Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-172/2025 01.04.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, iddiaçılar “Bazar” kiçik müəssisəsinin təsisçisi İddiaçı2 Alıcan qızı, “Bazar” kiçik müəssisəsinin təsisçisi və direktoru İddiaçı1 və onun etibarnamə üzrə nümayəndəsi vəkil Qanuni nümayəndə, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə iştirakları ilə İddiaçılar İddiaçı2 Alıcan qızı və İddiaçı1 cavabdehlər Füzuli Rayon İcra Hakimiyyəti və Cavabdeh2 qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı2 Alıcan qızı və İddiaçı1 cavabdehlər Füzuli Rayon İcra Hakimiyyəti və Cavabdeh2 qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Füzuli Rayon İcra Hakimiyyəti başçısının 15 may 1992-ci il tarixli sərəncamı ilə Horadiz qəsəbəsinin arxüstü adlanan hissəsindən, Laçın-Bakı magistral yolunun üst hissəsindən 0,40 ha torpaq sahəsinin “Bazar” KM-nin istifadəsinə ayrılmış hesab edilməsi, Cavabdeh2 mübahisəli torpaq sahəsinin qanunsuz zəbt etdiyi hissəsindən çıxarılması, eləcə də qanunsuz inşa etdiyi tikilinin (kafenin) öz hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq “Bazar” KM-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia ərizəsini belə əsaslandırmışdır ki, 1992-ci ildə o, yəni İddiaçı1 bacısı İddiaçı2 Alıcan qızı ilə birlikdə birgə təsisçi kimi “Bazar” kiçik müəssisəsini yaratmış və Füzuli rayon İcra Hakimiyyətinin müvafiq komissiyasında qeydiyyata aldırmışlar. 15 may 1992-ci il tarixdə kiçik müəssisənin direktoru kimi onunla Füzuli rayon İcra Hakimiyyətinin Horadiz qəsəbə nümayəndəsi X1 arasında müqavilə “müqavilənamə” bağlanmışdır. Həmin müqaviləyə əsasən Füzuli rayon İcra Hakimiyyətinin Horadiz qəsəbə nümayəndəsi X1 öhdəsinə götürür ki, Horadiz qəsəbəsinin arxüstü adlanan hissəsindən “Bazar” kiçik müəssisəsinə 0.40 ha torpaq sahəsi ayırıb versin və vaxtlı vaxtında torpaq haqqını alsın. Bu müqavilədən sonra onun tərəfindən həmin torpaq sahəsinin istifadəsinə verilməsinə dair müvafiq ərizə ilə aidiyyatı üzrə Füzuli rayon İcra Hakimiyyətinin o zamankı başçısı Ş.Abbasova müraciət olunmuş və Füzuli rayon İcra Hakimiyyəti başçısının 15 may 1992-ci il tarixli müvafiq sərəncamı ilə Horadiz qəsəbəsinin arxüstü adlanan hissəsindən, Laçın- Bakı magistral yolunun üst hissəsindən 0.40 ha torpaq sahəsi “Bazar” kiçik müəssisəsinin istifadəsinə verilmişdir. Füzuli rayon İcra Hakimiyyəti başçısının bu sərəncamından təxminən bir həftə sonra, yəni 27 may 1992-ci il tarixdə Füzuli rayon İcra Hakimiyyəti başçısının müavini, komissiyanın sədri M.P.Ağayevin və komissiyanın digər üzvlərinin iştirakları ilə Horadiz qəsəbəsinin arxüstü adlanan hissəsindən, Laçın-Bakı magistral yolunun üst hissəsindən 0.40 ha torpaq sahəsi “Bazar” kiçik müəssisəsinin istifadəsinə naturada, yəni yerində ayrılaraq təhvil verilmişdir. Bundan sonra, onlar tərəflərindən həmin torpaq sahəsində müəssisənin balansında olmaqla bir sıra obyektlər, həmçinin ictimai-iaşə obyektləri tikilmiş və 23 oktyabr 1993-cü ilə kimi, yəni Horadiz şəhəri erməni silahlı qüvvələri tərəfindən işğal olunan günə kimi istifadə olunmuşdur. Həmin bazar camaat arasında “İran bazarı” kimi də tanınmışdır. Təxminən 3 aylıq işğaldan sonra yenidən qəsəbəyə qayıtdıqlarında bütün obyektlərin yandırıldığını və tamamən dağıdıldığını görmüşlər. Bundan sonra, qaçqınçılığa baş qarışdığından həmin obyektlərin yenidən inşasına başlaya bilməmişlər. Sonradan həmin torpaq sahəsinin bir hissəsində özünə məxsus bir kafe inşa etmiş və hal-hazırda həmin kafe istifadəsindədir. İşğal zamanı evinin sənədlərinin əsiləri də yanmışdır. Həmin sənədlərin əldə edilməsi üçün aidiyyatı üzrə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Füzuli rayon filialına müracəit etsə də, əldə edə bilməmişdir. 15 may 1992-ci il tarixdə kiçik müəssisənin direktoru kimi onunla Füzuli rayon İcra Hakimiyyətinin Horadiz qəsəbə nümayəndəsi X1 arasında bağlanmış müqavilənamə və torpaq sahəsinin təhvil verilməsinə dair, eləcə də torpaq sahəsinin yerində təhvil verilməsinə dair Füzuli rayon İcra Hakimiyyəti başçısının müavini, komissiyanın sədri M.P.Ağayevin və komissiyanın digər üzvlərinin iştirakları ilə tərtib olunmuş 27 may 1992-ci il tarixli aktın surətini isə qəsəbə nümayəndəliyindən əldə etmişdir. Qəsəbənin işğalından sonra evləridə də dağıdıldığından bir müddət Bakı şəhərində yaşamışlar və qəsəbədəki evlərinin təmir işləri ilə məşğul olmuşlar. Cavabdeh2 istifadələrində olan həmin 0.40 ha torpaq sahəsinin təxminən 0.15 ha hissəsini zəbt edərək orada kafe inşa etmişdir. Hüseynin həmin torpaq sahəsinə heç bir aidiyyatı yoxdur, yəni mübahisəli torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənədi yoxdur, torpaq sahəsini özbaşına zəbt etmiş və özbaşına qanunsuz tikili tikmişdir. Ona görədə hesab edir ki, Cavabdeh2 mübahisəli torpaq sahəsini qanunsuz zəbt etdiyindən və həmçinin qanunsuz zəbt etdiyi torpaq sahəsi üzərində qanunsuz (özbaşına) tikili (kafe) inşa etdiyindən həmin tikili cavabdehin özünün hesabına sökülməli, cavabdeh torpaq sahəsindən çıxarılmalı və torpaq sahəsi boşaldılaraq bizə təhvil verilməlidir. Göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan məhkəmə qaydasında təmin olunmaqla, Füzuli rayon İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə Horadiz qəsəbəsinin arxüstü adlanan hissəsindən, Laçın-Bakı magistral yolunun üst hissəsindən 0,40 ha torpaq sahəsinin “Bazar” kiçik müəssisəsinin istifadəsinə ayrılmış hesab edilməsi və Cavabdeh2 mübahisəli torpaq sahəsinin qanunsuz zəbt etdiyi hissəsindən çıxarılması, eləcədə qanunsuz (özbaşına) inşa etdiyi tikilinin (kafenin) onun hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçılara təhvil verilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş edirlər. Məhkəmə iclasında iddiaçılar və etibarnamə üzrə nümayəndə vəkil Qanuni nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək Məhkəmədən iddialarının təmin edilməsini xahiş etdilər. Həmçinin “Bazar” kiçik müəssisəsi adlı hüquqi şəxsin hazırda mövcud olması barədə məhkəməyə hüquq müəyyənedici sənədin təqdim edilməsilə bağlı hakim tərəfindən verilmiş sual etibarnamə üzrə nümayəndə vəkil Qanuni nümayəndə tərəfindən “həmin sənədləri hal-hazırda təqdim edə bilmirik” deyə cavablandırıldı. Məhkəmə iclasında Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə qeyd olunan hüquqi şəxs ləğv olunduğundan mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri, internet informasi ehtiyatlarından əldə olunmuş məlumatları nəzərdən keçirərək, iddiaçıların və cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 44.1-ci maddəsinə görə hüquqi şəxs ləğv edildiyi üçün artıq hüquq qabiliyyətinə malik deyil. Göründüyü kimi, iddiaçılar hüquqi şəxs olan “Bazar” kiçik müəssisəsinin mövcud olması barədə məhkəməyə hər hansı bir sənəd təqdim edə bilməmişlər. Həmçinin internet informasi ehtiyatlarından əldə olunmuş məlumatlar əsasında da müəyyən olunur ki, “Bazar” kiçik müəssisəsi adlı heç hüquqi şəxs mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.8-ci maddəsinə əsasən işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 262.1-ci maddəsinə müvafiq olaraq, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə qeyd olunan hüquqi şəxs ləğv olunduğundan mülki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.8, 262, 263, 264 və 268-ci maddələrinə əsasən məhkəmə QƏRARAALDİ: İddiaçılar İddiaçı2 Alıcan qızı və İddiaçı1 cavabdehlər Füzuli Rayon İcra Hakimiyyəti və Cavabdeh2 qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-172/2025
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-172/2025
01.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver