Məhkəmə qərarları › İş №2(064)-1773/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1773/2025

19.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1773/2025 19.11.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında olan 21 yanvar 2025-ci il tarixdə Füzuli rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınan 16 nömrəli rəsmi nikah etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2025-ci ildə Cavabdeh ilə ailə qurmaq niyyəti ilə nişanlanmış və rəsmi nikah bağlamışdır. Onların rəsmi nikahları xx.xx.2025-ci il tarixdə Füzuli rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. Onlar nişanlı olduğu müddətdə Cavabdeh ilə mübahisələri pozulduqda düşünmüşdür ki, Sevincin ona qarşı etdiyi hərəkətləri vaxt keçdikcə düzələr. O, artıq başa düşür ki, onlar ayrı-ayrı adamlardır, xarakteri uyğun gəlmir. O, cavabdehlə ailə qura bilməz, münasibətləri pozulmuşdur, bərpasına ümid yoxdur. Aralarında da olan rəsmi nikah qeyriformal xarakter daşıyır. Bundan sonra münasibəti bərpa etmək mümkün deyildir. Ona görə də faktiki ayrı yaşadığı halda onların rəsmi nikahlarının etibarsız sayılmasından ötrü məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qəbul etdiyini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, onunla iddiaçı arasında sevgi münasibətləri olub. Onların ailə qurmak niyyəti olmuş, onlar bununla əlaqədar “Hə”, nişan mərasimi də təşkil etmişlər. Nikah onların hər ikisinin razılığı ilə bağlanmış, lakin sonradan xasiyyətləri uyğun gəlməmiş və toy mərasimi baş tutmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Sədatı uşaqlıqdan tanıyır. Sevinci tanımır. Sədatla Sevincin nişan mərasimi olub, amma toyları olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Sevinc bacısıdır. O, Sədatla ailə qurmaq üçün nişanlanmış, onların nişan mərasimi olmuş, bundan sonra toydan öncə nikahlarını rəsmiləşdirmişlər, lakin xasiyyətləri uyğun gəlmədiyindən toy olmamışdır. Nişanlananda evlənmək ailə qurmaq üçün nişanlanıblar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid2 Rafiq qızı da digər şahidlərlə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə tərəfləri və şahid ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ № 660352 nömrəli, nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Füzuli Rayon Qeydiyyat Şöbəsində xx.xx.2025-ci il tarixdə, 16 nömrə ilə qeyd olunaraq rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Niftəliyev, arvada Babaşova soyadı verilmişdir; - Cəbrayıl 1 saylı Mediasiya Təşkilatında tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aralarındakı nikahın etibarsız hesab edilməsinə razı olmuşlar. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, tərəflərin ailə qurmak niyyəti olmuş, onlar bununla əlaqədar “Hə”, nişan mərasimi də təşkil etmişlər. Nikah onların hər ikisinin razılığı ilə bağlanmış, lakin sonradan xasiyyətləri uyğun gəlməmişdir. İş materiallarından görünür ki, tərəflər arasında mediasiya prosesi zamanı barışıq sazişi bağlanmış, cavabdeh iddiaçı ilə aralarındakı nikahın etibarsız sayılmasına razı olduğunu bildirmişdir. Cavabdehin iddianı qəbul etməsi məhkəmə tərəfindən qəbul edilə bilməz. Belə ki, Ailə Məcəlləsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmçinin məhkəmə onu da qeyd edir ki, Ailə Məcəlləsinə əsasən nikahın bağlanma şərtləri pozulduqda, nikahın bağlanmasına mane olan hallar olduqda, nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) məhkəmə qaydasında etibarsız sayılır. Qeyd olunan hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. İddiaçı məhkəmə iclasında öz iddia tələbinin əsaslarını sübut edə bilməmiş, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Odur ki, iddia tələbi təmin edilməməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh arasında 21 yanvar 2025-ci il tarixdə Füzuli rayon Qeydiyyat şöbəsi tərəfindən 16N2 li saylı qeydlə rəsmiləşdirmiş nikahın etibarsız hesab edilməsinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh X1 arasında nikahın etibarsız hesab edilməsinə dair iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar