “nikahın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - İddiaçı) iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə (bundan sonra – Məhkəmə) müraciət edərək Cavabdeh (bundan sonra - Cavabdeh) ilə aralarında bağlanmış, xx.xx.2024-cü il tarixli nikahın bağlandığı gündən etibarsız hesab edilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarındakı nikah aktı xx.xx.2024-cü il tarixdə 1 saylı Sumqayıt regional “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsində qeydə alınmışdır. İddiaçı bildirir ki, əslində Cavabdehlə ailə həyatı qurmamış, nişanlı olmuşlar və evlilikləri sadəcə kağız üzərində olmuşdur. Evliliyə narazı olsalar da, valideynləri israrla tələb etmişlər. Lakin tərəflərin xasiyyətləri uyğun gəlmir və ayrılmaq istəyirlər. Hər iki tərəf buna razıdır, odur ki, aralarında bağlanmış nikah aktının ləğv edilməsini və etibarsız hesab edilməsini xahiş edir. İddiaçı Məhkəməyə teleqram ünvanlayaraq iddia tələbinin təmin edilməsini və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh Məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş müvafiq sənədlər əsasında müəyyən etmişdir ki,: - İddiaçı ilə Cavabdeh arasındakı nikah aktı 1 saylı Sumqayıt regional “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 494 nömrə ilə qeydə alınmışdır (xx.xx.2024-cü il tarixli, AZ- İİ seriyalı, 613840 nömrəli nikah haqqında şəhadətnamənin surəti əsasında); - iş üzrə iddia ərizəsinin Məhkəmənin icraatına qəbul edilməsindən əvvəl keçirilmiş nikahın pozulmasına dair xx.xx.2024-cü il tarixli mediasiya sessiyasında tərəflər arasında barışıq əldə olunmuş və tərəflərin mübahisə ilə bağlı bir-birlərinə qarşı heç bir tələbi olmamışdır (xx.xx.2024-cü il tarixli Barışıq Sazişinin surəti əsasında). - Cavabdeh iddianı qəbul edir və İddiaçı ilə aralarında bağlanmış nikahın etibarsız hesab edilməsini xahiş edir (Füzuli Rayon Məhkəməsinə ünvanladığı ərizə əsasında). Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Ailə institutu tarixən vətəndaş cəmiyyətinin əsas təsisatlarından biri kimi insani dəyərlərin, mədəniyyət və nəsillərin tarixi varisliyinin qoruyucusu, sabitlik və yüksəliş təməli sayılmışdır. Ailə hər bir sivil cəmiyyətin əsasını təşkil edən, insanlığın ən ali, ülvi və saf duyğularını, nəcib niyyətlərini özündə təcəssüm etdirən ittifaq kimi dəyərləndirilmişdir. Ailə bioloji, sosial və məişət funksiyalarına görə cəmiyyətin özəyi olmaqla yanaşı, hər bir normal insanın böyük sərvəti, zinəti, həyatının mənasıdır. Ailə əxlaq, mənəviyyat kimi dəyərlərin ucalığında dayanan birlikdir. Ailə institutuna dövlətin verdiyi dəyərin nəticəsidir ki, ailənin qurulmasının əsasını təşkil edən nikahın bağlanılması şərtləri Konstitusiya ilə müəyyən edilmişdir. Konstitusiyanın “Nikah hüququ” adlanan 34-cü maddəsinə görə hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır və heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Öz əsas qayəsini Konstitusiyadan götürən ailə qanunvericiliyi ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarını tənzimləyən normaları müəyyən etmişdir. Ailə Məcəlləsinin 1.3-cü maddəsində müəyyən edilmişdir ki, ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Ailə qanunvericiliyinə görə, nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır (Ailə Məcəlləsinin 2.3-cü maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2010-cu il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir. "Nikah" və "ailə" anlayışları əlaqəli anlayışlar olsa da, onları eyniləşdirmək olmaz. Ailə üzvləri nikah və ya qohumluq əlaqələri, ümumi təsərrüfat, qarşılıqlı məsuliyyət və sosial zərurətlə birləşdirilən ər və arvad, valideynlər və uşaqlar arasında tarixən formalaşmış xüsusi münasibətlər sistemidir. Nikah isə ailənin qurulması vasitəsidir. Belə olan halda nikah ailə qurmaq məqsədi ilə bağlanmadıqda bu hüquqi nəticələr doğurmalı və nikah etibarsız hesab edilməlidir. Hazırki işin materiallarından tərəflərin rəsmi nikaha daxil olaraq məsələnin mahiyyətini tam dərk etməsi və real olaraq ailə qurmaq niyyətində olması görünmür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25-ci maddəsinə əsasən, ... tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Ailə Məcəlləsinin 28.1-ci maddəsinə görə, ... etibarsız hesab edilmiş nikah ər-arvadın qarşılıqlı hüquq və vəzifələrini yaratmır. Məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah etibarsız hesab edilməlidir. Belə ki, Ailə Məcəlləsinin 25-ci maddəsinin məzmunundan da göründüyü kimi, tərəflər nikaha girərkən onların hər ikisinin ailə qurmaq niyyəti olmalıdır. Hazırki işdə isə İddiaçı rəsmi nikaha daxil olarkən ailə qurmaq niyyətinin olmamasını bildirmişdir. Tərəflər rəsmi nikaha daxil olsalar da, ər-arvad münasibətlərində olmamış, birgə təsərrüfatı idarə etməmişlər. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə 1 saylı Sumqayıt regional “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 494 nömrə ilə qeydə alınmış nikah bağlandığı gündən etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar