Məhkəmə qərarları › İş №2(064)-1864/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1864/2023

29.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1864/2023 29.11.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə, istifadə hüququnun tanınması və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı evə köçürülmə, istifadə hüququnun tanınması və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Füzuli rayonu, Zobucuq-2 qəsəbəsində iki otaqdan ibarət 378 saylı uşaqları ilə birgə köçürülməklə həmin evdə yaşayış hüququnun tanınması və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, cavabdehlə 09 oktyabr 2003-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan 10 iyun 2004-cü il təvəllüdlü X1 və 08 fevral 2012-ci il təvəllüdlü X2 adlı uşaqları doğulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyi üçün Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Birgə nikahda olduğu vaxtda məcburi köçkün olduğu üçün dövlət tərəfindən onlara 2007-ci il tarixdə Füzuli rayonu, Zobucuq-2 qəsəbəsində iki otaqdan ibarət 378 saylı ev verilmiş və onlar həmin tarixdən qeyd etdiyi evdə yaşamışlar. O, hazırda iki azyaşlı uşağı yaşamağa başqa evi olmadığından kirayədə yaşayır, bu isə ona çətindir. Ona görə də, o, Füzuli rayonu, Zobucuq-2 qəsəbəsində iki otaq, mətbəx və eyvandan ibarət 378 saylı evə üşaqları ilə birgə köçrülməklə həmin evdən yaşayış hüququnun tanınması və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsini istəyir. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsində göstərilənlərlə oxşar məzmunda izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş: Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(064)-816/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2003-cü il tarixli, 36 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Tərəflərin birgə nikahlarından doğulmuş azyaşlı 08 fevral 2012-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalmışdır. Füzuli rayon İcra Hakimiyyəti Başçısının Zobucuq qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi E.Atakişiyev tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, Füzuli rayonu, Qoçəhmədli kəndindən olan məcburi köçkün İddiaçı halhazırda Füzuli rayonu, Zobucuq-2 qəsəbəsi, 378 saylı evdə məcburi köçkün kimi müvəqqəti qeydiyyatdadır. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, ünvan 1 ünvanında 2 otaqdan ibarət olan ev AR Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən Cavabdeh istifadə və sahibliyinə verilmişdir. Cavabdeh ailə üzvləri arvadı İddiaçı həmin evdə yaşayaraq birgə təsərrüfat aparmışlar. Onların birgə nikahlarından 2012-ci il təvəllüdlü Mələk adlı qızları doğulmuşdur. Göründüyü kimi, İddiaçı Cavabdehla qeyd olunan yaşayış sahəsindən bərabər istifadə etmək hüquqlarını əldə etmişdir. Hazırda həmin ev cavabdehin sahibliyində olmaqla iddiaçıların həmin evdən istifadə hüquqlarını məhdudlaşdırır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının istifadə hüququ verilməklə azyaşlı qızı Mələklə birgə həmin evə köçürülmələri əsaslıdır. İddiaçının digər qızı 2004-cü il təvəllüdlü Cansu artıq yetkinlik yaşına çatdığından müstəqil iddiaçı qismində məhkəməyə müraciət etməklə eyni tələbi irəli sürə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 99.5. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Bununla yanaşı, iddiaçı iddia tələbində yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsini də xahiş etmişdir. Məhkəmə hesab edir ki, bu qeyri-müəyyən iddianın hazırkı mərhələdə qaldırılması əsaslı deyil. İddiaçı azyaşlı qızı Mələklə birgə qeyd olunan fərdi yaşayış evinə köçürüldükdən sonra gələcəkdə onunla digər ailə üzvü hazırkı halda sabiq əri Cavabdeh arasında yaşayış sahəsindən istifadə qaydalarında hansısa məhdudiyyətlər yaranacağı təqdirdə yenidən məhkəməyə müraciət edə bilər. Odur ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı azyaşlı uşağı xx.xx.2012-ci il təvəllüdlü X2 ilə birlikdə Cavabdeh sahibliyində olan Füzuli rayonu, Zobucuq-2 qəsəbəsi, 378 saylı evinə köçürülsün və İddiaçı həmin yaşayış sahəsindən istifadə hüquqları tanınsın. İddia tələbi digər hissədə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar