Məhkəmə qərarları › İş №2(064)-1653/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-1653/2023

21.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-1653/2023 21.08.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı olması faktının müəyyən edilməsinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun birinci Qarabağ müharibəsi veteran olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, orada ərizəçiyə müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Odur ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakılara əsasən iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməli və ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Belə ki, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.2-ci bəndinə qeyd olunur ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 14-cü bəndində deyilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. İddia ərizəsinə əlavə olunmuş sənədlərlə müəyyən edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubu ilə ərizəçiyə müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məhkəmə belə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən imtina olunduğu üçün iddiaçı həmin orqana qarşı inzibati icraat qaydasında Bakı İnzibati Məhkəməsinə müraciət etməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.2-ci maddələrinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddəsinin tələbinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə də, məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Repsublikası MPMin 149, 153, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı olması faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə qaytarılsın.

2. Ərizəçi izah edilsin ki, müharibə veteranı adı və vəsiqəsi verilməsindən imtina etdiyi üçün inzibati orqan sayılan Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı inzibati icraat qaydasında Bakı İnzibati Məhkəməsinə müraciət etsin.

3. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar