Məhkəmə qərarları › İş №2(064)-1579/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1579/2025

06.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1579/2025 06.02.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Füzuli rayonu, Böyük Bəhmənli kəndində yerləşən ƏMDK yanında DƏDKR xidməti tərəfindən ********** qeydiyyat nömrə ilə onun mülkiyyətinə verilmiş torpaq sahəsindən Cavabdeh əmlakı ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia predmeti olan əmlak dövlət tərəfindən ailə təsərrüfatı üçün verilmişdir. Lakin bir müddət əvvəl həmkəndliləri olan cavabdeh onlara aid torpaq sahəsini zəbt edərək əkib becərməyə başlamışdır. Bunla bağlı ona irad bildirsələr də, nəticəsi olmamışdır. İddiaçı torpaqlarının yerinin dəqiqləşdirilməsi ilə bağlı DƏDRX-nin 6 saylı ərazi idarəsinə müraciət etmiş və müvafiq dövlət rüsumunu ödəməklə mütəxəssisin cəlb edilməsinə nail olmuşdur. Mütəxəssis yerində ölçü biçi işləri aparmış və müvafiq rəy əgər məhkəməyə lazım olarsa, məhkəməyə təqdim edilcəyini bildirmişlər. Bunla bağlı müvafiq məktubda yerdə yerində baxış keçirilməsi göstərilmişdir. Ona görə də qanuni maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərlə oxşar məzmunda izahat verdilər və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş müraciətə baxılması barədə məktubdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixli ********** nömrəli ərizəsinə baxılmış, sözügedən torpaq sahəsinə müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılmış və **********41 reystr nömrəli çıxarışda göstərilən 0.6851 ha torpaq sahəsi GPS aləti vasitəsilə ölçülmüşdür. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Füzuli rayonu, Böyük Bəhmənli kəndində yerləşən 0.6851 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş 16 dekabr 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, reyestr nömrəsi **********41, qeydiyyat nömrəsi 1**********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışla verilmiş 0.6854 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyəti hesab olunur və həmin torpaq sahəsinin bütün hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində yerləşən 0.6854 ha torpaq sahəsi İddiaçı məxsusdur. Cavabdeh isə ona aid torpaq sahəsini zəbt edərək əkib becərir. Göründüyü kimi cavabdeh tərəfindən torpaq sahəsini zəbt edərək əkib becərməsi iddiaçının torpaq sahəsinə dair mülkiyyət hüququnun, o cümlədən onun komponentləri olan sahiblik və istifadə hüquqlarının məhdudlaşdırılması ilə nəticələnmişdir. Cavabdehin bu qanuna zidd hərəkətləri iddiaçının hüquq və mənafelərinə toxunduğundan o, belə bir iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 49-cu maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. - 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. - 111-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Odur ki, məhkəmə yuxarıda qeyd olunanları yekunlaşdıraraq belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və Cavabdeh İddiaçı məxsus olan Füzuli rayonu, Böyük Bəhmənli kəndində yerləşən 0.6854 ha torpaq sahəsindən əmlakı ilə birlikdə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı məxsus olan Füzuli rayonu, Böyük Bəhmənli kəndində yerləşən 0.6854 ha torpaq sahəsindən əmlakı ilə birlikdə çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar