Məhkəmə qərarları › İş №2(064)-169/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-169/2023

21.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-169/2023 21.07.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdehin zəbt etdiyi həyətyanı sahəsindən çıxarılması və cavabdehin onun həmin həyətyanı torpaq sahəsində qanunsuz inşa etdiyi tikilinin onun öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Füzuli rayonu, Horadiz şəhərində yaşayır. ünvan 1 ünvanında fərdi yaşayış evi vardır. Cavabdeh onun qonşusudur. Təxminən bir müddət bundan əvvəl ona məlum olmuşdur ki, Cavabdeh onun orada olmamağından istifadə edərək ona məxsus olan həyətyanı torpaq sahəsinin bir hissəsini zəbt edərək orada özünə yaşayış evi tikmişdir. O, cavabdehdən bu hərəkətləri dayandırmasını və yarımçıq qanunsuz tikilini sökməsini tələb etsə də, cavabdeh onun bu qanuni əsaslı tələblərinə əhəmiyyət verməmişdir. Ona görə də, qanuni maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında: İddiaçı nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsində göstərilənlərlə oxşar məzmunda izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh əvvəlki məhkəmə baxışı iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, onun apardığı tikinti iddiaçıya məxsus torpaq sahəsinin ərazi hüdudlarının daxilində deyil. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Füzuli rayonu, Hoadiz şəhəri, Lələtəpə küçəsi ev 50 (keçmiş Q.Namazəliyev küçəsi) İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın ümumi sahəsi 155.6 kv.m-dir. Torpaq sahəsi xüsusi mülkiyyətdə olmaqla sahəsi 0,08 ha. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.08 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh tərəfindən inşa edilmiş yarımçıq tikilinin yerləşdiyi 56 kv.m torpaq sahəsinin də ərazisi müəyyən edilmişdir. Cavabdeh tərəfindən inşa edilmiş 56 kv.m yarımçıq tikilinin 29 kv.m hissəsi İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.08 ha torpaq sahəsinin ərazi hüdudlarında aparılmaqla əraziyə müdaxilə olunmuşdur. Qeyd edilən ünvanda yerləşən 0.08 ha torpaq sahəsində inşa edilmiş yarımçıq tikili altında olan 29 kv.m ərazi Cavabdeh tərəfindən istifadə edilir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, mütəxəssis rəyinə görə İddiaçı tərəfindən 96 manat Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə ödənilmişdir. Azərbaycan Respublikası ƏN Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/2724 saylı ekspert rəyindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.08 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh tərəfindən inşa edilmiş yarımçıq tikilinin yerləşdiyi 56 kv.m torpaq sahəsinin də ərazisi müəyyən edilmişdir. Cavabdeh tərəfindən inşa edilmiş 56 kv.m yarımçıq tikilinin 29 kv.m hissəsi İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.08 ha torpaq sahəsinin ərazi hüdudlarında aparılmaqla əraziyə müdaxilə olunmuşdur. Qeyd edilən ünvanda yerləşən 0.08 ha torpaq sahəsində inşa edilmiş yarımçıq tikili altında olan 29 kv.m ərazi Cavabdeh tərəfindən istifadə edilir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Füzuli rayonu, Horadiz şəhəri, Lələtəpə küçəsi (keçmiş Q.Namazəliyev) ev 50 və evin yerləşdiyi 0.08 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Qonşuluqda yaşayan Cavabdeh tərəfindən inşa edilmiş 56 kv.m yarımçıq tikilinin 29 kv.m hissəsi həmin 0.08 ha torpaq sahəsinin ərazi hüdudlarında aparılmaqla əraziyə müdaxilə olunmuşdur. Qeyd edilən ünvanda yerləşən 0.08 ha torpaq sahəsində inşa edilmiş yarımçıq tikili altında olan 29 kv.m ərazi Cavabdeh tərəfindən istifadə edilir. Göründüyü kimi, cavabdeh tərəfindən inşa edilmiş yarımçıq tikili iddiaçının torpaq sahəsinə dair mülkiyyət hüququnun, o cümlədən onun komponentləri olan sahiblik və istifadə hüquqlarının məhdudlaşdırılması ilə nəticələnmişdir. Cavabdehin bu qanuna zidd hərəkətləri iddiaçının hüquq və mənafelərinə toxunduğundan o, belə bir iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 49-cu maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yer quruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Odur ki, məhkəmə yuxarıda qeyd olunanları yekunlaşdıraraq belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və Cavabdeh İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən 0.08 ha torpaq sahəsinin 29 kv.m hissəsindən çıxarılsın və cavabdehin həmin 29 kv.m torpaq sahəsində inşa etdirdiyi tikili onun öz vəsaiti hesabına sökülsün. Bununla yanaşı, AR MPM-in 107, 115.0 və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan və iş üzrə mütəxəssisə verilməli olan 96 manat iddiaçı tərəfindən qabaqcadan ödənildiyindən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin ekspertə verilməli olan 50 manat cavabdehdən tutulmaqla MEM-in hesabına keçirilməlidir. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən 0.08 ha torpaq sahəsinin 29 kv.m hissəsindən çıxarılsın və Cavabdeh tərəfindən inşa edilmiş yarımçıq tikilinin həmin 29 kv.m torpaq sahəsinə düşən hissəsi cavabdehin vəsaiti hesabına sökülsün. Cavabdeh mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 96 manat tutularaq İddiaçı, ekspert xərcinə görə isə 50 manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ34CTRE**********00********) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar