Məhkəmə qərarları › İş №2(064)-1917/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1917/2025

17.10.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1917/2025 17.10.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, İddiaçı və cavabdeh Qarabağ Regional Təhsil İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Qarabağ Regional Təhsil İdarəsinə və Füzuli rayonu Kərimbəyli kənd orta məktəbinin direktoru Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Qarabağ Regional şöbəsi) qarşı “işə bərpa tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Qarabağ Regional Təhsil İdarəsinə və Füzuli rayonu Kərimbəyli kənd orta məktəbinin direktoru Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Qarabağ Regional şöbəsi) qarşı “işə bərpa tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vahid məhkəmə təcrübəsini nəzərə alaraq Füzuli rayon Kərimbəyli kənd tam orta məktəbin direktorunun 21 iyun 2025-ci il tarixli 105 nömrəli əmrinin ləğv edilməsi, Kərimbəyli kənd tam orta məktəbin ingilis dili müəllimi vəzifəsinə bərpa olunması, 21 iyun 2025-ci il tarixdən işə bərpa ediləcəyi tarixə qədər məcburi iş buraxma müddətinə görə əmək haqqının hesablanaraq birdəfəlik ödənilməsi və mediasiya xərcinin ödənilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Qarabağ Regional şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılır ki, o, 2006-cı ildən Füzuli rayon Əkrəm Səlimov adma Kərimbəyli kənd tam orta məktəbində ingilis dili müəllimi vəzifəsində işləyirdim. 20 iyun 2025-ci ildə keçirilmiş sertifıkasiya imtahanında fəaliyyət sahəmə bilavasitə aid olmayan sualların verilməsi səbəbindən uğurlu nəticə əldə edə bilməmişəm. Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Amma 21 iyun 2025-ci ildə məktəbin direktoru Cavabdeh2 onu aldadaraq və hədə-qorxu gələrək imtahandan kəsildiyi üçün işdən azad olunmağı ilə bağlı ərizə yazmayacağı halda Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndinə əsasən işdən çıxarılacağını və belə olan halda işlədiyi 19 il iş stajının batacağını, heç bir yerdə onun işə götürülməyəcəyini, xeyrinə ödənilmiş DSMF ödənişlərinin batacağını və nəticədə gələcəkdə pensiyaya da çıxa bilməyəcəyini bildirdi. Bu hədə-qorxunun nəticəsində o, həmin gün işdən azad olunmağı ilə bağlı ərizə yazmışdır. Evə getdikdən sonra məlum oldu ki, Cavabdeh2 hədə-qorxu gələrək onu aldatmış və işdən azad olunmağı ilə bağlı ərizə yazmaq məcburiyyətində buraxmışdır. Növbəti iş günü 23 iyun 2025-ci ildə işdən azad olunmağı ilə bağlı yazdığı ərizəni rəsmi qeydiyyata düşməmiş geri götürmüşdür. Çünki ƏM-nin 69-cu maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Hazırda ərizənin əsli ondadır. Ərizənin qeydiyyata düşməmiş geri götürülməsini onun üzərində qeydiyyat ştampının, daxilolma nömrəsinin və tarixinin olmaması sübut edir. Belə ki, “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimatın (bundan sonra Təlimat) 90-cı bəndinə əsasən bütün daxil olan sənədlərdə birinci səhifənin üz tərəfinin aşağı sağ küncündə qeyd ştampı vurulur. Həmçinin həmin təlimatın 104-ci bəndinə əsasən sənədin qeydə alınması onun üzərinə qeydiyyat nömrəsinin qoyulması və qeydiyyat vərəqəsində həmin sənəd haqqında zəruri məlumatların göstərilməsidir. Hər bir sənəd təşkilatda ancaq bir dəfə qeydə alınır. Ərizəsində isə heç biri yoxdur. Ərizəni geri aldıqdan sonra 28 iyun 2025-ci ilə kimi Cavabdeh2 dəfələrlə onunla və qohumları ilə əlaqə saxlamış, yuxarıda qeyd etdiyi şəkildə hədə-qorxu gələrək işdən azad olunmağına dair ərizə verməyi ilə bağlı israr etmişdir. O, isə aldadıldığını bildiyi üçün ərizə verməkdən birmənalı şəkildə imtina etmişdir. O isə belə olan halda əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndi ilə xitam veriləcəyin bildirmişdir. Sertifikasiya imtahanında onunla eyni səbəbdən uğursuz nəticə əldə etmiş, onunla eyni tarixdə ərizə vermiş və ərizəsini geri götürmüş Günel adlı qohumu xx.xx.2025-ci il tarixdə əmək kitabçasın götürən zaman məlum oldu ki, Günel adlı qohumu Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən öz ərizəsi ilə xx.xx.2025-ci il tarixdən işdən çıxarılmışdır. Dərhal öz əmək müqaviləsini yoxlamaq üçün Əmək və Məşğulluq Altsisteminə (ƏMAS) daxil olmuş və məlum olmuşdur ki, o da Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən öz ərizəsi ilə xx.xx.2025-ci il tarixdən işdən çıxarılmışdır. Dərhal əmək müfəttişliyinə məlumat verilmişdir. Belə ki, məktəbin direktoru ərizənin şəklini ondan xəbərsiz telefona çəkmiş, ərizəni geri götürməyinə və ərizənin onda olmağına baxmayaraq onu ərizə yazdığı gündən işdən azad etmişdir. ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsinə görə işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmçinin həmin maddənin 3-1 hissəsinə görə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda xidmət keçən, yaxud müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xaricdə beynəlxalq təşkilatın orqanına işləməyə göndərilən diplomatik xidmət orqanı əməkdaşının dövlət orqanında, dövlətin adından yaradılan publik hüquqi şəxsdə, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi, dövlətə məxsus olan hüquqi şəxsdə və büdcə təşkilatında təyinatlı vəzifədə (peşədə) işləyən arvadının (ərinin) ərizəsində göstərdiyi gün onun əmək müqaviləsi ləğv edilə bilər. Qeyd edilən normanın hipotezasından göründüyü kimi, işçinin ərizəsində göstərdiyi gün əmək müqaviləsinin ləğv edilməsi bir sıra konkret hallarla şərtləndirilmişdir. Göründüyü kimi ərizədə göstərilən gün əmək müqaviləsinə xitam verilməsi üçün qanunvericilikdə tələb olunan şərtlərin heç biri mövcud olmadığı halda işəgötürən həmin gündən əmək müqaviləsinə xitam verməklə əmək qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur. Əmək və Məşğulluq Altsisteminə (ƏMAS) daxil olan zaman o da məlum oldu ki, direktor əmək müqaviləsinə xitam verilməsi haqqında əmri 29 iyun 2025-ci ildə bazar günü saat 11:54-də yaratmış, həmin gün saat 11:55-də imzalamışdır. Təlimatın 19-cu bəndinə əsasən sənədin imzalanmasının və ya təsdiq edilməsinin tarixi sənədin tarixi hesab edilir. Beləliklə əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin tarixi 29 iyun 2025-ci il olmalıdır. Həmin gün isə bazar günüdür. Əmək Məcəlləsinin 49-cu maddəsinin 5-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1- 1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz. Göründüyü kimi məktəbin direktoru Cavabdeh2 29 iyun 2025-ci ildə bazar günü geri tarixə yəni 21 iyun 2025-ci il tarixə əmr verərək sonuncu qeyd etdiyi tarixdən əmək müqaviləsinə xitam verməklə qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onun işdən çıxmaqla bağlı etirazı olmasa da, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən öz ərizəsi ilə işdən çıxarılmağa etiraz edir. Belə ki, işəgötürən onu Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) işdən azad etsə idi, o, sertifikasiyanın nəticələrini müabahisələndirəcəkdir. Belə olan halda onun hüquqları işəgötürən tərəfindən pozulmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında cavabdeh Füzuli rayonu, Kərimbəyli kənd orta məktəbinin direktoru Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini qəbul etməyərək izahatında və məhkəməyə ünvanladığı yazılı etirazında bildirmişdir ki, iddia tələbi əsassız və qanunsuzdur. Belə ki, iddia tələbində göstərilən hüquq normaları hazırki işin mövcud halı ilə uyğunluq təşkil etmir. İddia tələbində iddiaçı 21 iyun 2025-ci il tarixdə işəgötürənin adına öz iradəsi ilə işdən azad olunması barədə ərizə yazdığını etiraf etmiş və 23 iyun 2025-ci il tarixdə gəlib verdiyi ərizəni geri götürdüyünü qeyd etmişdir. Ərizəni geri götürdüyü üçün ərizənin qeydiyyata düşmədən götürdüyü üçün ərizənin icra olunmasının qanunsuz olduğunu qeyd etmişdir. 21 iyun 2025-ci il tarixdə ərizə yazmasına səbəb işəgötürənin onun sertifkasiyadan uğurlu nəticə əldə etmədiyi üçün ƏM-nin 70-ci maddəsinin müvafiq bəndi ilə işdən azad edəcəyi hədəsinin səbəb olduğunu bildirir. İddiaçı ərizənin əslinin özündə olduğunu qeyd etməklə o, ƏM-nin 69-cu maddəsinin müvafiq maddəsi baxımından həmin halın ərizənin geri götürülməsi kimi anlaşılmalı olması qeyd etmişdir. Göstərilən hallarla bağlı cavabdeh olaraq ki, ilk öncə göstərilən işdən azad olma istəyi ərizəsi iddiaçı tərəfindən şəxsən yazılmış, həmin ərizədə işdən çıxmaq istədiyi tarix qeyd edilmişdir. Bu işin mübahisəsiz halıdır. Həmin hissədə cavabdeh olaraq hər hansı etirazla bağlı sübut təqdim etmək zərurəti yoxdur. 23 iyun 2025-ci il tarixdə iddiaçının gəlib ərizəsinin geri götürməsi fikri ilə bağlı bildirir ki, iddiaçı qanunun həmin normasını səhv anlamışdır. Belə ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər və bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bəli, iddiaçı ərizəni geri götürmək dediyi norma əslində başqa cür təfsir edilmişdir. Belə ki, əmək müqaviləsini ləğv etmək barədə ərizənin qüvvədən düşməsi üçün iki hal nəzərdə tutulmuşdur: 1.İşçinin xəbərdarlıq müddəti bitənədək ərizəsini geri götürməsi barədə işəgötürənə yeni ərizə verməsi; 2. Xəbərdarlıq müddəti bitənədək ərizəni etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verməsi. Göründüyü kimi iddiaçının iş materiallarında işəgötürənə qanunda göstərilən qaydada müraciəti və bu müraciətin işəgötürənə təqdim edilməsi ilə bağlı hər hansı sübut əlavə edilməmişdir. Ərizənin geri götürülməsi hissəsində isə həmin ərizə işəgötürən tərəfindən deyil işçinin gizlincə kargüzarlıq sənədlərinin arasından gizlicə həmin ərizənin əslini əldə etməsi olmuşdur. İşəgötürən verdiyi əmrin qanunu olduğunu və həmkəndli olduqlarını düşündüyü üçün bununla bağlı hüquq mühafizə orqanlarına şikayət verməmişdir. Həmin ərizənin surəti işəgötürən tərəfindən göndərmək zərurəti ilə bağlı fotosunun çəkilməsi səbəbindən yəni, ərzəsində göstərdiyi ikinci xüsusatla bağlı qanununa əməl etməmişdir. Ümumiyyətlə qanunun tələblərinə əsəsən işəgötürən işçi ərizəsində çıxarma vaxtını göstərdiyi hallarda işdən çıxarma barədə əmr verməkdə yanlışlığa yol verməmişdir. Digər hal isə iddiaçının ərizəsinin qeydiyyata alınmadan gəri götürüldüyünü verilən əmrin qeydiyyata alınmamış ərizə əsasında verilməsinin qanunauyğun xüsusatı ilə bağlıdır. Bu hal ilə bağlı bildirilir ki, QM-də İşdən çıxması barədə ərizənin həm kağız daşıyıcıda, həm də elektron qaydada verilməsi nəzərdə tutulmuşdur. Yəni həmin ərizə işçiyə verilmiş müstəsna səlahiyyətdir. İşəgötürənin həmin ərizənin qəbulundan imtinası anlayışı mövcud deyildir. Burada əsas məsələ işçinin iradəsini ifadə etməsidir. Göstərilən ərizə iddiaçı tərəfindən şəxsən yazılmışdır. Həmin ərizə icra edilmiş, əmrlər kitabında 105 saylı əmrlə işdən çıxarılma barədə əmrin verilməsi həmin ərizənin özü-özlüyündə 105 sayla qeydiyyata düşməsi əmrin iddiaçının ərizəsi səbəb olması qeydiyyatla anlaşılmazlığı da aradan qaldırır. Hazırda kompyuter texnologiyası dövründəyik, Elekron sənəd dövriyyəsi bütün dövlət orqanlarında kargüzarlığın ayrılmaz tərkib hissəsidir. İddiaçı öz ərizəsində kargüzarlıq haqqında təlimata istinad edərkən elektron sənəd dövriyyəsi haqqında təlimat və elektron hökumət haqqında qanunun müddəalarını unutmuşdur. Yəni mövcud normalara əsasən hazırda ərizələrə ştamp və ya qeydə alma möhürünün vurulmasına zərurət yoxdur. Qeydiyyat məsələsinə gəldikdə isə yuxarıda qeyd etdiyimiz kimi həmin ərizə qeydiyyat kitabında müvafiq nömrə ilə əmrləşdirilməklə rəsmiəşdirilmişdir. Yəni 105-ci əmrin verilməsinə əsas olan sənəd iddiaçı tərəfindən verilmiş ərizədir. Digər əsas isə guya işəgötürənin iddiaçıya hədə-qorxu gələrək ərizəni yazdırdığının bildirilməsidir. İşin mübahisəsiz halıdır ki, iddiaçı keçirilmiş sertifkasiya imtahanlarından uğurlu nəticə əldə etməmişdir. Həmin ərizə iddiaçıya hər hansı təklif etməyə deyil, əksinə iddiaçının işəgötürənə öz iradəsi işdən çıxması üçün xahiş etməsinə səbəb ola bilər. Yəni burada hər hansı məcburiyyətdən söhbət belə gedə bilməz. Maraqlıdır ki, əgər iddiaçıya hər hansı ərizə yazdılmasından söhbət gedirsə, həmin vaxt iddiaçının bununla bağlı Füzuli Rayon Prokrorluğuna işəgötürənin fəaliyyətindən şikayət verilə bilərdi. Mövcud dəyişiliklərdən sonra Prokurorluq orqanlarının əmək mübahisələrinin araşdırılması ilə bağlı səlahiyyəti mövcuddur. İddiaçı Prokurorluq orqanlarına müraciət etməməklə yanaşı həmin günlərdə əmək müfəttişliyinə də şikayət etməmişdir. O, artıq işdən azad olunduqdan, əmək kitabçasını rəsmi qaydada götürdükdən sonra X8nə şikayət vermişdir. Hal həmin orqanda araşdırılmış, heç bir qanun pozuntusu aşkar edilmədiyi üçün icraata xitam verilmişdir. Yəni burada hər hansı hədə-qorxudan söhbət belə gedə bilməz. Göstərilən hallar hüquqdan sui-istifadəyə cəhd edilməsindən ibarətdir. Hazırki iş üzrə iddiaçının işdən çıxma barədə ərizəsindən görünür ki, o, məhz işdən çıxmaq istədiyi tarixi, yəni xx.xx.2025-ci il tarixi qeyd etmiş və həmin tarixdən etibarən əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Belə olan təqdirdə həmin hal işçinin işdən çıxmaq təşəbbüsü üzrə subyektiv hüququnun reallaşdırılması olaraq qiymətləndirilməlidir. Belə ki, iddiaçı bir ay ərzində işə geri qayıtma tələbini cavabdeh qarşısında irəli sürdüyünü bildirsə də, o, ərizəsində əmək münasibətlərinə xitam verilməsini istədiyi tarixi qeyd etdiyindən, işəgötürən də məhz həmin tarixdən əmək müqaviləsinə xitam verilməsini rəsmiləşdirmişdir. Bununla da iddiaçı, 1 ay müddətində xəbərdarlıq müddəti gözlənilməklə əmək müqaviləsinə xitam verilməsini tələb etmək hüququnu itirmişdir. Bütün bunları nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Qarabağ Regional Təhsil İdarəsinin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddia tələbi əsassız və qanunsuzdur. Belə ki, iddia tələbində göstərilən hallar sübut olunmur. Cavabdeh Füzuli rayonu, Kərimbəyli kənd orta məktəbinin direktoru tərəfindən Elm və Təhsil Nazirliyinin daxili portalına iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə yazılmış işdən çıxmaq barədə ərizə həmin gün daxil edilmiş və ərizəyə qeydiyyat nömrəsi verilmişdir. O həmin istemin videogörüntülərini məhkəməyə təqdim etmiş və ona tərəflərin iştirakı ilə məhkəmə iclasında baxılmışdır. O, qeyd etmişdir ki, həmin vaxt Füzuli rayonu üzrə sistemə daxil olan ərizələr bir nömrə ilə eyni qovluqda qeydiyyata alınmışdır. Həmçinin bildirmişdir ki, cavabdeh Füzuli rayonu, Kərimbəyli kənd orta məktəbinin direktoru tərəfindən iddiaçının işdən azad edilməsi əmri əmrlər kitabına daxil edilmiş və orada müvafiq sıra sayı ilə qeydə alınmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Qarabağ Regional şöbəsinə rəsmi məlumat verilməsinə baxmayaraq nüməyəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və ümumi təhsil üzrə X9 Regional Təhsil İdarəsi Füzuli rayon Əkrəm Səlimov adına Kərimbəyli kənd tam orta məktəbi direktoru Cavabdeh2 tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli 105 nömrəli əmrdən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixindən xitam verilmişdir. Əsas: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndini rəhbər tutaraq əmr etmiş, Füzuli rayon Əkrəm Səlimov adına Kərimbəyli kənd tam orta məktəbin İngilis-dili müəllimi X5 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahiş ərizəsinə əsasən 21 iyun 2025-ci il tarixdən xitam verilməsi, X1 istifadə edilməmiş məzuniyyət gününün son haqq hesab qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin təmin edilməsi, işçinin əmək kitabçasında lazımı qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir. -İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Ağdam 2 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, xx.xx.2025-ci il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin Füzuli rayonu, Kərimbəyli kənd orta məktəbinin direktoru Cavabdeh2 ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə əvvəlcədən məlumatlandırılmasına baxmayaraq, o, ilkin mediasiya sessiyasında iştirak etməmiş, bu səbəbdən mediasiya prosesinin keçirilməsi mümkün olmamışdır. -061785 saylı Əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixindən ingilis dili müəllimi işləmiş və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndini rəhbər tutaraq əmr etmiş, Füzuli rayon Əkrəm Səlimov adına Kərimbəyli kənd tam orta məktəbin İngilis-dili müəllimi X5 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahiş ərizəsinə əsasən 21 iyun 2025-ci il tarixdən xitam verilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin İddiaçı məxsus kabinetdən görünür ki, İddiaçı əmək müqaviləsinə dəyişiklik edilmiş və ona xx.xx.2025-ci il tarixdə xitam əmri yaradıldı kimi bildiriş gəlmişdir. -İddiaçı tərəfindən Füzuli rayonu, Kərimbəyli kənd orta məktəbinin direktoru Cavabdeh2 ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, İddiaçı məktəbin direktoruna öz ərizəsi əsasında xx.xx.2025-ci il tarixindən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. -Azərbaycan Respublikası Qarabağ X3 İddiaçı qızına ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilir ki, “Sizin əmək qanunvericiliyinə dair xx.xx.2025-ci il tarixli müraciətinizə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətində baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra - Məcəllə) 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin maddənin 4-cü hissəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmin maddənin 5-ci hissəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Həmin maddənin 6-cı hissəsinə əsasən işçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir. Həmin maddənin 7-ci hissəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə- qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Həmin maddənin 5-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz. Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci hissəsinə əsasən elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Qeyd olunanlara əsasən bildiririk ki, qanunvericiliyə əsasən əmək müqaviləsinə xitam verilməsi tarixinin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin imzalandığı tarixdən əvvəlki tarixə müəyyən edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur.” -xx.xx.2025-ci il tarixli, MN0024144 saylı İnzibati cərimənin şərti olaraq tərtib edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Qarabağ X7 tərəfindən Füzuli rayonu, Kərimbəyli kənd orta məktəbinin direktoru Cavabdeh2 X4 və İddiaçı əmək müqavilələrinə əmək qanunvericiliyinin tələblərinə zidd olaraq xitam verilməsi ilə bağlı onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan əməli törətdiyinə görə 1500 manat məbləğində cərimə şərti tədbiq edilmiş və törədilmiş hüquq pozuntularını aradan qaldırılması üçün ona 30 gün müddət müəyyən edilmişdir. Məhkəmə iclasında cavabdeh Füzuli rayonu, Kərimbəyli kənd orta məktəbinin “məktəb üzrə əmr kitabına” baxış keçirilmiş, İddiaçı işdən azad edilməsi əmri daxil edilmiş və orada xx.xx.2025-ci il tarixdə, 105 sıra sayı ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-2-ci maddəsinə əsasən: 1.Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. 2.Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikatlaşdırılması keçirilmir. 3.İlk dəfə işə qəbul olunanlar üç il müddətində, eləcə də azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmaya cəlb edilmirlər. 3-1. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.

4. Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən:

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən: Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı başa düşülməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil, üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na əsasən: 1.1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.2-ci və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) (bundan sonra – təhsil müəssisələri) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir. 1.2. Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. 3.1. Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçirilir. 3.2. Sertifikatlaşdırmanın keçirilməsi yerini, vaxtını və sertifikatlaşdırmanın keçiriləcəyi ixtisasları (fənləri) Nazirlik müəyyən edir və altsistemdə yerləşdirir. Sertifikatlaşdırma təhsilverənlərin tədris apardığı dildə keçirilir. 3.3. Nazirliyin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələri və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi altsistemdə sertifikatlaşdırmada iştirak edəcək təhsilverənlərin qeydiyyatını aparır və həmin təhsilverənlərin müəyyənləşdirilmiş vaxtda sertifikatlaşdırmada iştirakını təmin edirlər. 3.4. Qeydiyyatdan keçmiş hər bir təhsilverən üçün altsistemdə “Şəxsi kabinet” açılır və kabinetin şifrəsi təhsilverənin əlaqə vasitələrinə (mobil telefonuna və ya elektron poçt ünvanına) göndərilir. Təhsilverənlər sertifikatlaşdırma ilə bağlı məlumatları (sertifikatlaşdırmanın keçirilmə vaxtı və yeri barədə, yaddaş kitabçası və s.) “Şəxsi kabinet” vasitəsilə əldə edirlər. Sertifikatlaşdırmanın keçirilməsinə ən azı 1 (bir) ay qalmış onun vaxtı və yeri barədə bildiriş “Şəxsi kabinet”ə göndərilir. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş təhsilverənlərə bu bənddə göstərilən məlumatlar təhsil müəssisələri tərəfindən şəxsən təqdim olunur. Təhsilverən sertifikatlaşdırmaya yalnız şəxsiyyət vəsiqəsi təqdim etdikdə buraxılır. 3.5. Sertifikatlaşdırma zamanı qadağan olunan hərəkətlərin, habelə gətirilməsi qadağan edilən əşyaların siyahısı Sertifikatlaşdırma Şurası tərəfindən təsdiq olunur və yaddaş kitabçasına daxil edilir. 3.6. Təhsilverən sertifikatlaşdırmanın keçirilməsi ilə bağlı bu Qayda ilə müəyyən edilmiş tələbləri pozduqda, bu barədə akt tərtib edilir və həmin şəxs sertifikatlaşdırmadan kənarlaşdırılır. Təhsilverən tərəfindən bu Qaydanın tələblərinin pozulması halları sertifikatlaşdırma başa çatdıqdan sonra videomüşahidə kameralarının məlumatları əsasında aşkar edilərsə, həmin təhsilverənin sertifikatlaşdırma nəticələri Sertifikatlaşdırma Şurası tərəfindən ləğv edilir. 3.7. Sertifikatlaşdırmanın sualları təhsilverənlərin tutduğu vəzifə üzrə əmək funksiyasına, peşəsinə (ixtisasına) və tədris etdiyi fənnə aid olmaqla tərtib edilir. 3.8. Sertifikatlaşdırmanın test mərhələsində təhsilverənlərə tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına (fənnin tədrisi metodikası sahəsində yeniliklər, pedaqoji prosesin təşkili prinsipləri, təlim fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə verilən tələblər, bilik və bacarıqların qiymətləndirilməsi metodları, qiymətləndirmənin növləri və məqsədləri) və təlim strategiyalarına (müasir təlim metodları və üsulları, fəal-interaktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri və ona verilən tələblər, kurikulumun mahiyyəti və məzmunu, innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri) aid 60 (altmış) sual təqdim edilir. 3.9. Test mərhələsi kompüterdə elektron qaydada həyata keçirilir. Proqram təminatı hər bir təhsilverənə fərdi test variantı təqdim edir. 3.10. Sertifikatlaşdırmanın test mərhələsinə 120 dəqiqə vaxt ayrılır. Bu zaman fasilə verilmir. 3.11. Test mərhələsində hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 (sıfır) bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir. 3.12. Sertifikatlaşdırmanın test mərhələsinin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və təhsilverənin nəticələri test mərhələsi başa çatdıqdan dərhal sonra ona elan edilir. 3.13. Əlilliyi olan şəxslərin sertifikatlaşdırmanın test mərhələsində iştirakının təmin edilməsi üçün əlverişli şərait yaradılır. Həmçinin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş təhsilverənlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün test mərhələsinin davametmə müddəti 60 dəqiqə artırılır. 5.2. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.3. Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.4. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək Füzuli rayon Kərimbəyli kənd tam orta məktəbin direktorunun 21 iyun 2025-ci il tarixli 105 nömrəli işdən azad edilməsi ilə bağlı əmrinin ləğv edilməsi, həmin məktəbin ingilis dili müəllimi vəzifəsinə bərpa olunması, 21 iyun 2025-ci il tarixdən işə bərpa ediləcəyi tarixə qədər məcburi iş buraxma müddətinə görə əmək haqqının hesablanaraq birdəfəlik ödənilməsi və mediasiya xərcinin ödənilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, o, işdən azad edilməsi ilə bağlı işlədiyi məktəbin direktoruna 21 iyun 2025-ci il tarixdə ərizəsini verdikdən sonra həmin ərizəsini 23 iyun 2025-ci il tarixdə geri götürmüşdür. Eyni zamanda işlədiyi məktəbin direktoru ona bildirmişdir ki, onun işdən çıxarılmasına dair əmr mövcud deyil. Lakin sonradan Əmək və Məşğulluq Altsisteminə (ƏMAS) daxil olmuş və məlum olmuşdur ki, artıq onun işdən çıxarılmasına dair əmr mövcuddur. Belə ki, cavabdeh onun işdən çıxarılmasına dair əmri qeyri-iş günüdə, yəni 29 iyun 2025-ci il tarixdə Əmək və Məşğulluq Altsisteminə (ƏMAS) yükləmişdir. Məhkəmə hesab edir ki, hazırki iddia təmin edilə bilməz. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının əmək müqaviləsinə onun razılığı əsasında xitam verilmişdir. İddiaçı isə yalnız bundan sonra müdriyyətə verdiyi ərizəni geri götürdüyünü bildirir. Məhkəmə hesab edir ki, mübahisəli əmrin verildiyi tarixdə işdən çıxarılmağa dair ərizə işəgötürəndə olduğundan və geri qaytarılmadığından işəgötürən həmin ərizəni icra etməkdə haqlı olmuşdur. Belə ki, həmin dövrdə ərizə geri götürülməmiş və iddiaçının həmin ərizəni geri götürəcəyi ehtimalı cavabdehdə olmamışdır. İşdən çıxarılma barədə əmr verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Belə olan halda iddiaçı tərəfindən verilmiş ərizənin cavabdeh tərəfindən aidiyyəti üzrə saxlanılmaması, iddiaçıya geri qaytarılması əmrin verildiyi vaxt özündə olan ərizənin geri qaytarılması olaraq dəyərləndirilə və əmrin ləğv edilməsinə əsas ola bilməz. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin sistemə gec yüklənməsi də qanunvericilikdə əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi üçün əsas kimi müəyyən edilməmiş və bu məlumatların Əmək və Məşğulluq Altsisteminə (ƏMAS) gec daxil edilməsi digər hüquqi nəticələrə səbəb olan haldır. Yəni bu, işəgötürənin barəsində inzibati xəta ilə bağlı tədbir görülməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçı ilə aralarında olan əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin tələblərinin pozulması müəyyən edilmədiyindən iddia təmin edilə və iddiaçı öz əvvəlki vəzifəsinə qaytarıla bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddiaçı cavabdehlər Qarabağ Regional Təhsil İdarəsinə və Füzuli rayonu, Kərimbəyli kənd orta məktəbinin direktoru Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Qarabağ Regional şöbəsi) qarşı “işə bərpa tələbi”nə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar