Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-2038/2025 13.11.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, iddiaçı Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə iddiaçı Füzuli Rayon İcra Hakimiyyətinin Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Füzuli Rayon İcra Hakimiyyətinə məxsus olan 1049 ha torpaq sahəsindən Cavabdeh çıxarılaraq daşınmaz əmlakın iddiaçı Füzuli Rayon İcra Hakimiyyətinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqi dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2023-cü il olan, **********78 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarış əsasında Füzuli Rayon İcra Hakimiyyətinin üzərində mülkiyyyət hüququ təsdiqlənən 1049 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsindən istifadə edən Füzuli rayon Gecəgözlü kənd sakini Cavabdeh ilə Beyləqan rayon 1 saylı notariat ofisində 20 sentyabr 2023-cü il tarixdə, informasiya sistemində 3M- 470 reyestr nömrəsilə qeydə alınmış kompensasiya müqaviləsi bağlanaraq ona 49590 (qırx doqquz min beş yüz doxsan) manat kompensasiya ödənilmişdir. Müqavilənin 1.1-ci yarımbəndinə əsasən müqavilənin predmetini Füzuli Rayon İcra Hakimiyyətinin mülkiyyətində olan sözügedən 1049 ha torpaq sahəsində yerləşən daşınmaz əmlak və həmin torpaq sahəsi üzərində yerləşən tikili və qurğuların, avadanlıqların, invertarların və çox illik əkmələrin təhvil verilməsi, boşaldılması və s. müqabilində ödənilməli olan kompensasiya təşkil edir. Müqavilələrin 2.1-ci yarımbəndində, borclu müqaviləni imzaladığı və notarial qaydada təsdiq olunduğu gündən 30 (otuz) gün ərzində Kompensasiya alan müqavilənin 1.1-ci yarım bəndində göstərilən torpaq sahəsində yerləşən tikililərin ona aid hissəsini öz hesabına daşınması şərti ilə boşaldaraq Füzuli Rayon İcra Hakimiyyətinə təhfil verməsini nəzərdə tutulmuşdur. Ərizəyə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 174 reyestr nömrəli kassa məxaric sənədindən də görünür ki, sözügedən notariusun "xxxx" ASC-nin Beyləqan rayon filialında olan AZ84AİİB******************** hesab nömrəsindən Cavabdeh müqavilədə nəzərdə tutulmuş 49590 (qırx doqquz min beş yüz doxsan) manat məbləğdə kompensasiya ödənilmişdir. Ərizəyə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 096/2025-ci il tarixli bildiriş (pretenziya) məktubunda borclunun xx.xx.2025-ci il tarixə kimi müqavilə öhdəliklərini icra etməsi və əmlakı təhvil verməsi xahiş olunmuşdur (çatdırma barədə qəbz və SX054001358AZ kod). Məhkəmə iclasında iştirak edən: İddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən borclu müqaviləni imzaladığı və notarial qaydada təsdiq olunduğu gündən 30 (otuz) gün ərzində torpaq sahəsində yerləşən tikililərin ona aid hissəsini öz hesabına daşınması şərti ilə boşaldaraq Füzuli Rayon İcra Hakimiyyətinə təhfil verməlidir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş 49590 (qırx doqquz min beş yüz doxsan) manat məbləğdə kompensasiya ödənilmişdir. Lakin cavabdehə ünvanlanmış bildirişlərə baxmayaraq o, müqavilə şərtlərinə əməl etməmiş, müqavilədə nəzərdə tutulan müddətdə torpaq sahəsini boşaldaraq iddiaçıya təhvil verməmişdir. Cavabdeh izahat verərək bildirdi ki, onunla kompensasiya müqaviləsi bağlanaraq ona 49590 (qırx doqquz min beş yüz doxsan) manat kompensasiya ödənilmişdir. Sözügedən torpaq sahəsini zəbt etməsilə bağlı iddia tələbini mübahisələndirmir, halhazırda həmin torpaq sahəsini zəbt edib, lakin həmin kompensasiya müqaviləsi bağlanan zaman "xxxx" MMC-nin Şəhriyar adlı hüquqşünası onunla müqavilə bağlayaraq torpaq sahəsinin yalnız bir qisminin boşaldılması barədə onunla razılığa gəlib. Həmçinin iddiaçının nümayəndəsindən torpaq sahəsindən çıxması üçün növbəti ilin aprel-may ayına kimi ona möhlət verilməsini xahiş etdi. Mülki iş üzrə iddiaçı tərəfdən müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində icraata cəlb edilmiş "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli **********78 reyestr nömrəli çıxarış əsasında müəyyən olunur ki, Füzuli rayonu ərazisində yerləşən ümumi sahəsi 1049 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Füzuli Rayon İcra Hakimiyyətinın mülkiyyətindədir. - Beyləqan rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli kompensasiya haqqında müqavilədən görünür ki, müqavilənin predmetini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşinmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-çü il tarixli reyestr nömrəsi **********78, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Füzuli rayon icra Hakimyyolinin mülkiyyətində olan Füzuli şahəri, Füzuli rayon ərazisində yerləşən, icarədə (istifadədə) olan 1049.0 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən tikili və qurğuların, avadanlıqların, inventarların və çox illik əkmələrin təhvil verilməsi, boşaldılması və s. müqabilində ödənilməli olan kompensasiya təşkil edir. Bu Müqavilənin 1.1-ci bəndində qeyd edilən 1049.0 ha torpaq sahəsində boşaldılıb tam təhvil verilməli hissə İddiaçı tərəfindən "Azərşəkər” MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli 5-43/2-214İ/2023 saylı məktubuna əsasən birinci tərəfin İstifadəsində olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən "xxxx" MMC tərəfindən verilmiş ekspert rəyinə əsasən tikililər, qurğular, avadanlıqlar, inventarlar və çoxillik əkmələr və s.-dir. Bu Müqavilədə birinci tərəf kimi icarə (istifadə) hüququ əsasında kompensasiya alan, ikinci tərəfi kimi kompensasiya verən, üçüncü tərəfi hüquq sahibi olan Füzuli Rayon İcra Hakimiyyətidir. Müqavilələrin 2.1-ci yarımbəndində, borclu müqaviləni imzaladığı və notarial qaydada təsdiq olunduğu gündən 30 (otuz) gün ərzində Kompensasiya alan müqavilənin 1.1-ci yarım bəndində göstərilən torpaq sahəsində yerləşən tikililərin ona aid hissəsini öz hesabına daşınması şərti ilə boşaldaraq Füzuli Rayon İcra Hakimiyyətinə təhvil verməsini nəzərdə tutulmuşdur. Kompensasiyanın məbləği 49590 manat müəyyən edilir. - "Azərşəkər” MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Füzuli rayon İcra Hakimiyyəti, "xxxx" MMC və kompensasiya alanın iştirakı ilə notariat qaydasında xx.xx.2023-cü il tarixli 3M-467 saylı üçtərəfli kompensasiya müqaviləsi imzalanmışdır Müqaviləyə əsasən kompensasiya verən "xxxx" MMC müqavilədə təsbit olunan qaydada öhdəliklərini yerinə yetirərək xx.xx.2023-cü il tarixində kompensasiya məbləğinin tam həcmdə ödənişini həyata keçirmişdir. Müqaviləyə əsasən kompensasiya alan 30 günlük müddətində ona məxsus tikililəri sökmək, ərazidən daşımaq, torpaq sahəsini tam boşaldaraq ərazini tərk etmək üçün öhdəlik götürmüşdür. Həmin müddət ərzində, yəni 20 oktyabr 2023-cü il tarixinədək müqavilə öhdəlikləri tam icra edilməmiş, müqavilə tələbləri üzrə kompensasiya vəsaiti alınmış torpaq sahəsinin tam boşaldılması, həmin torpaqda olan tikililərin ərazidən təmizlənməsi, bütün təsərrüfat fəaliyyətinin dayandırılması daxil olmaqla müqavilə öhdəliklərinin 12 iyul 2025-ci il tarixədək icra edilməli olduğu bildirilmişdir. - xx.xx.2023-cü il tarixli, 174 reyestr nömrəli kassa məxaric sənədindən də görünür ki, Beyləqan rayonu 1 saylı notariat ofisinin "xxxx" ASC-nin Beyləqan rayon filialında olan AZ84AİİB******************** hesab nömrəsindən Cavabdeh müqavilədə nəzərdə tutulmuş 49590 (qırx doqquz min beş yüz doxsan) manat məbləğdə kompensasiya ödənilmişdir - xx.xx.2023-cü il tarixli kompensasiya ödənişləri üzrə "Azərşəkər” MMC tərəfindən tərtib olunmuş aktdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli kompensasiya müqaviləsi çərçivəsində ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, reyestr nömrəsi **********78, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Füzuli rayon İcra Hakimiyyətinə aid dövlət mülkiyyətində olan Füzuli rayonu, Qayıdış qəsəbəsi ərazisində yerləşən, istifadədə olan 1049 ha torpaq sahəsi və üzərində yerləşən tikili, qurğu, avadanlıq, inventar və çoxillik əkmələrin Füzuli rayon İcra Hakimiyyətinə təhvil verilib ərazinin boşaldılması və 49590 (qırx doqquz min beş yüz doxsan) manat məbləğdə kompensasiya barədə razılığa gəlmişlər. - Cavabdeh notarial qaydada verdiyi ərizədən görünür ki, X1 rayon, Qayıdış qəsəbəsi ünvanında yerləşən, istifadəsində olan torpaq sahəsindən imtina etmişdir. - Torpaq sahəsinin əvəzsiz istifadəyə verilməsinə dair xx.xx.2023-cü il tarixli sazişdən görünür ki, Füzuli rayon, Qayıdış qəsəbəsi ünvanında yerləşən, dövlət mülkiyyətində olan 1049 ha olan torpaq sahəsinin 6,5 ha hissəsindən Cavabdeh əvəzsiz istifadəsinə təminat verilir. Lakin həmin saziş yalnız Cavabdeh tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin - 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. - 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Məhkəmə yuxarıda göstərilən hüquqi aktları rəhbər tutaraq, iş üzrə tərəflərin izahatlarını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləki, işin mübahisələndirilməyən, eyni zamanda Məhkəmə tərəfindən müəyyən edilən halı ondan ibarətdir ki, iddia predmeti – hazırda cavabdehin istifadəsində olan Füzuli rayon, Qayıdış qəsəbəsi ünvanında yerləşən, dövlət mülkiyyətində olan 1049 ha olan torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Cavbdeh Beyləqan rayon 1 saylı notariat ofisində 20 sentyabr 2023-cü il tarixdə, informasiya sistemində 3M-470 reyestr nömrəsilə qeydə alınmış kompensasiya müqaviləsi bağlanaraq ona 49590 (qırx doqquz min beş yüz doğsan) manat kompensasiya ödənilməklə sözügedən torpaq sahəsindən imtina etmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh müqaviləni imzaladığı və notarial qaydada təsdiq olunduğu gündən 30 (otuz) gün ərzində müqavilənin 1.1-ci yarım bəndində göstərilən torpaq sahəsində yerləşən tikililərin ona aid hissəsini öz hesabına daşınması şərti ilə boşaldaraq Füzuli Rayon İcra Hakimiyyətinə təhvil verməlidir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini pozmuş, torpaq sahəsini boşaldacağına dair üzərinə öhdəlik götürməsinə və torpaq sahəsinə görə ona kompensasiya ödənilməsinə baxmayaraq razılaşdırılmış müddət ərzində torpaq sahəsini iddiaçıya təhvil verməmişdir. Məhkəmə Cavabdeh torpaq sahəsini boşaltmasını mümkünsüz edən maddi çətinliklərinin olmasını nəzərə alaraq ona bir neçə ay vaxt verilməsinə dair xahişinə münasibətdə bildirir ki, bu mövzuya dair tərəflər öz aralarında razılığa gəlməlidirlər. Bundan başqa Məhkəmə Cavabdeh tərəfindən təqdim edilən torpaq sahəsinin əvəzsiz istifadəyə verilməsinə dair xx.xx.2023-cü il tarixli sazişə də münasibət bildirərək qeyd edir ki, saziş iki tərəfli saziş olduğunda və yalnız Cavabdeh tərəfindən imzalandığından sonuncu üçün hər hansı hüquqi status yaratmır. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddiaçının özünə məxsus əmlakını cavabdehin istifadəsindən geri tələb etmək hüququ olduğundan İddiaçı Füzuli Rayon İcra Hakimiyyətinə məxsus olan 1049 ha torpaq sahəsindən Cavabdeh çıxarılaraq daşınmaz əmlak iddiaçı Füzuli Rayon İcra Hakimiyyətinə təhvil verilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçı Füzuli Rayon İcra Hakimiyyətinın **********78 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətində olan Füzuli rayon, Qayıdış qəsəbəsində yerləşən 1049 ha torpaq sahəsindən çıxarılsın və torpaq sahəsi iddiaçı Füzuli Rayon İcra Hakimiyyətinə təhvil verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-2038/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-2038/2025
13.11.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver